Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi “qətnamə” heç bir hüquqi əsasa malik deyil. Bu Fransanın Azərbaycana qarşı olan qərəzinin açıq göstəricisidir. Özünü tamamilə erməni lobbisinin ağuşuna buraxmış Fransa senatı və milli assambleyası bu cür qərarları ilə dövlətçiliklərinə ziyan vururlar. Çünki beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu “qərarlar” Fransanın imicini ciddi şəkildə zədələyir.
Siyasətinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat hesab edir ki, bu cür absurd qərarlarla Fransa siyasəti öz həddini aşıb: “Bu “qətnaməyə qarşı Azərbaycan xarici işlər naziri, eləcə də parlamentimiz etiraz edib. Azərbaycan Milli Məclisi də öz bəyanatını yayıb. Biz əvvəllərdən ermənipərəst mövqe deyirdik. Amma ermənipərəst mövqe demək çox yumşaqdır. Artıq Fransa tam erməni, vandal, faşist mövqeyindən çıxış edir. Tam ermənilərin düşüncəsi ilə, zehniyyəti ilə Azərbaycana münasibət göstərirlər. Və qərəzliliyin dərəcəsi hansı dərəcəyə çatıb ki, artıq həm Senatda, həm də Milli Assambleya da belə bir qanunsuz, beynəlxalq hüquqa zidd olan sənəd qəbul ediblər. Fransa ötən 30 ilə yaxın müddətdə Minsk qrupunun həmsədri kimi hər zaman işğalçı Ermənistanın yanında oldu. Ona görə də Ermənistanın işğalı 30 il müddətinə qədər çəkdi”.
Məlahət İbrahimqızı deyib ki, Fransanın bu riyakar sifəti açıldığından, ifşa olunduğundan beynəlxalq səviyyədə hər bir ölkənin öz ictimaiyyəti qarşısında, iqtidarın xalq qarşısında hesabatı verməlidir: “Amma çox təəssüf ki, Fransa ictimaiyyəti də erməni lobbisinin təsiri altındadır. Fransa artıq demək olar ki, xalis etnik fransız xalqının mənafeyini müdafiə edən dövlət deyil. Bu gün Ermənistan hansı siyasəti həyata keçirirsə, Fransa da həmin siyasəti həyata keçirir. Erməni lobbisi orada elə güclüdür ki, fransız siyasətçiləri və eləcə də Fransanın dövlət adamları erməni lobbisinin əlində alət olub. Onların marağını müdafiə etməkdən başqa yolları yoxdur. Fransa öz problemlərinin həll etmək əvəzinə Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyindən əl çəkmir. Azərbaycan xalqı öz problemini həll edib, işğala son qoyub, Qarabağ işğaldan azad olunub, Ermənistanın təcavüzkar ordusu darmadağın edilib. Ermənistanın baş naziri özü kapitulyasiya aktına qol çəkib”.
Millət vəkilinə görə, bu gün bölgədə sülhün, əmin-amanlığın bundan sonrakı inkişafına dəstək verməkdənsə, əksinə yeni konflikt ocaqların alovlanmasına şərait yaratmaq yol verilməzidir: “Birmənalı şəkildə bu ha qəbul olunmazdır. Bir ölkə açıq sürətdə təcavüzkarı dəstəkləyirsə, deməli özü də işğalçı siyasət yürüdür. Sözsüz ki, bu cür sənədi qəti şəkildə rədd edilir. Azərbaycan cəmiyyətinin Fransanın bu cür qərarlarına kəskin etirazı mövcuddur”.