Azərbaycan öz ərazisi daxilində ölkə Konstitusiyasına, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun addımlar atır. Ölkəmiz qoşulmuş olduğu beynəlxalq konvensiyalara hər zaman sadiqdir. Amma buna baxmayaraq Azərbaycan bir sıra beynəlxalq təşkilatlar və ölkələr tərəfindən iki standartlarla üzləşir. Bu Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən 90-cı illərdə işğal faktı, bir milyona yaxın ölkə vətəndaşının öz ərazimizdə qaçqın və məcburi köçkünə çevrildiyi zamanlarda da müşahidə edilib. Çox təəsüf ki, beynəlxalq birlik özünün təsdiq etdiyi prinsiplərə uyğun davranmayıb, Ermənistan tərəfindən Azərbaycanın ərazisinin işğal faktına, bir milyona yaxın vətəndaşımızın pozulmuş hüquqlarına dair heç bir reaksiya verilməyib.
Bu fikirləri Siyasətinfo-ya açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın icra etmədiyi qətnamələri təkbaşına yerinə yetirdi: “BMT TŞ-nin çıxarmış olduğu qətnamələri təmin etmək Azərbaycan ərazilərindən Ermənistanın silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması təmin etmək isə bu təşkilatın birbaşa səlahiyyətlərinə daxil idi. Eyni zamanda 30 ilə yaxın keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində birbaşa məsul olan ATƏT-in Minsk Qrupu işğalçıya və işğala məruz qalan tərəfə eyni yanaşma sərgiləyib. Bu da Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğalda saxlaması ilə nəticələnib”.
Deputat bildirib ki, 2020-ci ilin 27-i sentyabrından isə Azərbaycan Ermənistanın işğal siyasətinə, təcavüzünə son qoymaq üçün Vətən Müharibəsinə başladı: “44 gün davam edən hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq birlik və BMT tərəfindən tanınan ərazi bütövlüyü daxilində həyata keçirildi. Nəticədə, Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təmin etdi. Amma buna baxmayaraq 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanata imza atan Ermənistan bu razılaşma ilə üzərinə götürdüyü öhdəliklərdən növbəti dəfə boyun qaçırdı. Bu günə kimi Azərbaycan ərazisində Ermənistana məxsus silahlı birləşmələrin qalıqlarının olması, qondarma rejimə verilən dəstək məhz təcavüz, işğal siyasətinin mahiyyətindən xəbər verir. Nəticədə isə müharibənin bitməsindən ötən 3 il ərzində Ermənistana məxsus silahlı birləşmələr və separatçı rejim Azərbaycan ərazisində müxtəlif mina təxribatları, terror hücumları həyata keçirirdi”.
Millət vəkili vurğulayıb ki, sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri isə legitim hərbi hədəflərə, separatçı-xunta rejiminin döyüş məntəqələrinə qarşı həyata keçirildi: “Antiterror tədbirləri zamanı heç bir mülki obyekt və şəxs hədəf alınmadı. Hətta Avropa İttifaqı da Azərbaycanın antiterror tədbirlərinin öz ərazisindəki qanunsuz silahlı briləşmələr və ölkənin Konstitusiya quruluşuna qarşı çıxanlara qarşı həyata keçirildiyini bildirib. BMT-nin sonuncu toplantısında da bu fakt bir daha açıq şəkildə nümayiş edildi. Ermənistanın baş naziri belə Azərbaycanın antiterror tədbirlərində heç bir mülki şəxsin zərər görmədiyini bildirdi. Avropa İttifaqının son açıqlaması da Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində yaranmış yeni reallığın dünya birliyi tərəfindən qəbul edildiyini göstərir. Çünki Aİ-nın mövqeyi Azərbaycanın həyata keçirdiyi tədbirləri öz suveren ərazisində qeyri qanuni hərbi birləşmələrin və onların hərbi infrastrukturunun neytrallaşdırılmasına yönəldiyni təsdiqləyir. Bir daha Aİ-ı təsdiq edir ki, Azərbaycan nəinki mülki əhalini hədəfə götürməyib, əksinə, onun təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən vəzifələri yerinə yetirib. Bundan başqa, Azərbaycan mülki əhalinin öz yaşayış yerlərində qalmasını istəyir, bunun üçün ərazidə yaşayan insanlara humanitar yardım göstərir. Həmçinin beynəlxalq strukturların humanitar missiyalarına şərait yaradılır. Bu mənada ərazidən mülki insanların çıxması məcburi xarakter daşımır, bu onların öz istəyi ilə bağlıdır. Bütün bunlar onu deməyə əsas verir ki, antiterror tədbirlərinin nəticəsində yaranmış yeni reallıq sülhün alternativinin olmadığını göstərir”.
Sevinc Hüseynova indiki halda ABŞ və bir çox Qərb ölkələrinin Qarabağa beynəlxalq təşkilatların missiyasının göndərilməsi ilə bağlı mövqeyinə münasibət bildirib: “Reallıq odur ki, Azərbaycan ərazisi işğalda olanda, 1 milyona yaxın azərbaycanlı öz vətənində qaçqın və məcburi köçkünə çevriləndə bu qurum və dövlətlər proseslərin üstündən sükutla keçirdilər. Halbuki ərazisinin 20 faizi Ermənistan tərəfindən eşğal edilən, 1 milyona yaxın qaçqın və mıəcburi köçkün vətəndaşı olan Azərbaycan idi. Fakt odur ki, bu gün Ermənistan və onun maraqları üçün dəridən-qabıqdan çıxanlar həmin vaxt Azərbaycan vətəndaşlarının pozulmuş hüquqları, soyqırım, etnik təmizləmə şəxsi və dövlətin mülkiyyətinin məhv edilməsi ilə bağlı heç bir reaksiya verilməmişdi. Bu sözsüz ki, həmin təşkilatların və ölkələrin ikili standartlardan, proseslərə ancaq öz şəxsi maraqlar kontekstindən yanaşmasından irəli gəlir”.