Azərbaycan ərazisi beynəlxalq birlik tərəfindən tanınır və qəbul edilir. Ölkəmiz BMT-yə məhz beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyü müstəvisində daxil olub. Bu o deməkdir ki, Azərbaycan Avropa Şurasına və digər beynəlxalq təşkilatlara da üzv olarkən onun ərazi bütövlüyü və suverenliyi məhz indiki reallıqda təsbit edilib. Bu gün Azərbaycan məhz öz ərazisi daxilində inzibatı addımlar atır. Atılan bu addımlar ölkə Konstitusiyasına, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, 30 il Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda saxlanıldığı, bir milyon azərbaycanlının öz ölkəsində qaçqın və məcburi köçkün edildiyi, etnik təmizləməyə məruz qaldığı dövrlərdə heç bir beynəlxalq təşkilat və yaxud media orqanı bununla bağlı açıq mövqe ortaya qoymadı: “Halbuki Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edərkən burada yaşayan dinc azərbaycanlılara qarşı divan tutmuş, etnik təmizləmə, soyqırım cinayətləri törətmiş, insanları zorla öz yaşayış yerindən deportasiya etmişdir. Beynəlxalq hüquqda bu cinayət kimi təsbitini tapmış məsələlərdir. Ermənistan Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım həyata keçirib. Digər yaşayış yerlərində insanların şəxsi əmlakı, dövlət infrastrukturu talanıb, dağıdılıb yerləbir edilib. Amma beynəlxalq hüquq, beynəlxalq ictimaiyyət yenə də susub. Bu qanlı cinayətə etiraz edilməyib”.
Millət vəkili bildirib ki, Azərbaycan 2020-ci ildəki 44 günlük II Qarabağ müharibəsində özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin olunub: “Ölkəmiz BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmasını tələb edən qətnamələrini təkbaşına icra edib. Bu halda isə Azərbaycan beynəlxalq birlik tərəfindən təzyiq və təsirlərə məruz qalıb. Bu gün Azərbaycan özünün suveren ərazisində hüquqi addımlar atır. Bu addımlar Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Amma buna baxmayaraq erməni təbliğatı və onun əsarətində olan ölkələr və bəzi media quruluşları həqiqəti təhrif etməklə, yalan informasiyaları tirajlamaqla məşğuldur”.
Deputat hesab edir ki, Laçın sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suveren ərazisində qurulub: “Bu Azərbaycan qanunlarına, ölkəmizin tərəfdaş çıxdığı normalara uyğundur. Hər bir ölkə öz sərhədlərinin təhlükəsizliyini və suverenliyini qorumaq hüququna malikdir. Ermənistanın ucuz təbliğatının, burada “blokada” və “hümanitar” böhran vəziyyəti ilə bağlı yaratdığı şounun heç bir əsası yoxdur. Fransa hökumətinin hər zaman olduğu kimi Ermənistana qahmar çıxması bu ölkədə fəaliyyət göstərən media quruluşlarının səhiflərində də yer alıb. Reallıq odur ki, Fransa hakimiyyəti başda prezident Emmanuel Makron olmaqla Ermənistanın əsassız iddiaları naminə var-gəl edir. Bu sırada Fransa mətbuatı xüsusi ilə “Le Monde” qəzeti özünün qərəzli materialları ilə həqiqətdən uzaq yanaşmaları tirajlamaqla məşğul olur. “Le Monde” qəzeti əslində Makronun riyakarlığının açıq ruporuna çevrilib. Digər vaxtlarda medianın qərəzsiz olmasından, ölkələrin ərazi bütövlüyü və suverenliyinə olan hörmətdən dəm vuran Fransa bu gün özünün siyasi riyakarlığını ifadəsini məhz “Le Monde” qəzetinin səhifələrində biruzə verir. Beynəlxalq mətbuat adına və fəaliyyət etikasına zidd olaraq bu gün “Le Monde” və Fransada nəşr olunun bir çox qəzetlər Ermənistanın əsassız iddialarının ucuz təbliğatçısına çevrilib. Sözsüz ki, bu onların fəaliyyət tarixləri üçün utancverici bir dövr kimi yadda qalacaq”.