Fransa özünün məkirli siyasətindən əl çəkmir. Rəsmi Paris islamafobiya, ksenofobiya, dini, milli ayrı seçkilik fonunda xalqlar və dövlətlər arasında münaqişələrin alovlanmasında maraqlıdır. Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimində yaşananlar bunu bir daha təsdiq edir. Bərbad təşkilatçılıq, ayrıseçkilik, diskriminasiya, mühacirlərin zorla mərkəzdən uzaqlaşdırılması kimi absurd qərarlar fonunda bu ölkə Azərbaycana qarşı olan rotorikasından da əl çəkmir.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, bütün bunlar başqa ölkələrin daxili işlərinə müdaxilə etməyə adət etmiş Fransa prezidenti Emmanuel Makron hakimiyyətinin öz ölkəsində necə gülünc bir vəziyyətə düşdüyünü göstərir: “Reallıq odur ki, Fransa özünün daxili intriqalarını və məkirli siyasətini sülh oyunlarında belə gizlədə bilmədi. Olimpiya Oyunları kimi mötəbər yarışın mahiyyətini belə heçə endirən Fransa özünün əsl mahiyyəti aşkara çıxardı. Müstəmləkəçilik, islamafobiya, ksenofobiya siyasəti aparmağın mahiyyəti məhz bu reallıqlar fonunda özünü təzahür edir”.
Millət vəkili hesab edir ki, Fransa hakimiyyəti Olimpiya oyunlarında adi təhlükəsizlik qaydalarına belə əməl etməkdə acizlik nümayiş etdirir: “YAY Olimpiya oyunlarının keçiridldiyi əsas şəhər kimi Parisdən gələn xəbərlər sırasında qarət, talançılıq, oğurluq, diskriminasiya, bərbad təşkilatçılıq, anti-sanitariya kimi məsələlər üstünlük təşkil edir. Olimpiya hərəkatının məqsədi insan ləyaqətinin qorunmasına xidmət etsə də Fransa məhz bu fundamental dəyərlərdən nə qədər uzaq olduğunu bir daha nümayiş etdirdi. 2024-cü il Paris Olimpiya Oyunlarını “sülh və ümid anı” kimi təqdim edən Fransa kolonial və neokolonial siyasəti bu amillərə zidd davranış sərgiləyir”.
Sevinc Hüseynova vurğulayıb ki, “France2” telekanalının səsləndirdiyi qəbuledilməz ifadələrlə, Azərbaycana qarşı yer alan əsassız iddialar qətiyyətlə rədd edilir: “Sözsüz ki, Azərbaycana qarşı səslənən bu absurd və riyakarlıqdan qaynaqlanan iftiralar Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təşviqinə çalışdığı prinsiplər və dəyərlərlə daban-dabana ziddiyyət təşkil edir. Fransanın rəsmi dövlət kanalında səsləndirilmiş və Olimpiya Oyunlarının siyasiləşdirilməsinə xidmət göstərən qərəzli fikirlər Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi hesab edilir. Sözsüz ki, rəsmi Paris özünün ermənipərəst mövqeyinə əsaslanaraq ölkəmizə qarşı məqsədyönlü şəkildə bu kimi riyakar fikirlərin tirajlanmasına yol açır. Azərbaycan tərəfi də haqlı olaraq Olimpiya Oyunlarının ev sahibi Fransanın rəsmi şəkildə bu absurd və ikrah yaradan hallara görə üzrxahlıq edəcəyini gözləyir. Çünki Azərbaycan özünə qarşı bu kimi addımların gələcəkdə təkrarlanmamasını tələb edir”.