Zamanın qaranlıq şəhərlərində indiyə qədər işıqlanmayan dalanlar, küçələr var. Bu dalanlarda zamanında tarix yazan şəxsiyyətlər bu gün qaranlıqdan, zamanın onları nə zaman aydınlığa çıxaracağı günü gözləyirlər.
Belə şəxsiyyətlərdən biri də Qərbi Azərbaycanda, İrəvan şəhərində doğulmuş, erməni daşnaklarıyla erkən yaşlarında mücadiləyə başlamış, Türkiyədən, İrandan köçürülən ermənilərin Qərbi Azərbaycana yerləşdirməsinə kəskin etiraz edən və bunun üçün Ermənistan sovet hakimiyyəti tərəfindən Qərbi Azərbaycandan uzaqlaşdırılan, represiya qurbanı olan Saleh Güllücinskidir.
Saleh Güllücinski 1899-cu ildə İrəvanın sayılıb seçilən ailəsində: Məşədi Teymur və Leyli xanımın ailəsində dünyaya göz açıb.
Məşədi Teymur və Leyli xanım özləridə Irəvanın köklü ailərindən olub. Onlar 5 övladı böyüdüblər: Saleh, Məmməd, Rübabə, Ləzifə, Şövkət.
Ailə o zamanın maarifpər, ziyalı ailəsi olduğundan övladlarının hamısına təhsil verib.
Saleh Güllicinski erkən yaşında Puşkin adına rus Tatar məktəbini, daha sonra 1916-cı ildə, 17 yaşında İrəvan Müəllimlər Seminariyasını bitirir.
1918-ci ildə Qərbi Azərbaycanda qətliamlar törədən daşnaklara qarşı mübarizəyə qoşulur. Ailəsi dəfələrlə qırğınlardan qurtulmaq üçün Türkiyəyə getmək məcburiyyətində qalsada sonradan yenidən geri evlərinə dönürlər.
1920-ci ildə Qərbi Azərbaycanda Sovet hakimiyyəti qurulan zaman daşnaklara qarşı daha fəal mübarizə aparmaq üçün Irəvanın bir çox gənc ziyalıları kimi Saleh də inqilabi mübarizəyə qoşulur. Əli Əkərəkli, Cahangir Ələkbərbəyov,Abasqulu Ağa Şadlinski kimi vətənini sevən insanlarla birlikdə mücadilə edir.
1921-ci il noyabrın 29-da Hərbi İnqilab Komitəsi Ermənistan SSR-in yarandığını elan edir. 1921-ci ilin fevralında daşnaklar yenidən Irəvəna daxil olurlar. Bu zaman bir çox inqilabçılar rus qoşunuyla bərabər Irəvanı tərk edir, ancaq Saleh Güllücinski, Əli Əkərəkli, Həsənəli Axundov şəhərdən çıxmırlar. Onlar evlərinə getmək istərkən daşnaklarların hücumuna məruz qalır və qurtulmaq üçün türk konsulluğunun binasına daxil olurlar.
Qərbi Azərbaycanda yenidən Sovet Ermənistanı yarandıqda Saleh Güllücinski 1921-ci ildə Vedi rayon hərbi inqilab komitəsinin ilk sədri vəzifəsinə göndərilir. Elə həmin ilin iyul ayında Vedi rayon icrayyə komitəsinin sədri vəzifəsinə dəyişilir.
S.Güllücinski Ermənistan Fövqaladə Komisiyasının ilk müstəntiqlərindən biri olub.
Saleh Güllücinskinin bacısı Rübabə xanımın qızı Rəfiqə xanımın dediyinə görə Güllücinskiyə hər kəs komissar deyirmiş. “Dayım komissar olub, ona şəxsi avtomobil və sürücü də vermişdilər.” (Rəfiqə xanımın dediklərindən)
Saleh Güllücinski Vedi də çalışarkən daşnaklardan qurtulmuş kəndləri dinc həyata qaytarmaq, qırğınlardan qurtulan əhalini Türkiyədən, Irandan yəni Cənubi Azərbaycandan yurdlarına geri dönmələri üçün əlindən gələni edirdi. Lakin çox çətinliklərlə üzləşirdi, çünki hayların rəhbərliyi Irandan, Türkiyədən gələn erməniləri Vedibasar da daxil olmaqla Qərbi Azərbaycana yerləşdirirdi. O torpaqların gerçək sahiblərinin isə geri dönməsinə izn vermirdilər.
