Fransa 30 ilə yaxın ATƏT-in Minsk Qrupunun üzvü olduğu dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir müsbət irəliləyişə nail olunmadı. Hər zaman ermənipərəst mövqe tutan Fransa Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktına bu və ya digər şəkildə haqq qazandırmağa çalışırdı. Özünü Ermənistanın himayəçisi kimi aparan bu ölkə onun işğal faktına göz yumurdu. İşğala məruz qalmış Azərbaycanla, işğalçı Ermənistana qarşı münasibətdə Fransa təcavüzkarın yanında yer alırdı.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, II Qarabağ müharibəsi dövründə də Fransa öz ampulasında idi: “Ermənistanın təxribatları fonunda Azərbaycanın haqlı mübarizəsi əsasında başlamış olan Vətən müharibəsində Fransa işğalçıya, separatizmə açıq dəstək verdi. Azərbaycanın beynəlxalq hüquq və birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütötlüyü daxilində apardığı hərbi əməliyyatları Fransa özü üçün başlıca problemə çevirmişdi. Halbuki Azərbaycan bu gün Ermənistanın və Fransanın imdad dilədiyi BMT qətnamələrini təkbaşına icra edirdi. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq bu ali təşkilatın çıxarmış olduğu qətnamələri yəni, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktına son qoyulması prinsiplərini təminatçı olmalı olan Fransa, əksinə təcavüzkara sona kimi dəstək verdi”.
Millət vəkili hesab edir ki, post-münaqişə dövründə də Fransanın davranışlarında heç bir dəyişiklik baş vermədi: “Azərbaycanın iqtisadi-siyasi uğurlarını həzm edə bilməyən Fransa davamlı olaraq ölkəmizə qarşı anti-təbliğat aparır. Erməni lobbisinin əlində oyuncaq olan Fransa prezidenti Emmanuel Makron ölkəsinin problemlərini unudub ancaq Ermənistan üçün dəridən-qabıqdan çıxır. Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin açılması iddiası ilə Ermənistanın BMT Təhlükəsizlik Şurasındakı son uğursuzluğu Fransa üçün dərs olmayıb. Bu günlərdə Fransa hakimiyyəti BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı sərhəd-buraxılış məntəqəsi ətrafında baş verən proseslər və “hümanitar” vəziyyətlə bağlı qərar layihəsini müzakirəyə təqdim etməyə hazırlaşır. Bu Fransanın anti-Azərbaycan mövqeyinin növbəti açıq təzahürüdür. Amma sözsüz ki, hər zaman olduğu kimi bu dəfə də Makron və erməni lobbisinin iddiaları alt-üst olacaq. Yenə də Azərbaycan diplomatiyası, siyasi gücü, dostlarının dəstəyi ilə prosesdən qalib ayrılacaq”.
Deputat bu günlərdə “humanitar yük”lə Paris merinin Ermənistan-Azərbaycan sərhəddinə gələcəyi ilə bağlı məlumatlar yayılıb: “Bu da növbəti təxribat cəhdirir. Ərazi bütövlüyü və suverenlik prinsiplərinin kobud şəkildə pozulmasıdır. Fransa hökumətinin də tərəfdar çıxdığı ölkələrin ərazi bütövlüyünün pozulmaması, sərhədlərinin toxunulmazlığı haqqında prinsiplər kobud şəkildə ayaqlar altına alınması deməkdir. Bu Fransanın Azərbaycana qarşı davam edən təxribatçı fəaliyyətlərindən biri olacaq. Fakt odur ki, Qarabağ separatçıları Bakıdan göndərilən humanitar yükü qəbul etməyəcəklərini açıqlayıblar. Çünki separatçılar Fransanın erməni lobbisinin təsiri ilə Ermənistana gələcək Paris meri Ann İdalqonun təxribatının nəticəsinə ümid edir. Paris meri “humanitar yük”lə Azərbaycan sərhədinə gəlməyi planlaşdırır. Amma reallıq odur ki, erməni lobbisi Paris merini zərbə altında qoyacaq. Çünki həmin mer Azərbaycan ərazisinə heç bir halda daxil ola bilməyəcək. Bununla da Ermənistan hakimiyyəti Qarabağ separatçılarıyla birgə bu səfərdən də nəticə əldə etmədikdən sonra növbəti çıxılmaz vəziyyətlə üzləşəcəklər”.
Sevinc Hüseynova hesab edir ki, Qarabağda yaşayan erməni sakinləri üçün yeganə çıxış yolu Azərbaycanın təklif etdiyi reinteqrasiya prosesidir: “Bununla da onlar öz təminatlarına və təhlükəsizliklərinə zəmanət almış olacaqlar. Azərbaycanın erməni əsilli dinc sakinlərlə bağlı təklif etdiyi konsepsiya var. Ölkəmizdə yaşayan digər etnik qrupların təmsilçiləri kimi erməni əsilli sakinlər də Azərbaycan Konstitusiyasına uyğun normal yaşamaq, fəaliyyət göstərmək hüququ qazanacaqlar. Bunun əksinə olacaq proseslər isə onların özlərinə zərbə vuracaq”.