II Qarabağ müharibəsindən sonra yeni bir reallıq yaranıb. Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin edib. Ermənistanın işğal faktına son qoyulub. Cənubi Qafqazda təhlükəsizlik bərqərar edilib. Bunun fonunda əməkdaşlıq, kommunikasiya, qarşılıqlı münasibətlərin nizama salınması üçün münbit şərait formalaşıb.
Bu fikirləri Siyasətinfo-ya açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, 10 noyabr razılaşması ilə öz üzərinə öhdəliklər götürən Ermənistan bu vəzifələri icra etmiş olsa idi, bölgədə son üç ildə tamamilə fərqli bir mənzərə müşahidə edilərdi: “Amma 2020-ci il 44 günlük müharibədə döyüş meydanında məğlub olub kapitulyasiya aktına imza atmasına baxmayaraq Ermənistan özünün köhnə siyasətindən əl çəkməyib. 2020-ci il 10 noyabr üçtərəfli razılaşmasına zidd olaraq Azərbaycan ərazisində silahlı qüvvələr saxlayan, Qarabağda separatçı-xunta rejiminə dəstək verən Ermənistan hansısa bir şəraitin yetişəcəyinə ümid bəsləyirdi. Müharibədən və əldə edilən üçtərəfli razılaşmadan ötən üç il ərazində isə qanunsuz erməni silahlıları, separatçı-rejimin terrorçu dəstələri Azərbaycan ərazisində mina terroru, insanlıq əleyhinə cinayətlər, təxribatlar törədirdi. Bunun nəticəsində növbəti dəfə Azərbaycan vətəndaşları, hərbiçilərimiz minaya düşərək həlak olur, yaralanırdı”.
Deputatın fikrincə, Azərbaycan öz ərazisində sözsüz ki, qanunsuz silahlıların olmasına, terror yuvasının saxlanılmasına göz yuma bilməzdi: “Çünki terrorçu-xunta rejimi Qarabağda olan erməni əsilli sakinləri girovluqda saxlamaqla öz çirkin niyyətlərini reallaşdırmağa çalışırdı. 2023-cü ilin 19 sentyabrında Azərbaycanın başlamış olduğu antiterror tədbirləri məhz terrorçu dəstələrin, qanunsuz erməni silahlılarının və legitim hərbi hədəflərin məhvinə yönəlmişdi. Azərbaycan Ordusu qısa zamanda terrorçuların ağ bayraq qaldırb, təslim olmasına nail oldu. Separatçılar silahı yerə qoyub təslim olduqlarını, bütün silah-sursatı təhvil verəcəkləri, Azərbaycanın bütün şərtlərini qəbul edəcəklərini açıqladılar. Artıq Qarabağın erməni sakinlərinin inteqrasiyası ilə bağlı üç mühüm görüş keçirilib. Bir çox məsələlər həll edilib. Azərbaycan hökuməti erməni əsilli sakinlərin ilkin tibbi yardım qida və digər ehtiyaclarının təminatı üçün zəruri addımlar atır. Proses hazırda da davam edir”.
Millət vəkili bütün bunların fonunda 30 ildən artıq bir zaman kəsiyində Azərbaycan və azərbaycan xalqı haqqında mənfi obraz yaradan Ermənistanın hərbi-siyasi hakimiyyəti, terrorçu-xunta rejimi dinc erməniləri də öz çirkin siyasətinin alətinə, qurbanına çevirib: “Məhz qısa zaman kəsiyində icra edilən antiterror tədbirlərindən sonra separatçı rejimin özünü buraxması və silah-sursatı təhvil verməsi fonunda Qarabağda yaşayan erməniləri Laçın sərhəd-buraxılış məntəqəsindən keçidində intensivlik müşahidə edilir. Burada da erməni tərəfi özünün çirkin məqsədlərinə uyğun şou yaratmağa, məsələni siyasiləşdirməyə çalışır. Azərbaycanı “etnik təmizləmə” və digər absurd məsələlərdə ihttiham edir. Bunun üçün növbəti dəfə Qarabağın dinc erməni sakinlərindən alət kimi istifadə olunur”.
Sevinc Hüseynova vurğulayıb ki, 90-ci illərində əvvələrində azərbaycanlılara qarşı etnik təmizləmə aparan məhz Ermənistan olub: “1988-ci ildən indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında, Qərbi Azərbaycanda yaşayan soydaşlarımız qısa zamanda zorla öz ev-eşiklərindən deportasiya edildi. Xocalıda insanlıq əleyhinə cinayət, soyqırım törətmiş bir ölkənin indiki halda Azərbaycana qarşı əsası olmayan ittihamlar səsləndirməsi cəfəngiyyatdır. Bu gün Laçın sərhəd-buraxılış məntəqəsində Ermənistan istiqamətində keçən ermənilər mediyaya, jurnalistlərə açıqlamalarında heç bir təzyiq və təpki ilə üzləşmədən könüllü şəkildə getdikləri və bir çoxları da geri qayıdacağını, Azərbaycan qanunları ilə pasport alaraq dinc yaşayacağını deyirlər. Amma fakt odur ki, 90-cı illərin əvvəllərində azərbaycanlılar bu hüquq və imkandan məhrum idi. Erməni cəlladlarının amansızlığı nəticəsində dinc azərbaycanlıların yeganə yolu ayaqyalın, başı açıq qaçıb sağ qalmaq uğrunda mübarizə aparmaq idi. Soydaşlarımızın çoxusu da buna nail ola bilməmişdi. Bu gün də 4 minə yaxın itgin soydaşımızın taleyindən heç bir xəbər yoxdur. Ona görə də, ortada bu cür faktların olması fonunda Ermənistanın özünün işğalçı, təcavüzkar mahiyyətinə uyğun olaraq absurd iddialarla çıxış etməsi sadəcə olaraq cəfəngiyyatdır. Dünya birliyi də bu gün hadisələrin əslində necə cərəyəan etdiyini açıq şəkildə görür, dərk edir. Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın Qarabağ bölgəsini öz istəkləri ilə tərk edərək Ermənistana köçən erməni sakinlərə qarşı pis rəftarla bağlı heç bir faktın qeydə alınmadığını açıqlayıb”.