Azərbaycan Türkiyə qardaşlığı dünyaya bir nümunədir və biz bu nümunəni dəfələrlə görmüşük. Hər zaman ağrılı günlərində də, sevincli günlərində də bu iki xalq bir birinin yanında olub. Türkiyədə baş verən zəlzələdən sonra Türkiyənin yanında birinci məhz qardaşı Azərbaycan oldu.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O bildirib ki, Azərbaycan xalqı Vətən müharibəsində necə ki, bir yumruq olaraq düşmənə qarşı mübarizə aparırdısa, bu günlərdə də kiçikdən böyüyə xalqımız ayağa qalxaraq bütün imkanları ilə qardaş Türkiyə üçün birləşib:
“Azərbaycan xalqı bu faciədən qardaş Türkiyə xalqı qədər acı çəkir. Fevralın 6-da Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ilk olaraq əlaqə saxlayıb və ardınca da aidiyyatı dövlət qurumlarına lazım olan köməyi göstərmək barədə tapşırıqlar verib. İlk olaraq peşəkar xilasetmə heyəti və tibbi heyəti Azərbaycandan qardaş Türkiyəyə yollanıb və bu gün Azərbaycan cəmiyyətində böyük yardım kampaniyası başlayıb və təbii ki, bu dəstək zəlzələnin fəsadları tam aradan qaldırılana qədər davam edəcək.
İctimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulublar.
Özəl sektor da öz dəstəyini əsirgəmir. Özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar
Azərbaycan və Türkiyə qardaşlığı qədim tarixi köklərə malikdir. Ancaq biz bu qardaşlığın nə qədər möhkəm olmasını vətən müharibəsi günlərində gördük və bu qardaşlıq Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan apardığı siyasət nəticəsində daha da möhkəmlənib, daha da dərinləşib və bu iki qardaş ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub”.