“Təbəssüm Yarat” komandası bu dəfə digər səfərlərindən fərqli olaraq milli, özəl və olduqca şərəfli bir missiyanı uğurla başa vurub.
Siyasətinfo xəbər verir ki, komanda “Zəfər yolu” Müharibə iştirakçılarına və Şəhid ailələrinə Humanitar dəstək İctimai birliyi və NurArtHouse Qalareyasının təşkilati dəstəyi ilə şəhid ailələrinin övladlarına “Bahar Ətirli Novruzum” adlı bayram şənliyi keçirib.
Yardımsevər insanlardan toplanan ianələrlə şəhid əmanətlərinə hədiyyələr təqdim edib, bayram ab-havası yaradıblar.
Xatırladaq ki, “Təbəssüm Yarat” kənd məktəblərinə yardım kampaniyasını ilk dəfə 2017-ci ilin aprel ayında təşkil edib. Kənd məktəblilərinə yardım kampaniyası 5 il ərzində Azərbaycanın müxtəlif ucqar rayonunda – Daşkəsən, Ağdam, Ağcabədi, Astara Quba, Lerik, Şəki, Tovuz və Gəncədə baş tutub. 20-yə yaxın könüllünün fəaliyyət göstərdiyi təşkilatın məqsədi yardımsevər insanlar tərəfindən gələn ianə hesabına ucqar dağ kəndində təhsil almağa çalışan şagirdlərin tədris həyatına dəstək vermək, onları sevindirmək, təhsilə və idmana maraq yaratmaqdır.
Əgər siz də bu yardım kampaniyalarına dəstək olmaq istəyirsinizsə, “Təbəssüm yarat” komandasının sosial media hesablarına müraciət edə bilərsiniz.