Ölkəmizdə fevralın 7-də baş tutan növbədənkənar prezident seçkiləri yüksək seçici fəallığı, demokratik, şəfaf şəraitdə keçirildi. Azərbaycan xalqı uzun on illiklərdən sonra seçkiyə qalib, tarixi Zəfər fonunda qatıldı. Məhz bu kontekstdən də Zəfər seçkiləri böyük çoşqu və yüksək seçici aktivliyi fonunda baş tutdu. Xalq növbədi dəfə ulu nöndər Heydər Əliyev siyasətinə, cənab Prezident İlham Əliyevin uğurlu strategiyasına səs verdi.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, 30 illik işğal siyasətinə son qoyan Müzəffər Ali Baş Komandana xalqın sonsuz sevgisi 7 fevralda bir daha özünü təsdiq etdi: “Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün Azərbaycan ərazilərində seçkilər keçirildi. 30 ilə yaxın Ermənistanın işğalı altında olan 2020-ci il 44 günlük Vətən Müharibəsi nəticəsində azadlığına qovuşan tarixi torpaqlarımızda ilk dəfə keçirilən seçkilər sözsüz ki, xalqımızın yaddaşında əbədi qalacaq. Məhz bu kontekstdə ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması fonunda ölkəmizdə ilk prezident seçkilərinin keçirilməsi tarixi hadisə hesab olunur. Böyük çoşqu, insanların yüksək həvəslə seçki məntəqlərinə gəlməsi həm də cənab Prezident İlham Əliyevin son 20 illik fəaliyyətinə xalqın verdiyi yüksək qiymətin göstəricisi idi. Xalqımız güvəndiyi, ətrafında sıx birləşdiyi Liderə olan sevgisini bir daha daha açıq xarakterdə nümayiş etdirdi”.
Millət vəkili seçkini müşahidə edən yerli və xarici müşahidəçilərin də bu fonda seçici fəallığına xüsusi diqqət çəkdiyini bildirib: “Çünki hər kəs müasir, qalib, güclü Azərbaycan naminə seçki məntəqələrinə getdi. Ölkənin üzərindən məğlub, torpaqları işğal edilmiş dövlət adını əbədi silən Liderə, Ali Baş Komandana sevgisini, vəfa borcunu ifadə etmək üçün xalqımız seçki məntəqələrinə getmişdi. Bu ulu öndər Heydər Əliyev siyasi kursuna, Yeni Azərbaycan Partiyasının strategiyasına, cənab İlham Əliyevin praqmatizminə əsaslanan xalq-iqtidar birliyinin əyani təzahürü kimi də tərənnüm edilir”.
Deputat seçkilərə beynəlxalq səviyyədə olan maraqdan da danışıb: “Prezident seçkilərini 72 beynəlxalq təşkilat və 89 ölkədən 790 xarici müşahidəçi izlədi. Müşahidəçilər Azərbaycan xalqının demokratik prinsiplərə, azad, şəffaf seçki keçirmək təcrübəsinə və öz iradələrini ifadə etmək üçün yaradılan şəraitə yüksək qiymət verdi. Seçkidə xalqın yekdil səsini qazanan cənab Prezident İlham Əliyevə qardaş Türkiyə başda olmaqla region ölkələrinin liderləri, dost və tərəfdaş dövlətlərin başçılarının təbrikləri bu gün də gəlməkdədir. Dünya liderləri Azərbaycan Prezidentinin seçkidə xalqın mütləq sevgisi ilə əldə etdiyi zəfərə görə ən xoş təbriklərini çatdırır. Sözsüz ki, Azərbaycana qarşı özünün məkirli siyasətindən əl çəkməyənlər də var. Bir müddət öncə ölkəmizə qarşı qeyri-obyektiv mövqeyə sərgiləyən daha çox Fransa prezidenti Emmanuel Makronun təsiri altına düşən Avropa İttifaqının prezidenti Şarl Mişelin də cənab Prezidenti təbrik etməsi artıq reallığın ifadəsi kimi başa düşülür”.
Məlahət İbrahimqızı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə zəng edib, Onu seçkilərdəki qələbə münasibəti ilə təbrik etməsi və bir çox məsələləri müzakirə etməsi faktına diqqət çəkib: “Telefon danışığında Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri müzakirə edilib. Xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələlərindən bəhs olunub. Şarl Mişel nəqliyyat və bağlantılar sahəsində Avropa İttifaqının region ölkələri ilə əlaqələri inkişaf etdirmək üçün konkret layihələrlə çıxış etdiyini qeyd edib. COP29-un Azərbaycanda keçirilməsi və bu çərçivədə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə də toxunulub. Şarl Mişel üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı Prezident İlham Əliyevdən mövqeyini bildirməsini xahiş edib. Cənab Prezident İlham Əliyev Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini bildirib. Həmçinin Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb. Bütün bunlar onu göstərir ki, Avropa İttifaqı Azərbaycan Prezidentinin formalaşdırdığı yeni reallıqla hesablaşır. Ölkəmizdə şəffaf, demokratik seçkilərin keçirildiyi Avropa İttifaqı tərəfindən bir daha təsdiq edilir. Bu beynəlxalq qurumun mövqeyi Azərbaycanın düzgün strategiyaya əsaslandığını qəbul etməsi kimi də izah olunur. AŞPA kimi erməni lobbisinin təsirində olan qurumlardan fərqli olaraq Avropa İttifaqı kimi təşkilatlar nəhayət əsl reallığın mahiyyətini dərk edir”.