Azərbaycan xalqı hər zaman öz milli kimliyi, birliyi, həmrəyliyi ilə örnək, nümunə olub. Tarixin ən çətin dövrlərində belə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı vətən, dövlət, torpaq naminə birlik nümayiş etdirib. Xalqımızın ötən əsrin 80-ci illərindən başlatdığı milli-azadlıq hərəkatı bunun əyani təzahürüdür. Müstəqilliyi bərpa etmək, torpaqlarımızı yadelli işğallardan qorumaq üçün atılan addımlar bu gün tariximizin şanlı səhifələrindən bir kimi yüksək səviyyədə hörmət və ehtiramla qeyd edilir. 1989-cu ilin dekabrından başlanan hərəkat daha sonra özünün xarakterinə görə, azadlıq, müstəqillik mahiyyəti kəsb etməyə başladı. Xalq öz milli kimliyini bir daha ortaya qoydu.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat 1990-cı ilin 20 yanvar faciəsi zamanı da xalqımız bütün təhlükələrə, maneələrə, çətinliklərə baxmayaraq şəhidlərimizə böyük sevgi və ehtiramını nümayiş etdirdiyini söylədi: “Həmin hadisələrin səhərisi günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Bakıdakı qanlı qırğına öz etirazını bildirən ulu öndər Heydər Əliyev bu hadisələrin dünya ictimaiyyətinə çatdırılmasına misilsiz xidmətlər göstərib. Ulu öndər Heydər Əliyevin o dövr bütün təhlükələrə rəğmən cənab İlham Əliyevlə birlikdə xalqımıza qarşı törədilmiş bu qanlı terror hadisəsinin əsl mahiyyətinin beynəlxalq ictiamiyyətə çatdırılması, günahkarların cəzalanmasını tələb etməsi böyük cəsarət tələb edirdi. O zaman ulu öndər Heydər Əliyevin verdiyi bəyanatlar xalqda xüsusi hisslər yaratdı. Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılara inam verdi. Vətənə qayıdan ümummilli lider 1991-ci ilin 16 dekabrında Naxçıvan Ali Məclisinin sədri kimi dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib. Bununla da bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir”.
Millət vəkili hesab edir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının varlığının, kimliyinin açıq tərənnümü kimi də xarakterizə olunur: “Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olub. 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya azərbaycanlılarının I Qurultayı soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilib. Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb. Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bütün bunlar diaspor fəaliyyətinin daha da təkmilləşdirilməsinə, güclənməsinə təkan verdi. Məhz bunun nəticəsi idi ki, Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Cəbhədən gələn xoş qələbə xəbərləri, ərazilərimizin erməni işğalından azad olunması həmvətənlərimizi daha da ruhlandırdı. Prezident İlham Əliyevin “Mən dünyada yaşayan hər bir azərbaycanlının prezidentiyəm” kəlməsi həmrəyliyimizi daha da möhkəmləndirdi”.
Sevinc Hüseynovaya görə, bu gün qarşımızda çox mühüm vəzifələr dayanır: “Bu istiqamətlər haqqında ötən il Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayında, eləcə də digər rəsmi tədbirlərdə mühüm mesajlar verilib. Qələbədən sonra Azərbaycana, dövlətimizə, xalqımıza qarşı haqsız iddialar, böhtanlar hələ də davam edir. Buna görə də mübarizə davam etməli, xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi siyasəti daha da gücləndirilməlidir. Harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlı, öz ölkəsi, vətəni ilə qürur duyur. İllərdir, 50 milyonluq dünya Azərbaycanlıları “Azərbaycançılıq” ideologiyası ətrafında birləşib. Soydaşlarımızın qarşısında qoyulan əsas vəzifə yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi, mədəni həyatında yüksək mövqelər tutmaq, eyni zamanda tarixi Vətənləri ilə əlaqələri kəsməmək idi. Böyük Qələbədən sonra artıq diasporun da vəzifələri dəyişib, yeni reallıqlara uyğunlaşıb. Biz artıq dünya ölkələrində müzəffər xalqın nümayəndələri kimi təmsil olunuruq. Bölgədə yaranan yeni reallıqların dünya birliyi tərəfindən qəbul olunması təbii ki, bizim üstünlüyümüzdür”.
