Vətən müharibəsində Azərbaycanın qələbəsini, Ermənistanın hərbi kapitulyasiyasını rəsmiləşdirən 10 noyabr Bəyanatının imzalanmasının üç ili bir çox tarixi reallıqları ehtiva edir. Sözsüz ki, üçtərəfli Bəyanatla Ermənistanın 30 illik işğal siyasətinə son qoyuldu. Üçtərəfli razılaşmanın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı və bundan sonra prosesin siyasi-dplomatik mərhələsi başlamış oldu. Məhz bunun nəticəsində Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən Ermənistanın işğalından azad edildi.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, üçtərəfli bəyanatın imzalanması nəticəsində “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı qondarma ərazi adı tarixin arxivinə göndərildi: “Bununla separatizmə sarsıdıcı zərbə vuruldu və o tamamilə süquta uğradı. Eyni zamanda Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu dəyişdi və itirilmiş əraziləri qaytarmağa nail oldu. İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoyuldu. 30 illik işğal siyasəti başa çatdı və “Böyük Ermənistan” planı fiaskoya uğradı. Ermənistan və ona havadarlıq edənlərin Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst edildi. Sözsüz ki, bu reallıq “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsini də arxivə göndərdi”.
Millət vəkili hesab edir ki, regionda yeni siyasi reallıq yaranıb: “Uzun illər ərzində erməni ordusu haqqında formalaşdırılmış mif puç olfu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə darmadağın etdi. Bütün silahlı qüvvələri tari-mar olan Ermənistan Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa məcbur oldu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Üçtərəfli razılaşma status-kvonu tamamilə dəyişdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istəyinə nail oldu. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına çatacaq”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü dövlət, güclü ordu strategiyası Ermənistanın işğalında olan torpaqlarımızın azad olması ilə nəticələndi: “Azərbaycan xalqı artıq tarixdə qalib xalq kimi qalacaq. Vətən müharibəsində ölkəmizdə milli birliyin təzahürü olaraq bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına öz töhvəsini verdi. Müharibədə, hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyə faktoru və verilmiş mənəvi-siyasi dəstək olduqca böyük önəm kəsb edirdi. Müharibənin ilk saatlarından Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmiş oldu”.
Məlahət İbrahimqızı 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşma ilə bölgədə yeni kommunikasiya layihələri üçün zəmin yarandığını bildirib: “Bəyanatda kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi məsələsi öz əksini tapıb. Təbii ki, regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu bölgədə yeni canlanmaya, iqtisadi siyası əlaqələrin daha da inkişafına təkan olacaq. Bəyanatla əsası qoyulmuş siyasi, diplomatik və iqtisadi uğurlar Azərbaycanın maraqlarına xidmət edir. Sentyabrın 19-20-də baş tutmuş lokal antiterror tədbirləri ilə Azərbaycan öz ərazisində separatizmin kökünü birdəflik kəsməklə Ermənistanın işğal, siyasətinə, separatizmə son qoyuldu. Xankəndiə Müzəffət Ali Baş Komandanın rəhbərli ilə ucaldılan şanlı üçrəngli bayrağımız xalqımızın qürur mənbəyinə çevrildi”.