Qalib ölkənin qalib gəncləri olan Azərbaycan gəncliyi bu gun öz bayramını qeyd edir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Belə ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkib. “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” – deyən Ulu Öndər Heydər Əliyev hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirmiş və müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalamışdır.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir: “Ümummilli liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev çıxışında dövlət gənclər siyasətinin istiqamətlərini və həyata kecirilməsi ilə baglı qarşıda duran vəzifələri müəyyən edib. Eyni zamanda Ulu Öndər ölkə gəncləri qarşısında tarixi bir vəzifə qoyub: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Forumda qarşıya qoyulmş vəzifələrin icrasını bu sahədə yaratdıgı keyfiyət dəyişikləri nəzərə alaraq, həmin gunü fevralın 2-si İmzaladıgı Sərəncamla Azərbaycan Gənclər Günü elan etdi. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanılıb”.
Millət vəkili Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlanıb: “Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial vəziyyəti daim Ulu Öndərin diqqət mərkəzində idi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsi hesab edilir. Bununla yanaşı Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri idi. O, vurğulayırdı ki, “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”. Sözsüz ki, Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratmış və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirib. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi də məhz Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edib. Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricilərindəndir”.
Deputat hesab edir ki, gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir: “Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir: “Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, yaradıcı gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, gücünə, istedadına inam hissi artıb. Belə ki, ölkə başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə bir çox xüsusi əhəmiyyətə malik sənədlər təsdiq edilib. Həmin mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan mühüm qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Gənc kadrların irəli çəkilməsi siyasəti ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) 2018-ci ilin noyabr ayında Azərbaycan Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin 2019-cu il tarixli 1 oktyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. Qeyd edək ki, Respublikanın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyət göstərir”.
YAP Təftiş Komissiyasının sədri gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlarının Azərbaycanın bir daha idman ölkəsi kimi tanındığını söyləyib: “Belə ki, 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət ayırıb. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb və bu proses hazırda da davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunur. Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənməkdədir”.
Sevinc Hüseynovanın fikrincə, məhz Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişən vətənpərvər gənclər rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşdu: “44 günlük Vətən müharibəsində və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirlərində həmin qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdı. Hər bir ictimai-siyasi prosesdə fəal olan gəncliyimiz qarşıdan gələn növbədənkənar prezident seçkilərində də ölkəmizin, xalqımızın dövlətimizin gələcəyi naminə Qalib Liderin ətrafında növbəti dəfə birlik, həmrəylik nümayiş etdirəcəyinə heç birimizin şübhəsi yoxdur. Çünki məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərimizin qəhrəmanlığı sayəsində əldə olunan bu Şanlı Zəfərlə ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”.
Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib. Ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında gənclər fəal iştirak edib. Bu gün də gənclərimiz ideoloji mübarizənin önündə gedir. Vətənimizin sərvətlərinin talanmasının qarşısını alınması üçün də bu gün Azərbaycan gəncliyi tarixi mövqe sərgiləyib. Bütün bunlar onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin görmək istədiyi vətəninə, dövlətinə, xalqına sadiq gənclik məhz budur. Azərbaycan xalqı və onun Prezidenti gənclərimizlə fəxr edir və əmindir ki, gənclik müstəqil dövlətimizin onlara yaratdığı yüksək imkanlar sayəsində üç rəngli bayrağımızı daima zirvələrdə saxlayacaq”.