Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi bərbad təşkilatçılıq, ayrıseçkilik, diskriminasiya, mühacirlərin zorla mərkəzdən uzaqlaşdırılması kimi absurd qərarların icrası fonunda baş tutdu. Faktiki olaraq başqa ölkələrin daxili işlərinə müdaxilə etməyə adət etmiş Emmanuel Makron hakimiyyəti öz ölkəsində necə gülünc bir vəziyyətə düşdüyünü bütün dünyaya göstərdi.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Fransa növbəti dəfə özünün daxili intriqalarını belə sülh oyunlarında gizlətməyi bacarmadı: “Artıq dünyada özünü hər sahələrdə gülünc vəziyyətə salmış, Olimpiya Oyunları kimi mötəbər yarışın mahiyyətini belə heçə endirmiş Fransanın əsl mahiyyəti aşkara çıxmış oldu. Çünki uzun müddət ancaq müstəmləkəçilik, islamafobiya, ksenofobiya siyasəti aparmağın nəticəsi məhz bu cür olur”.
Deputat hesab edir ki, Fransa bir daha özünün çirkin siyasətinin qurbanı olduğunu hər kəsə nümayiş etdirdi: “Azərbaycana, qardaş Türkiyəyə qarşı düşmənçilik siyasəti aparan, bu ölkələrin daxili işlərinə qarışan, rəsmi Paris min illiklərə dayanan sülh oyunlarını belə sadə qaydada təşkil edə bilmədi. Buna sözsüz ki, Makron hakimiyyətinin mahiyyəti imkan vermədir. Çünki o ancaq xalqları müstəmləkədə saxlamaq, separatizmi dəstəkləmək, suveren ölkələrin hüquqlarına müdaxilə etməyi özünün əsas istiqaməti kimi müəyyənləşdirib”.
Məlahət İbrahimqızına görə, Fransa hakimiyyəti Olimpiya oyunlarında adi təhlükəsizlik qaydalarına belə əməl etməyi bacarmadı: “Bu günlərdə Parisdən gələn xəbərlər sırasında qarət, talançılıq, oğurluq, diskriminasiya, bərbad təşkilatçılıq, anti-sanitariya kimi məsələlər daha çox üstünlük təşkil edir. Olimpiya hərəkatının məqsədi insan ləyaqətinin qorunmasına xidmət etdiyi halda rəsmi Paris bu dəyərlərdən çox uzaq olduğunu bir daha təsdiq etdi. Fransa 2024-cü il Paris Olimpiya Oyunlarını “sülh və ümid anı” kimi təqdim etsə də, kolonial və neokolonial siyasəti bunun tamam əksini göstərdi”.