Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclası keçirilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva da sessiyada iştirak edərək bir sıra əhəmiyyətli mövzular üzrə fikirlər səsləndirib.
Siyasetinfo xəbər verir ki, öncə “Əlilliyi olan şəxslərin inklüzivləşdirilməsi istiqamətində innovasiyaların təşviqi” mövzusunda fikirlərini bölüşən millət vəkili son illərdə baş verən bir sıra qlobal böhranlar, xüsusilə COVİD-19 pandemiyası əlillərin üzləşdiyi mövcud bərabərsizlikləri və ayrı-seçkiliyi daha da dərinləşdirib. Buna görə də, onların inklüzivliyini artırmaq məqsədilə əlillərin funksional imkanlarını təkmilləşdirmək üçün nəzərdə tutulmuş müxtəlif innovativ proqramların, köməkçi texnologiyaların tətbiqi və inkişaf etdirilməsinin önəmini vurğulayıb. Həmçinin K.Nurullayeva hökumətlərin bu cür texnologiyaların istifadəsini təşviq etməklə yanaşı, onların hazırlanmasında da iştirakının vacibliyini diqqətə çatdırıb.
Daha sonra “Əlilliyi olan qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə” mövzusunda da fikirlərini bölüşən K.Nurullayeva, gender əsaslı zorakılıqla bağlı qanunların hazırlanmasında əlilliyi olan qadınların da iştirakının əhəmiyyətindən bəhs edib. Millət vəkili bu kateqoriyadan olan qadınların prosesdə yaxından iştirakının onların problemlərinin daha yaxşı anlaşılması və effektiv həll yollarının hazırlanması baxımından vacib olduğunu bildirib.
K.Nurullayeva, həmçinin Bərabərlik və qeyri-diskriminasiya komitəsinin tərkibində yaradılmış “Nifrətə Yox” Parlament Alyansının “Nifrət nitqi ilə mübarizə: qurbanlara dəstək tədbirləri – parlamentarilərin rolu”na həsr olunmuş iclasına da qatılıb. Millət vəkili nifrət nitqi qurbanlarının dəstəklənməsi istiqamətində qurbanların hüquqları və onlardan necə istifadə edəcəkləri barədə ictimaiyyətin məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb. “Parlamentarilər də nifrət nitqinin müəlliflərini öz əməllərinə görə məsuliyyətə cəlb etmək üçün bu cür davranışları qadağan edən qanunlar qəbul etmək və onların effektiv şəkildə həyata keçirilməsini təmin etməklə bu mübarizədə mühüm rol oynaya bilərlər”, – deyə o əlavə edib.
Qeyd edək ki, K.Nurullayeva “Nifrətə Yox” Parlament Alyansına üzv seçilib. 2015-ci ildə yaradılmış Alyans irqçilik, nifrət və dözümsüzlüyə qarşı açıq, qəti və fəal mövqe tutmağı öhdəsinə götürən parlamentarilər şəbəkəsidir.