Prezident İlham Əliyevin 2023-cü il mayın 8-də “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamı bəşəri, insani dəyərlərə olan yüksək qiymətin bazir nümunəsidir. Bu il müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ölkəmizin tarixində əlamətdar hadisə kimi qeyd edilir. Ulu Öndərin əbədiyaşar əziz xatirəsini dərin hörmət və ehtiramla yad olunur. Onun bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə bir daha nəzər yetirilir. Eyni zamanda dahi liderin demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində misilsiz xidmətləri, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verməsi bir daha xatırladılır.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Onun fikrincə, Prezident İlham Əliyevin hümanist qararı ilə cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə ümidvarıq: “Bu cür yüksək qərarlar məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq verilən hümanist addımdır”.
Millət vəkili qeyd edib ki, ölkə başçısının Sərəncama əsasən 801 məhkum əfv olunub: “Onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib. Eyni zamanda əfv edilmiş məhkumlardan 14-ü xarici ölkə vətəndaşıdır. Sərəncamla onlardan 12-i cəzadan tam, 2-i isə cəzanın yarı hissəsindən azad olunub. Müvafiq hökmlərə əsasən cəzadan azad olunduqdan sonra 4 xarici ölkə vətəndaşının Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcək. Həmçinin Sərəncamla hüquq müdafiə təşkilatlarının müraciətləri əsasında 10 məhkum da cəzasının çəkilməmiş hissəsindən azad edilib”.
Deputat vurğulayıb ki, ölkə başçısının bu Sərəncamı şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan tarixində qəbul edilmiş ən böyük əfv aktıdır: “2018-ci il 24 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş Əfv Sərəncamı 634 məhkuma şamil edilmişdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə qəbul edilmiş Əfv Sərəncamının may ayının 10-dək icra olunması planlaşdırılması da mühüm əhəhmiyyətə malikdir. Dahi Liderin 100 illik yubileyi günü yüzlərlə ailədə sevinc yaşanacaq və bu insanlar bir daha Azərbaycan xalqının bu günü və gələcyi naminə fədakar xidmətlər göstərmiş Şəxsiyyətə öz dərin hörmət və ehtiramlarını ifadə edəcəklər”.