Təftiş Komisiyasınnı sədri, 2023-cü il ulu öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunduğu tarix kimi yaddaşlarımızda həkk olunduğunu söyləyib: “Ulu Öndər Heydər Əliyev ilində dahi liderin zəngin həyat və təcrübəsi, misilsiz siyasi irsi, azərbaycançılıq fəlsəfəsi, məfkurəsinin təbliği ilə bağlı ölkə daxilində, onun hüdudlarından kənarda vacib tədbirlər, görüşlər keçirilib. Bu görüşlərdə Dahi Şəxsiyyətin həyat və fəlsəfəsi, dünya görüşü bu günümüz, gələcəyimiz üçün örnək olacaq strategiyasının qalib Azərbaycanın daha da güclənməsinə, möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb. Bu il həmçinin tariximizə şanlı günlər kimi də daxil oldu. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Həmçinin bu il 19-20 sentyabr tarixlərində bir günlük lokal antiterror tədbirləri ilə Azərbaycan öz ərazisi üzərində suvernliyi tam təmin edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin noyabrın 8-də Xankəndidə Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradı qəbul etməsi və verilmiş mesajlar bu il yaddaşlara həkk olunan tarixi hadisələrdən biri idi. 2023-cü il 19-20 sentyabr tarixində Azərbaycan Ordusunun böyük peşəkarlıqla, heç bir mülki obyektə və şəxsə zərər vurmadan həyata keçirdiyi lokal antiterror tədbirləri separatçıların ağ bayraq qaldıraraq təslim olması ilə yeklunlaşdı 8 noyabr 2020-ci ildə Azərbaycan Ordusu erməni silahlı qüvvələri məğlub etməklə düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmişdisə, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətin təmin olunması ilə ərazi bütövlüyümüz tam bərpa edilmişdi. 2023-cü sentyabrın 20-də qələbə ilə yekunlaşmış lokal antiteror tədbiləri isə dövlət suverenliyimizin tam bərpası ilə yekunlaşdı. Azərbaycan ərazisində separatizmə birdəfəlik son qoyuldu. Bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edildi. Təbii ki, bu tarixi uğurlar heç də qısa zamanda əldə edilə biməzdi. Son 20 ildə cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən uğurlu praqmatik siyasət məhz bu reallığın təmin edilməsinə, tarixi qələbənin yaxınlaşmasına hesablanmışdı. Qələbənin əldə edilməsində isə güclü ordu, güclü iqtisadiyyatla yanaşı vətənpərvərlik amili başlıca prinsipdir. Vətənpərvər qəhrəmanlarımızın rəşadəti sayəsində Azərbaycan öz ərazi bütövlüyünü suverenliyini bərpa etdi, regional və qlobal miqyasda yeni bir reallıq yaratdı.
Təftiş Komissiyasının sədri bildirdi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən tarixi qələbə və bu il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavən, Xocalı və Xankəndidə şanlı Azərbaycan Bayrağının ucaldılması hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrildi: “Vaxtilə bu tarixi Azərbaycan torpaqlarından xalqımıza, dövlətimizə qarşı hədə-qorxu gələnlər öz layiqli cəzalarını aldı. Qarabağ Azərbaycandır! deyimi öz prinsipiallığını təmin etdi. Ermənistan və ona havadarlıq edənlər Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilmədi. Tarixi ədalət və beynalxalq hüquq bərpa edildi.
Məhz dünya azərbaycanlılarının həmrəyliyi tarixi Qələbəmizə öz töhfəsini verdi. Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində xidmətləri də Qələbəmizə layiqli töhfə oldu”.