8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində milli qürurun, dövlətçilik iradəsinin, xalq-ordu birliyinin və sarsılmaz vətənpərvərlik ruhunun təcəssümüdür. Bu əlamətdar gün xalqımızın yaddaşına yalnız hərbi Qələbənin tarixi kimi deyil, həm də milli iradəmizin, birliyimizin və müstəqil dövlətimizin qüdrətinin təntənəsi kimi həkk olunub.
2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək uzun illər davam edən ədalətsizliyə son qoydu. Azərbaycan xalqı öz tarixi torpaqlarına sahib çıxmaq əzmini, dövlətimizin gücünü və milli birliyini bütün dünyaya nümayiş etdirdi.
Bu möhtəşəm Qələbənin əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi müstəqil dövlətçilik strategiyası, ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü siyasət və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi dayanır. İllər ərzində gücləndirilən Azərbaycan Ordusu müasir hərbi texnologiyalar, yüksək döyüş hazırlığı və peşəkarlığı ilə dünyanın diqqətini cəlb edən bir gücə çevrildi. Vətən müharibəsində Azərbaycan əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq xalqımızın hərbi salnaməsinə qızıl hərflərlə yazıldı.
8 Noyabr 2020-ci il tarixində Şuşanın azad edilməsi Zəfərimizin həlledici mərhələsi olmaqla yanaşı, Azərbaycan xalqının mənəvi gücünün və sarsılmaz iradəsinin təntənəsinə çevrildi. Mədəniyyətimizin paytaxtı olan Şuşanın azadlığı tarixi ədalətin bərpasının, milli qürurumuzun və dövlətçilik əzminin rəmzi oldu. Bu tarixi hadisə Vətən müharibəsində Qələbənin əldə olunmasında həlledici rol oynadı və 10 noyabr tarixli üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılmasına gətirib çıxardı.
44 günlük Vətən müharibəsi Azərbaycanın yalnız döyüş meydanında deyil, diplomatik və informasiya müstəvisində də güclü mövqeyə malik olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr, prinsipial çıxışları və ardıcıl diplomatik fəaliyyəti ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət daşıdı. Dövlət başçısının qətiyyətli siyasəti, strateji baxışı və siyasi iradəsi Qələbəmizin mühüm amillərindən biri oldu.
Zəfərimizin əsas dayaqlarından biri də Azərbaycan xalqının nümayiş etdirdiyi misilsiz həmrəylik idi. Müharibə günlərində cəmiyyətimizin bütün təbəqələri, müxtəlif siyasi baxışlara malik insanlar, ictimai təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri vahid amal ətrafında birləşdilər. Xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşərək dövlətimizin və Ordumuzun yanında olduğunu bütün dünyaya göstərdi. Bu birlik Azərbaycan dövlətinin ən böyük mənəvi güc mənbələrindən biri olduğunu bir daha təsdiqlədi.
Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədə qardaş Türkiyənin göstərdiyi siyasi və mənəvi dəstəyin də xüsusi yeri vardır. Türkiyə və Azərbaycan arasında əsrlərə söykənən dostluq və qardaşlıq münasibətləri həmin dövrdə bir daha özünü aydın şəkildə göstərdi. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə bu münasibətlər daha da möhkəmləndi, 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldi. Bu gün Azərbaycan-Türkiyə birliyi regionda sülhün, təhlükəsizliyin və sabitliyin mühüm amillərindən biridir.
2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazimizdə tam bərpa olundu. Prezident İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərində Dövlət Bayrağımızı ucaltması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsinin tarixi rəmzinə çevrildi. Bununla da Azərbaycan öz suveren hüquqlarını bütün ərazisində bərqərar etdi və yeni inkişaf mərhələsinə qədəm qoydu.
Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın öz torpaqlarına qayıdışı təmin olunur. Yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur qurulur, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa edilir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında həyata keçirilən layihələr Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının bariz nümunəsidir.
Qazanılan Zəfərin ən böyük mənəvi dəyəri isə, şübhəsiz ki, şəhidlərimizin müqəddəs xatirəsi ilə bağlıdır. Bu Qələbə Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və xalqımızın böyük fədakarlığı hesabına əldə olunub. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq, adları və əziz xatirələri Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu müqəddəs dəyərlərə verilən yüksək qiymətin ifadəsidir.
Zəfər Günü həm də gələcək nəsillər qarşısında böyük məsuliyyət yaradır. Biz bu tarixi Qələbənin mahiyyətini gənclərimizə aşılamalı, onlarda vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq və dövlətçilik düşüncəsini daha da gücləndirməliyik. Çünki güclü dövlətin, qalib xalqın və müstəqil Azərbaycanın gələcəyi milli birliyimizin qorunmasından, tarixi yaddaşımıza sahib çıxmağımızdan və ölkəmizin inkişafına töhfə verməyimizdən asılıdır.
Bu gün Azərbaycan qalib dövlət kimi qarşısında duran yeni hədəflərə doğru inamla irəliləyir. Ölkəmizin beynəlxalq nüfuzu artır, iqtisadi və siyasi potensialı güclənir, regionda sülh və əməkdaşlıq təşəbbüsləri ardıcıl şəkildə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasət Azərbaycanın dayanıqlı inkişafını, milli maraqlarının qorunmasını və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsini təmin edir.
8 Noyabr – Zəfər Günü bizim üçün sadəcə təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün milli kimliyimizin, dövlətçilik iradəmizin, xalqımızın birliyinin və yenilməz ruhunun rəmzidir. Bu Zəfər bizə sübut etdi ki, birlik olan yerdə güc, qətiyyət olan yerdə uğur, Vətən sevgisi olan yerdə isə heç bir maneə qarşısında dayanmayacaq iradə vardır.
Əminliklə deyə bilərik ki, Azərbaycan xalqı 8 Noyabr tarixini hər zaman böyük qürurla qeyd edəcək, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edəcək və bu şanlı tarixi gələcək nəsillərə ötürəcəkdir.
Abbas Əliyev
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri
