Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın icra etmədiyi qətnamələri təkbaşına təmin etdi. Halbuki BMT TŞ-nin çıxarmış olduğu qətnamələri təmin etmək yəni, Azərbaycan ərazilərindən Ermənistanın silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması onun səlahiyyətləri çərçivəsində idi. Eyni zamanda Avropa İttifaqının, Avropa Parlamentinin, Avropa Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çıxarılmış qərarları 30 ilə yaxın kağız üzərində qaldı. İşğalçıya və işğala məruz qalan tərəfə eyni yanaşma sərgiləndi. Ermənistanın təcavüz siyasətinə beynəlxalq birliyin heç bir reaksiya verməməsi onun daha da azğınlaşmasına, yeni müharibə, yeni ərazilər tezisi ilə çıxış etməsinə yol açdı. 2020-ci ilin 27-i sentyabrından isə Azərbaycan Ermənistanın azğınlaşmış siyasətinə, təcavüzünə son qoymaq üçün Vətən Müharibəsinə başladı. 44 gün davam edən hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq birlik və BMT tərəfindən tanınan ərazi bütövlüyü daxilində həyata keçirildi. Nəticədə, Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təımin etdi.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanata imza atan Ermənistan bu razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri icra etmədi: “Məhz bu günə kimi Azərbaycan ərazisində Ermənistana məxsus silahlı birləşmələrin qalıqlarının qalması, qondarma rejimə verilən dəstək növbəti təcavüz niyyətindən xəbər verirdi: “Məhz müharibənin bitməsindən ötən 3 il ərzində Ermənistana məxsus silahlı birləşmələr və separatçı rejim Azərbaycan ərazisində müxtəlif mina təxribatları, terror hücumları həyata keçirib. Sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri isə legitim hərbi hədəflərə, separatçı-xunta rejiminin döyüş məntəqələrinə qarşı həyata keçirildi. Antiterror tədbirləri zamanı heç bir mülki obyekt və şəxs hədəf alınmadı”.
Millət vəkili Azərbaycanın antiterror tədbirlərinin öz ərazisindəki qanunsuz silahlı briləşmələr və ölkənin Konstitusiya quruluşuna qarşı çıxanlara qarşı həyata keçirildiyini bildirib: “BMT-nin sonuncu toplantısında da bu fakt bir daha açıq şəkildə təsbit edildi. Ermənistanın baş naziri belə Azərbaycanın antiterror tədbirlərində heç bir mülki şəxsin zərər görmədiyini açıqladı. Avropa İttifaqının son açıqlamasında Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində yaranmış yeni reallığın dünya birliyi tərəfindən qəbul edildiyini göstərir”.
Millət vəkilinə görə Aİ-nın mövqeyi ondan ibarətdir ki, Azərbaycanın həyata keçirdiyi tədbirlər öz suveren ərazisində qeyri qanuni hərbi birləşmələrin və onların hərbi infrastrukturunun neytrallaşdırılmasına yönəlib: “Aİ-ı da təsdiq edir ki, Azərbaycan nəinki mülki əhalini hədəfə götürməyib, əksinə, onun təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən vəzifələri yerinə yetirib. Bundan başqa, Azərbaycan mülki əhalinin öz yaşayış yerlərində qalmasını istəyir, bunun üçün ərazidə yaşayan insanlara humanitar yardım göstərir. Həmçinin beynəlxalq strukturların humanitar missiyalarına şərait yaradılır. Bu mənada ərazidən mülki insanların çıxması məcburi xarakter daşımır, bu onların öz istəyi ilə bağlıdır. Bütün bunlar onu deməyə əsas verir ki, antiterror tədbirlərinin nəticəsində yaranmış yeni reallıq sülhün alternativinin olmadığını göstərir. Ona görə də, davamlı sülhün əldə edilməsi üçün bütün səylərin səfərbər edilməsi vacibdir”.