ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığında mühüm məsələlər müzakirə edilib. Telefon danışığında Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunması istiqamətində atılan addımların vacibliyi önə çəkilib. Sözsüz ki, ABŞ-ın sülh məqsədinə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyi vurğulanıb. İki ölkə arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətlər, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti xüsusi ilə qeyd olunub. Bu istiqamətdə Azərbaycanla Ermənistan arasında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanması müsbət addım kimi dəyərləndirilib.
Bunu Siyasətinfoya VI çağırış Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, cənab Prezident İlham Əliyev Blinkendə telefon danışığında regionda sülhün mövcudluğu istiqamətində atılmış addımların mahiyyəti diqqətə çatdırılıb: “Azərbaycanın sülh təşəbbüsləri və səyləri nəticəsində bölgədə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yarandığı bildirilib. Ölkəmizin başçısı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edib. Sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına soy qoyulmasının başlıca şərt olduğu bir daha vurğulanıb”.
Millət vəkili keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyi də ölkəmizin başçısı tərəfindən Dövlət katibinin diqqətinə çatdırıldığını söyləyib: “Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasmanə əsasında bu prosesin aparılacağını bildirib. Eyni zamanda COP29-un ölkəmizdə keçirilməsi məsələsi də telefon danışığında müzakirə olunan məsələlər sırasında olub. Antoni Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edərək Azərbaycanla ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb”.
Məlahət İbrahimqızı hesab edir ki, Azərbaycan bu gün qlobal və regional miqyasda söz sahibi, öz mövqeyi və nüfuzu olan dövlət kimi böyük hörmətə, ehtirama sahibdir: “Cənubi Qafqazda Azərbaycanın razılığı olmadan heç bir layihə reallaşa bilməz. Bu reallıq cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əldə edilib. Region dövlətləri, ABŞ və Avropa ölkələri Azərbaycanın bu gün yaratmış olduğu yeni reallığı qəbul edir və onunla hesablaşır”.