10 dekabr 2020-ci il tarixində keçirilən Zəfər paradı Azərbaycan tarixində mühüm yer tutur. Bu qalib Azərbaycanın, Müzəffər Ordunun keçirdiyi hərbi parad idi. 30 illik işğala son qoyan qalib Azərbaycan əsgəri Azadlıq meydanında uğurla, başı dik addımlayırdı. Bu Zəfər paradı həmçinin Azərbaycan xalqının məğrurluğunu, işğalla heç vaxt barışmayacağını, dövlətimizin əzminin nümayişi idi. Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə ilə son 200 illik tariximizdə Azərbaycanın qazanmış olduğu bu tarixi qələbə müstəsna önəm kəsb edir.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O hesab edir ki, “Azadlıq meydanında çox paradalar keçirilsə də, bu paradın xüsusi önəmi var idi: “Çünki bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün, Zəfər Paradının, şanlı qələbənin müəllifi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev və Azərbaycan xalqıdır. Çünki bu ölkəmizin müasir tarixində möhtəşəm və unudulmaz hadisə idi. Həmin gün Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak edib. Eyni zamanda paradı yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də izləyib. Zəfər paradında qələbəmizin rəmzi olaraq Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Şanlı Bayrağımız meydana gətirilmişdi”.
Deputat qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir silah-sursat, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlər nümayiş etdirilib: “Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunub”.
Millət vəkili bildirib ki, 44 günlük müharibənin hər günü şanlı tarixdir: “Hər gün Azərbaycan Ordusu irəli gedirdi, yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Bu eyni zamanda vətənpərvərliyin və əsgər andına sadiqliyin təcəssümü idi. Vətən müharibəsində Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, “bizi tezliklə sağaldın, döyüş meydanında, öz missiyamızı başa vurmalıyıq”. Sözsüz ki, Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistan silahlı qüvvələrini məhv etməyib. Eyni zamanda erməni mifi də darmadağın oldu. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi. Azərbaycan döyüş meydanında öz gücünü, qüdrətini göstərdi. Ermənistan ordusu mənəvi məğlubiyyətə uğradı. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərarinin olması bu faktı təsdiqləyir”.
Aqil Məmmədova görə, Zəfər paradı Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərinin rəmzidir: “Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbul etməsi qürurverici tarixi hadisə oldu. İki ölkə rəhbərinin Zəfər paradını birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Sözsüz ki, Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. 44 günlük Qarabağ müharibəsinin ilk günündən son gününədək dost və qardaş Türkiyə Azərbaycanın yanında oldu, haqq səsimizə dəstək verdi. Həm çox hörmətli Rəcəb Tayyib Ərdoğanın, həm də Türkiyənin digər rəsmi şəxslərinin Vətən müharibəsi zamanı etdiyi qətiyyətli çıxışlar, verdiyi bəyanatlar bizə əlavə ruh və güc verdi. Türkiyə tək müharibə ərzində deyil, müharibədən sonra da hər zaman Azərbaycanın mövqeyini dəstəklədi və tariximizin ən önəmli anında – Zəfər Paradında bizimlə bir yerdə oldu”.