Prezident İlham Əliyev iyunun 21-da “Euronews”ə müsahibəsində olduqca mühüm mesajlar verib. Ölkəmizin başçısı Azərbaycanın yaşıl gündəliyi ətrafında atdığı addımlardan bəhs edib. Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici bir məkan olduğu qeyd edilib. Ölkəmizin bu istiqamətində prioritetlərindən həmçinin əməkdaşlıq və tərəfdaşlıqla bağlı atdığı mühüm hədəflərinin olduğu vurğulanıb.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycanın bərpaolunan enerji strategiyası ilə bağlı olduqca vacib tərəfdaşları var:”Bu xüsusda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Artıq bu istiqamətdə ilk addım atılıb. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı olub. Perspektivdə bu stansiyanın gücü və imkanları olduqca böyük hesablanır”.
Deputat hesab edir ki, bütün bunlar Azərbaycanda yaxşı sərmayə mühiti fonunda reallaşan vacib amillərdir: “Ölkəmiz ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan yaşıl enerjiyə keçid prosesində daha praqmatik addımlar atır. Bu məsələdə Azərbaycan böyük tərəfdaşları ilə sıx şəkildə çalışır. Cənab Prezident də müsahibəsində ölkəmizin bu sahədə olan tərəfdaşlarının rolunu, əhəmiyyətini xüsusi olaraq qeyd edib. BƏƏ-nin “Masdar” şirkəti ilə yanaşı həmçinin “ACWA Power” və BP ilə də sərmayədarlar sırasındadır. Eyni zamanda Azərbaycanla işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var”.
Millət vəkili Azərbaycan özünün milli enerji şəbəkəsini gücləndirmək əzmində olduğunu söyləyib: “Sərmayədarlarla bu istiqamətdə ölkəmizin atacağı birgə addımlar diqqət mərkəzindədir. Təbii ki, Azərbaycanın bərpaolunan enerjinin ixracı ilə bağlı hədəfləri mövcuddur. Həmçinin bərpaolunan enerjidən istifadə düşünülmüş yanaşma ilə həyata keçirilməlidir. Məhz bu addımlarla maksimum dərəcədə elektrik istehsal olunması mümkündür. Nəticədə təbii qaza qənaət edilə bilər. Bununla da Avropaya və digər ehtiyacı olan regionlara enerji tədarükü baş tutar”.
Sevinc Hüseynova cənab Prezidentin müsahibəsində toxunduğu digər mühüm məsələnin bu günlərdə Bakıda keçirilmiş konfransın enerji sektorunda ölkəmizin qlobal liderliyini əks etdirdiyi ilə bağlı olduğunu söyləyib: “Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak edib. Artıq 30 ildir keçirilən bu tədbir bir ənənəyə çevrilib. İlk konfrans isə hələ 1994-cü ildə təşkil olunmuşdu. Sözsüz ki, Bakı Enerji Həftəsində diqqət çəkən məqam ABŞ prezidentinin konfrans iştirakçılarına müraciəti idi. Bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Artıq bu inklüziv platforma hesab edilir. Çünki bu tədbir ilk olaraq Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını alıb. Daha sonra bərpaolunan enerji sahəsində Azərbaycanın atdığı addımlar fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Təbii ki, bu kimi mühüm tədbirlərə ev sahibliyi edən Azərbaycanın əsas məqsədlərindən biri birlik və həmrəylik yaratmaqdır. Ölkəmizin başçısı da vurğulayıb ki, Azərbaycan COP zamanı və ondan sonra sədrliyi dövründə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoyaraq planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”.