Azərbaycan vətəndaş cəmiyyəti inistutlarının, QHT təmsilçilərin Şuşa-Xankəndi yolunda keçirdiyi etiraz aksiyasının ciddi əsasları var. Etirazların əsas səbəbi Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmasıdır. Çünki 30 il bu əraziləri işğalda saxlayan Ermənistan burada ekoloji terror həyata keçirib. Burada tək insanlığa, dinc azərbaycanlılara qarşı terror, soyqırım həyata keçrilməyib. Ermənistan dövləti özünün mahiyyətinə uyğun olaraq ətraf mühitə də ciddi ziyan vurub. Çox təəsüflər olsun ki Ermənistan tərəfindən bu siyasət indi də davam etdirilir. Erməni tərəfinin bu qanunsuz əməllərinə isə həmin ərazilərə müvəqqəti nəzarət edən rus sülhməramlıları şərait yaradır.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, 10 noyabr üçtərəfli razılaşmaya uyğun olaraq ərazidə bir nəfər edə olsun erməni silahlısı qalmamalı idi: “Bölgədə təhlükəsizliyə, sülhə birbaşa cavabdeh olan rus sülhməramlıları bu prosesin icrasına nəzarət etməli idi. Amma sülhməramlılar əraziyə yerləşdiyi gündən hələ də bu ərazilərdə qalmış separatçıların himayəçisi rolunda çıxış etməyə başladı. Məhz son iki il ərzində bu ərazidən yenidən Azərbaycan Ordusuna qarşı edilən təxribatlar bu amildən qaynaqlanır. Çünki Ermənistanla Azərbaycan ərazisində yaşayan etnik ermənilərin əlaqəsinə təminat verən Laçın yoluna nəzarəti rus sülhməramlıları həyata keçirib. Bu nəzarətin isə necə olduğu ilə bağlı kifayət qədər ciddi faktlar mövcuddur. Çünki bu yoldan qeyri-qanuni keçidlərlə yanaşı Azərbaycan ərazisinə separatçılara dəstək üçün silah-sursat, minalar daşınıb. Bu günlərdə azad edilmiş ərazilərdə basdırılmış, aşkar edilmiş və faciəvi hadisələrə səbəb olmuş minaların məhz 2021-ci ildə Ermənistanda istehsal edildiyi aşkara çıxıb. Bütün bunlar onu göstərir ki, sülhməramlılar Laçın yolunda daşınan hərbi əhəmiyyətli yüklərə nədənsə göz yumub. Bu yaxınlarda 27 nəfər İran vətəndaşının da məhz bu yoldan Azərbaycan ərazisinə keçdiyi, burada müxtəlif təlimlərdə separatçılarla əlaqələrdə iştirakı təsdiqlənib”.
Deputat deyib ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, rus sülhməramlıları tərəfindən bağlanıb: “Yaxşı olardı ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan ərazilərində baş verən hadisələri şərh etmək əvəzinə götürdüyü öhdəliklərin icrasına diqqət ayırsın. Çünki indiki şəraitdə Ermənistan hakimiyyətinin sərgilədiyi mövqe onun Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı götürdüyü öhdəliklərlə daban-dabana ziddiyyət təşkil edir”.
Aqil Məmmədova görə, əslində Ermənistan davranışları ilə bütün beynəlxalq konvensiyaları açıq şəkildə pozmaqla məşğuldur: “Çünki bir ölkənin ərazisində ona məxsus təbii sərvətlərin başqa bir dövlət tərəfindən qanunsuz şəkildə istismarını beynəlxalq hüquq qadağan edir. Bununla bağlı ATƏT, BMT, AŞPA-nın vacib qərarları və qətnamələri mövcuddur. Ermənistan həmçinin 10 noyabr 2020-ci il tarixli Bəyanatın 4-cü, 6-cı, 9-cu bəndlərini icra etməkdən boyun qaçırır. Bütün bunların fonunda isə Azərbaycan yenə də özünün məsuliyyətli dövlət imicinə sadiq qalaraq ərazisində yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazır olduğunu bəyan edib. Azərbaycanlı aktivistlərin, fəalların aksiyası qəti şəkildə Qarabağdakı ermənilər üçün hər hansı bir təhlükə yaratmır. Hətta bu aksiya zamanı da Qarabağ erməniləri üçün humanitar məqsədli yüklərin daşınmasına şərait yaradılır”.
Qeyd edək ki, cari ilin dekabrın 3-də İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Lakin Qarabağdakı separatçılar monitorinqin aparılmasına əngəl törədib, sülhməramlılar isə onların qarşısını almayıb.