ABŞ Dövlət Departamenti heç bir əsas olmadan Azərbaycanı din azadlığı “ağır şəkildə” pozan ölkələr siyahısına salması erməni lobbisinin maraqlarına xidmət edən, qərəzli, ikili yanaşma siyasətinin nəticəsi hesab olunur. Bu Vaşinqtonun müstəqil xarici siyasət yürüdən dövlətlərə qarşı qərəzli, ikili standartlara əsaslan münasibətinin təzahürüdür. Görünən odur ki, Azərbaycanın müstəqil siyasət yürütməsi ərazi bütövlüyünü təmin etməsi Amerika kimi bəzi Qərb ölkələrini narahat edir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsi ABŞ kimi imperialist dövlətlərin bölgə ilə bağlı çirkin maraqlarını pozub: “Erməni lobbisinin əsirinə çevrilən ABŞ Dövlət Departamenti müstəqil dövlətlərə qarşı amansızcasına səlib yürüşünə başlayıb. Burada onlar ancaq erməni lobbisinin maraqlarına uyğun “hərəkət” edirlər. Bu gün din mövzusu ətrafında manipuliyasiya etmək və bunun əksinə olaraq riyakarlıqla məşğul olmaq ancaq erməni lobbisinin maraqlarına xidmət etmək deməkdir. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, dini obyektləri yerlə-yeksan edən Ermənistana hələ də dünya birliyi o cümlədən ABŞ heç bir reaksiya verməyib. Azərbaycan isə dünyada tolerantlıqla tanınıb, multikultural dəyərləri hər zaman üstün tutub. Fakt bu gün ölkəmiz bütün millətlərin eyni, bərabər şəraitdə yaşadığı bir məkan kimi qəbul olunur”.
Deputat hesab edir ki, ABŞ administrasiyası qarşıdan gələn prezident seçkilərində erməni lobbisinin dəstəyini qazanmaq üçün dəridən-qabıqdan çıxır: “ABŞ Beynəlxalq Din Azadlığı Komissiyası (USCIRF) Qarabağda xristian dini məbədlərin qorunması ilə bağlı qərəzli hesabatı heç bir fakta əsaslanmır. Bu açıq şəkildə ikili standartlardan irəli gələn yanaşmadır. Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğalda saxladığı dövrdə Qarabağda müsəlman dini məbədlərini, müqəddəs yerləri dağıdıb, yerlə-yeksan edib. Məscidlərdə donuz, mal-qara saxlanılıb, müqəddəs yerlər təhqir olunub. Azərbaycan torpaqlarında erməni barbarları tərəfindən İslam dininə aid bütün məscidlər, minarələr dağıdılıb barbarlığa məruz qalıb”.
Millət vəkilinə görə, Azərbaycana qarşı məlum qərəzli hesabata nəzər saldıqda burada erməni lobbisinin izi açıq şəkildə görünür: “Həmin qərəzli hesabatın müəllifi ABŞ Dövlət Departamentinin rəsmisi Daniella Aşabxyandır. Bu fakt əslində məsələnin mahiyyətini ifadə edir. Vaxtilə bu erməni Amerika Erməni Assambleyasının direktorlarından biri olduğunu nəzərə alsaq onun Azərbaycana qarşı belə qərəzli, yalan hesabatların ortaya çıxmasında “rolu” çox olub”.
Aqil Məmmədov vurğulayıb ki, 30 il ərzində Azərbaycan ərazisində 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahı ermənilər barbarcasına dağıdıb: “67-i məsciddən 63-ü tamamilə dağıdılıb. 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Görünən isə odur ki, ABŞ hakimiyyət orqanları obyektivlikdən uzaq hesabatında bunları qeyd etməyib. Fakt isə odur ki, ermənilər 30 il işğal altında saxladıqları ərazilərdə 700-dən çox Qafqaz Albaniyası memarlığına aid tarix və mədəniyyət abidələrini, divar yazılarını özününküləşdirməyə cəhd edib və yaxud dağıdıb”.