8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri, xalqımızın milli iradəsinin, birliyinin və sarsılmaz vətənpərvərliyinin təntənəsidir. Bu əlamətdar tarix xalqımızın yaddaşında daim qürurla yaşayacaq, gələcək nəsillərə qəhrəmanlıq və mübarizlik nümunəsi kimi ötürüləcəkdir.
Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalan torpaqlarımız 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində azadlığına qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, siyasi iradəsi və strateji qərarları, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində xalqımız tarixi Zəfərə imza atdı.
Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarını, eləcə də bir sıra yaşayış məntəqələrini işğaldan azad etdi. Noyabrın 8-də isə Qarabağın tacı sayılan Şuşa şəhərinin azad edilməsi müharibənin taleyini həll edən mühüm hərbi və siyasi hadisəyə çevrildi. Şuşanın azad olunması Azərbaycan əsgərinin qəhrəmanlığının, peşəkarlığının və Vətən sevgisinin parlaq təcəssümü oldu.
Döyüş meydanında əldə edilən uğurlar Prezident İlham Əliyevin beynəlxalq siyasi müstəvidə nümayiş etdirdiyi prinsipiallıq və qətiyyətlə tamamlandı. Nəticədə Ermənistan kapitulyasiya aktı mahiyyətli üçtərəfli bəyanatı imzalamağa məcbur oldu. Bununla da Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi.
44 günlük Vətən müharibəsində qazanılan Qələbə yalnız ərazi bütövlüyümüzün bərpası ilə məhdudlaşmadı. Bu Zəfər Azərbaycan xalqının öz gücünə inamını daha da möhkəmləndirdi, milli həmrəyliyimizi gücləndirdi və dövlətimizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı. Dünya bir daha şahidi oldu ki, Azərbaycan xalqı öz torpaqlarının müdafiəsi və azadlığı uğrunda hər zaman bir yumruq kimi birləşməyi bacarır.
Bu tarixi Qələbənin əsasında dövlət-xalq-ordu birliyi, xalqımızın milli ruhu, əsgər və zabitlərimizin fədakarlığı dayanır. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi, qazilərimizin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların fədakarlığı sayəsində bu gün üçrəngli Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanır.
Zəfərdən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri azad edilmiş ərazilərin yenidən qurulması və doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz evlərinə qayıdışının təmin edilməsidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin gücünü, iqtisadi imkanlarını və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir. Vaxtilə dağıdılmış şəhər və kəndlərimiz yenidən qurulur, müasir infrastruktur yaradılır, Böyük Qayıdış proqramı çərçivəsində həyat öz axarına qayıdır.
Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il noyabrın 8-nin Zəfər Günü kimi qeyd edilməsi müəyyənləşdirilmişdir. Bu qərar 44 günlük Vətən müharibəsində qazanılmış misilsiz tarixi Qələbənin əbədiləşdirilməsi, şəhidlərimizin xatirəsinin uca tutulması və qəhrəmanlıq salnaməmizin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini, həmrəyliyini, vətənpərvərlik ruhunu və mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə tarixi ədaləti təmin etdi. Bu Qələbə şəhidlərimizin qanının yerdə qalmadığını, xalqımızın haqq mübarizəsinin zəfərlə nəticələndiyini təsdiqlədi.
Bu gün əldə etdiyimiz tarixi uğurların arxasında Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun uğurla davam etdirilməsi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, güclü Azərbaycan Ordusunun qüdrəti, əsgər və zabitlərimizin qəhrəmanlığı dayanır.
Zəfər Günü bizə yalnız keçmişimizi xatırlatmır, həm də gələcək qarşısında məsuliyyətimizi yada salır. Bu şanlı tarixi qorumaq, şəhidlərimizin əziz xatirəsini yaşatmaq, milli birliyimizi möhkəmləndirmək və güclü Azərbaycan naminə çalışmaq hər birimizin mənəvi borcudur.
Ülvi Salmanov
YAP Abşeron rayon təşkilatının sədr müavini
