Prezident İlham Əliyevin Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirakı, vermiş olduğu mesajlar mühüm əhəmiyyətə malikdir. Bu gün Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Ölkə başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı xarakter daşıyır. Prezidentlərin şəxsi dostluq münasibətləri böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafında vacib önəm kəsb edir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Cavid Osmanov deyib.
“İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlıq əlaqələrinin mahiyyətindən xəbər verir. Əlaqələrdə iqtisadi münasibətlər mühüm yer tutur. Yeni mərhələdə İnterkonnektorun fəaliyyəti ölkələrin sənaye inkişafına böyük töhfə verəcək. Azərbaycan-Bolqarıstan münasibətləri də artıq yeni mərhələyə yüksəlib. İki ölkə münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Bu bir reallıqdır ki. Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda Azərbaycanın təbii qazı səkkiz ölkəyə ixrac edilir. Serbiya ölkəmizin qaz ixrac etdiyi doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisinin Avropa dövlətləri olması da xüsusi önəm kəsb edir. Məhz bu kontekstdə İnterkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcəyi də şübhəsizdir. Bu layihəyə dair keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb” – deyə o qeyd edib.
Millət vəkili Memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmağı hədəflədiyini söyləyib: “Ümumilikdə isə Azərbaycanın enerji strategiyası uğurla icra edilir. Ölkəmiz tərəfindən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın – Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib edilməsində mühüm rol oynayıb. Həmçinin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri ilə Azərbaycan nefti Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırılır. Bu kontekstdə Cənub Qaz Dəhlizi xüsusi önəm daşıyır. Cənub Qaz Dəhlizi bu gün Avropanın enerji təhlükəsizliyinə vacib rola malikdir”.
Cavid Osmanova görə, digər başlıca hədəf bərpaolunan enerji növləri ilə bağlıdır: “10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanıb ki, bu qarşıdakı dövrdə nəzərdə tutulan bütün layihələrin icrasına mühüm töhvə olacaq. Sözsüz ki, Serbiya, Bolqarıstan, Şərqi Avropa qrupuna daxil olan digər ölkələrlə Azərbaycan arasında səmimi dostluq amili də bu layihələrin daha da uğurlu şəkildə icrasına zəmin yaradır. Azərbaycan bu gün Avropa məkanında etibarlı enerji təchizatçısı olmaqla yanaşı etibarlı tərəfdaş kimi də böyük nüfuz sahibidir. Bütün bunlar isə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin mahiyyətindən qaynaqlanan amillərdir”.