Cənubi Qafqazın lideri dövləti olan Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq var. Ölkəmizlə daha geniş spektorda əməkdaşlıq edən dövlətlərdən biri də Albaniyadır. Azərbaycanla Albaniya arasında münasibətlər son illər dinamik inkişafa malikdir. Artıq bu inkişafın nəticəsi olaraq münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Albaniya prezidenti Bayram Beqayın ölkəmizə rəsmi səfəri mövcud əlaqələrin inkişafına müsbət təsir göstərəcək: “Bu gün Azərbaycanla Mərkəzi və Şərqi Avropa ölkələri arasında sıx əməkdaşlıq mövcuddur. Bu xüsusda Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı diqqət mərkəzindədir. Eyni zamanda Azərbaycanın xarici siyasət kursunda bu ölkələrlə əlaqələri daha da genişləndirmək mühüm önəm kəsb edir. Məhz bu kontekstdə səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniya prezidenti Bayram Beqayın təkbətək və geniş tərkibli görüşündə iki ölkə arasında əlaqələrin uğurlu inkişafından bəhs edilib. Eyni zamanda iki ölkə arasındakı gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub”.
Deputat bildirib ki, Azərbaycan və Albaniya beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığa malikdir: “Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Ölkəmiz də öz növbəsində Albaniyanın ərazi bütövlüyünə dəstək verib. Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda saxlanıldığı və II Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək unudulmayıb. Ölkələrimiz həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatında bir-birinə dəstək verir. Albaniyanın ötən il Frankofoniya Sammitində Azərbaycana verdiyi dəstək də yaddan çıxmayıb”.
Millət vəkili bütün sahələrlə yanaşı iki ölkə arasında enerji məsələsində fəal əməkdaşlığın olduğunu söyləyib: ”Bu bir faktdır ki, Azərbaycanla Albaniya enerji sektorunda sıx əməkdaşlıq edir. TAP layihəsi bu uğurlu əməkdaşlığın məntiqi nəticəsidir. Öz növbəsində Albaniyanın TAP-dan faydaları böyükdür. Bu iqtisadi əhəmiyyyət daşımaqla yanaşı regional enerji qovşağı kimi strateji önəm kəsb edir. Sözsüz ki, Adriatik-İonik qaz kəməri Albaniyanın regionda qazpaylayıcı kimi rolunu artıracaq. Bütün bunlarla yanaşı hər iki ölkə arasında digər sahələrdə də əməkdaşlıq uğurla inkişaf edir”.