Tarixdə heç bir cinayət bağlı qalmamaqla yanaşı, cəzasız da qalmır. 90-cı illərin əvvəllərində Azərbaycandakı qeyri-müəyyənlikdən, hakimiyyətsizlikdən, xaos və anarxiyadan özünün çirkin mahiyyəti üzrə istifadə edən təcavüzkar Ermənistan ərazilərimizi bir-birinin ardınca işğal etməyə başladı. Dövlət səviyyəsində terror mahiyyəti daşıyan Ermənistan bu işğalları dinc azərbaycanlılara qarşı amansız divan tutmaqla həyata keçirirdi. Xocalıda, Meşəlidə, Başlıbeldə, Malıbəylidə və digər ərazilərimizdə erməni cəlladları dinc azərbaycanlılara amansız divan tutub, soyqırım, etnik təmizləmə siyasəti həyata keçirib. Amma Azərbaycan xalqı özünün milli kimliyini, qürurunu heç vaxt ayaqlar altında qoya bilməzdi. Sadəcə olaraq xalqı öz arxasınca apar bilən lider olmalı idi. Bu isə tarixi Şəxsiyyət ulu öndər Heydər Əliyev oldu.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ulu öndərin müdrik siyasəti nəticəsində Azərbaycan yox olmaq, parçalanmaq təhlükəsindən xilas oldu: “Milli birliyin əsası qoyuldu. Onun ən layiqli davamçısı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə isə 44 gündə Azərbaycan Ordusu döyüş meydanında şəhidlərimizin qisasını aldı, ərazi bütövlüyümüzü bərpa etdi. Bu gün isə yeni bir reallıq yaranıb. Bu reallıq ədalətin bərpasına sülhün, təhlükəsizliyin təşviqinə xidmət edir. Bununla yanaşı Azərbaycan xalqına qarşı divan tutmuş, soyqırım siyasəti həyata keçirmiş erməni caniləri də cəzasız qalmır. Məhz vaxtilə Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri hərbi caninin Laçın buraxılış postunda saxlanılması da bu proseslərin tərkib hissəsidir”.
Deputat bildirilib ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etməyə görə Xaçaturyan Vaqif Çerkezoviç saxlanılıb: “Vaxtilə Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif qanlı cinayətlərə əl atıb. Bu qanlı terror aktı nəticəsində azərbaycanlı milliyyətindən olan 25 nəfəri öldürülüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salınıb”.
Məlahət İbrahimqızı vurğulayıb ki, bu gün azərbaycanlilara divan tutduğuna görə, Azərbaycan qanunları qarşısında cavab verməli olacaq V.Xaçaturyanın etirafları, onun digər hərbi canilərin də ifşası ilə bağlı verəcəyi açıqlmalar Ermənistanın terror və təcavüzkar mahiyyətinin növbəti dəfə ifşası olacaq: “Bu hadisə göstərir ki, Azərbaycan dövləti heç nəyi unutmur. Azərbaycan xalqına qarşı cinayət törətmiş hər kəs cəzasını alacaq. Fakt odur ki, bir neçə gündür Azərbaycan qanunlarını heçə sayaraq ölkəmizin ərazisinə heç bir razılaşma olmadan hümanitar yardım göndərməklə təxribata, şantaja əl atan Ermənistan indi də terrorçunun müdafiəsinə qalxır. Bu bir daha bu dövlətin mahiyyətini açıb göstərir”.
Qeyd edək ki, keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.