Rəfiqə xanımın dediklərindən “1918-1920-ci illərdə ermənilər kütləvi qırğınlar edirdilər. Atam Hüseynin Iğdırda ögey bacısı yaşayırdı. Atam ailəsi ilə oraya getmək qərarı verir. Bir neçə öküz arabalarını ərzaqla yükləyir ki, bizi orada 1-2 ay idarə etsin. 1918-ci ilin apreli imiş. Arazda çay daşır, sel gəlir və arabalarda,öküzlərdə suya batır. Ərzaqların hamısı islanır. Atam yenidən Irəvana geri qayıtmaq məcburiyyətində qalır. Bizim çox mülklərimiz olub. Irəvanda indiki hökumət evinin arxasında 2 mərtəbəli, 9 otaqlı, böyük bağı bağçası olan evimiz vardı. Atam gələndə görür ki, evin qapısı qırılıb, üç otağına Vandan gələn erməni ailəsi yerləşib. Atam ona evimdən çıx deyir. O isə cavabında belə deyir: “Sən necə Türkiyəyə getmisən, məni də oradan köçürdülər buraya. Məndə ev istədim yaşmağa, dedilər ki, hansı evin qapısı bağlıdı,qır qapını gir yaşa.Məndə bu evə gəldim. ” Atamda qorxusundan dillənə bilmir. Daşnakların hökuməti idi. Deyir bir neçə gün qalaq, sonra keçərik Türkiyəyə. Ama o qalan qalır. “
Haylar Sovet hökuməti dövründə də sonra da eyni siyasətə davam edirlər.
Hay hökumətinin bu siyasətinə kəskin etiraz edən Saleh Güllücinskinin hərəkətləri hay rəhbərliyini qane etmir və onlar bir bəhanə ilə S.Güllücinskini oradan uzaqlaşdırmaq istəyirlər. 1922-ci ilin (o zamanlar Güllicinskinin 23 yaşı olur) sonlarında onu Tiflisdə yeni açılmış Zaqafqaziya Kommunist Universitetinə guya təhsilini davam etdirməyə göndərirlər. Burada S. Güllücinski Səkinə adlı Borçalıdan olan tələbə qızla tanış olur, ailə qurur.
Vedidə çalışdığı zamanlarda Abasqulu bəy Şadlinski ilə birlikdə Dəvəlidə daş karxanasının istifadəyə verilməsinə böyük əmək sərf edir. Abasqulu Ağa Şadlinski onun haqqında belə deyir: “Mən Salehdə olan tükənməz enerjiyə təccüb etdim. Dəfələrlə biz onunla Irəvan qəza icrayyə komitəsinə yazdıq, birlikdə oraya getdik. Saleh az əmək sərf etmədi.”
Hayları Qərbi Azərbaycana yerləşdirilmək, azərbaycanlaırarın mühacirətdən evlərinə geri dönmələrinin qarşısını almaq üçün Saleh Güllücinskiyə Bakıda iş təklif edirlər. Mircəfər Bağırov onu Bakıya dəvət edir. Saleh ailəsini anası Leyli xanım, atası Məşədi Teymur və bacıları Ləzifə, Şövkət, həyat yoldaşı Səkinə xanım və oğlu Ələsgəri alır Bakıya köçür. Azərbaycanda o bir çox vəzifələrdə çalışır. Leyli xanım Bakıda çox yaşamır və bir il sonra dünyasını dəyişir.
Saleh Güllücinski 1930 -1937 ci illərdə Azərbaycan KP MK yanında Partiya məktəbinin rektoru, Gəncədə Kənd Təssərüfatı Məktəbinin rektoru, Qasım Ismayılov rayonu siyasi şöbə rəsi vəzifələrində çalışır.
Zaqafqaziyada ilk olaraq Lenin ordeni mükafatı alır. Mircəfər Bağırov ondan sonra təltif olunur. Moskvaya təltif üçün ikisi birlikdə gedir. Yolda Bağırov ona deyir ki, Saleh sen mənim yerimə keçəcəksən. Saleh isə cavabında ” Mənim sənin yerində gözüm yoxdur “deyir.
Ama bu danışįqdan bir ay sonra Saleh Güllücinskinin Bakıdakı evinə bir gecə qəfil yoxlama gəlir. Uzun axtarışdan sonra evdən Lev Trotskinin kiçik bir kitabı tapılır və S.Güllücinski həbs edilir. Uzun zaman yaxınları ondan heç bir məlumat ala bilmirlər .
Hökumət adamları onlara deyir ki, S.Güllücinski siyasi dustaq olduğu üçün yazışmaq hüququ yoxdur. Amma sən demə onu elə həmin günlər Bakıda, NKVD zirzəmisində işgəncələr verirlərmiş.
Bir neçə aydan sonra NKVD-də çalışan bir nəfər Güllücinskini axtarmaqdan yorulmayan bacısı Ləzifəyə deyir ki, Saleh Güllücinskini daha axtarmayın, onun boynuna daş bağlayaraq dənizə atdılar.
Sadiq Zeynaloğlunun “Tarixin qan yaddaşı”kitabında NKVD arxivində Saleh Güllücinskini Suxanov və Sumbatovun imzalarıyla 1938-ci il yanvarin 3 də güllələndiyi yazılır.
Mìkayıl Müşfiq, Əhməd Cavad, Vəli Xuluflu, Hüseyn Cavid və daha on minlərlə adını bilmədiyimiz aydınlarımız bir gecə qəfil evlərindən alındı, zamanın qaranlıqlarına gömüldülər. Bu gün Saleh Güllücinski kimi minlərlə siyasi, ictimai, mədəniyyət, elm xadimlərimizin ruhları bu qaranlıqlardan aydınlıqlara çıxacaqları zamanı gözləyirlər. Onların ruhlarını onları öyrənməklə, tanıtmaqla şad edək.
Sabina Uğur