Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının-SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün keçirilməsi mühüm tarixi əhəmiyyət kəsb edir. Bu Azərbaycanın artıq regional və qlobal miqyasda həyata keçirilən layihələrin və tədbilərin iştirakçısı, təşəbbüskarı, təşkilatçısı olması faktının ifadəsidir. Sözsüz ki, Prezident İlham Əliyevin Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə çıxışı vacib mesajların verilməsi ilə yadda qaldı.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, hazırda Azərbaycan SPECA-ya sədrlik edir: “BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib. Buna baxmayaraq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü sözsüz ki, Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənib. Bu bir reallıqdır ki, ölkəmizlə Mərkəzi Asiya ölkələri arasında uğurlu əməkdaşlıq formalaşıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Təbii ki, yeni tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. Prezident İlham Əliyevin dəvəti ilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edib”.
Deputat hesab edir ki, SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar: “Son 25 ildə əsas çağırışlar arxada qalıb. Ölkələrimiz dövlət suverenliyini möhkəmləndirib, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilib və iqtisadi cəhətdən sürətlə inkişaf edib. Bu kimi əlaqələrdə isə başlıca prinsip siyasi sabitlik amilidir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. SPECA-ya üzv ölkələrində isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərin, xalqların böyük nailiyyəti və uğurudur. Eyni zamanda məkirli siyasi ambissiyalara uyğun olaraq beynəlxalq riyakarlığın təzahürləri də önə çıxmaqdadır. Dünyada uğursuz, asılı ölkələrin qarşıdurma arenası kimi çıxış etməsi faktları da mövcuddr. Məhz bu kontekstdə Ermənistan kimi ölkələrin siyasəti xalqlarının iradəsini deyil, xarici havadarlarının əlində cəmləşir”
Məlahət İbrahimqızına görə, Azərbaycan BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni yüksək qiymətləndirir: “Çünki BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilib. Bakıda təşkil edilən SPECA həftəsi ərzində iqtisadi forumların keçirilməsi ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir. Burada Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə bağlayan çoxəsrlik tarixi və mədəni əlaqələr də mühüm rol oynayır. Artıq Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyətinə görə, vahid tarixi-mədəni və geosiyasi məkan kimi çıxış edir. Düşənbə görüşünün məntiqi davamı olaraq Bakıdakı Zirvə görüşünün baş tutması Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu olduğunu bir daha təsdiq etmiş olur. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub edərək ərazi bütövlüyünü və 30 il işğalda qalan ərazilərini azad etdi. Bu ilin 19-20 sentyabr tarixlərində isə Azərbaycan öz ərazisi üzərində suverenliyini tam təmin edib. Hazırda isə, 30 il erməni barbarları tərəfindən dağıdılmış ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. 9 şəhərin yenidən qurulması kimi böyük bir porses gedir. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz ata-baba yurdlarına qayıdır. Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin və Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilməsi dostluq qardaşlıq və həmrəyliyin bariz nümunəsidir”.