Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşdə olduqca mühüm mesajlar verib. Cəbrayıl şəhərinin Ermənistanın işğalından azad olunmasının dördüncü ildönümü münasibəti ilə cəbrayıllıları, Azərbaycan xalqını təbrik edən cənab Prezident bunun tarixi hadisə olduğunu vurğulayıb. 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü elan edilməsinin əhəmiyyətindən bəhs olunub. Cəbrayılın azad olunmasının böyük əhəmiyyətindən danışan cənab Prezident onun II Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər olduğunu bildirib. Dövlətimizin başçısı qəhrəman oğullarımızın sücaəti nəticəsində Cəbrayılın və digər ərazilərimizin erməni tapdağından azad edilməsinin tarixi ədalətin bərpası kimi xarakterizə edib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Cəbrayıl əməliyyatı II Qarabağ müharibəsinin gedişində xüsusi əhəmiyyətə malik idi: “Ordumuz böyük peşəkarlıq, qəhrəmanlıq göstərərək işğalçıları Cəbrayıl şəhərindən qovub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərərək 30 illik işğala 44 gündə son qoyub. Təbii ki, Cəbrayıl şəhərinin azad olunması müharibənin sonrakı gedişatına müsbət təsir göstərdi. Bu eyni zamanda, Ordumuzun və ümumiyyətlə xalqımızın mənəvi ruhunu yüksəldib. Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçın rayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhərini azad edilməsi zəfər yürüşünün parlaq nümunəsi idi. Bütövlükdə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Beləliklə, Ermənistan 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bununla da İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı. Bu gün bütün Azərbaycan xalqı qəhrəman övladlarımıza minnətdarlıq hissi ilə yaşayır. Məhz vətənpərvərlik ruhunda yetişmiş gənc nəsil vaxtilə itirilmiş torpaqlarımızı xalqımıza, dövlətimizə geri qaytardı”.
Millət vəkili bildirib ki, cənab Prezidentin çıxışında qeyd etdiyi kimi Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilib: “Azad edildikdən sonra burada da infrastruktur layihələrinin icrası başlanılıb. Yeni yol və digər infrastruktur layihələrinin icrası da uğurla, sürətlə həyata keçirilib. Təkcə Cəbrayıl rayonunda yox, bütün azad edilmiş bölgələrdə bu işlər uğurla icra edilir. Bu mənada azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Bunun nəticəsi olaraq artıq cəbrayıllılar öz ata-baba ocaqlarına qayıdır. Cəbrayılda erməni barbarlarının izi silinir, onların vandallığı, barbarlığı nəticəsindsə tamamilə viran edilmiş Cəbrayıl yenidən qurulur. Amma təəsüf ki, dünya birliyi hələ də ermənilərin 30 ildə törətmiş olduğu bu vəhşiliyə lazımi qiymət verməkdə çətinlik çəkir. Bu sözsüz ki, ikiüzlülüyün, ikili standartların bariz nümunəsidir. İşğala məruz qalanla işğalçını ayırd etmək istəmirlər. Fransa başda olmaqla ABŞ və erməni lobbisinin təsirində olan ölkələr hələ də köhnə ab-havadadır. Cənab Prezident də cəbrayıllılarla görüşündə Ermənistana və ona havadarlıq edənlərə bir daha xəbərdarlıq etdi. Azərbaycanı bu gün əsassız olaraq bir çox çirkin məsələlərdə ittiham edənlər Ermənistanın 30 illik bir dövrdə həyata keçirdiyi vandallığa, barbarlığa, soyqırımı və etnik təmizləmə siyasətinə qiymət verməlidir”.