Qardaş Türkiyədə baş verən təbii fəlakət, zəlzələ nəticəsində çoxsaylı insan tələfatı, evlərin dağılması, insanların qışda, qarda, soyuqda çarəsiz qalmasını hər bir azərbaycanlı böyük üzüntü ilə qarşıladı. Zəlzələnin ilk günündən Azərbaycan dövləti, xalqımız qardaş Türkiyənin, qardaşlarımızın yanında olduğunu, hər cür yardım etməyə hazır olduğunu bəyan etdi. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında da Azərbaycan xalqının həmrəyliyi ifadə edildi. Eyni zamanda dövlət başçısının tapşırıqlarına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasedici qrupları dərhal qardaş Türkiyəyə, zəlzələ bölgəsinə göndərildi. Onlar uçan, dağılan binaların altında xilas edilmək üçün gözləyən insanların, körpələrin yenidən həyata qaytarılması üçün bu gün də canla-başla çalışırlar.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin qardaş Türkiyədə zəlzələdən dərhal sonra vermiş olduğu tapşırıqlara uyğun olaraq dövlətimiz tərəfindən xilasetmə işləri ilə yanaşı, hümanitar və zəruri ehtiyacların qarşılanması üçün yardımlar göndərilib: “Azərbaycan xalqı kiçikdən-böyüyə hər kəs bu yardımla bağlı səfərbərlik nümayiş etdirir. İmkanından asılı olmayaraq hər kəs bacardığı qədər Türkiyədəki qardaşlarımıza yardım etməyə davam edir. Azərbaycan xalqı bir daha dünyaya birliyimizin təkcə dövlətlər arasında deyil, milli təəssübkeşliyə əsaslandığını nümayiş etdirdi”.
Deputat deyib ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın da qardaş Türkiyədəki zəlzələ ilə bağlı yardımlara bağlı həssaslığı bu məsələni diqqətdə saxlaması xüsusi ilə qeyd edilir: “Çox hörmətli Mehriban xanım Əliyeva zəlzələnin ilk günündən özünün rəsmi tvitter səhifəsaində qardaş türk xalqına baş sağlığı verməklə yanaşı onların yanında olduğumuzu bəyan etdi. Bu xüsusda göndərilən yardımların, tibbi ləvazimatları, zəruri olan məhsulları Mehriban xanım Əliyeva şəxsi nəzarətində saxlayır. Azərbaycan xalqına müraciətində qardaş ölkəyə yardımla bağlı göstərdiyi birliyə, həmrəyliyə görə təşəkkürünü çatdıran Mehriban xanım Əliyeva azərbaycanlı olduğu ilə bir daha qürur duyduğunu ifadə edib”.
Sevinc Hüseynova bildirib ki, Mehriban xanım Əliyeva tək qardaş ölkədə zəlzələdən əziyyət çəkən insanlara göndərilən yardımlarla bağlı deyil ümumilikdə ehtiyacı olan hər kəsə qarşı xeyirxahlığı xalqımıza bəllidir: “O Azərbaycan xalqının xeyirxahlıq təcəssümüdür. Ölkəmizdə Ona ünvanlanan müraciətlər, Özünün həssas məsələlərə göstərmiş olduğu yanaşması milli təəssübkeşliyin, yüksək insan xarakterinin bariz nümunəsi kimi dəyərləndirilir”.