Azərbaycanın müasir tarixində elə günlər var ki, onların əhəmiyyəti təqvimlə ölçülmür. Bu günlər xalqın yaddaşına milli qürurun, tarixi ədalətin və dövlətçilik əzminin təcəssümü kimi həkk olunur. 8 Noyabr – Zəfər Günü də məhz belə möhtəşəm tarixlərdəndir. Bu tarix Azərbaycan xalqının onilliklər boyu qəlbində yaşatdığı müqəddəs arzunun gerçəkləşdiyi, milli iradənin sarsılmazlığının bütün dünyaya nümayiş etdirildiyi gündür.
Uzun illər ərzində Qarabağ münaqişəsi Azərbaycanın siyasi gündəliyinin ən ağrılı məsələsi, milyonlarla soydaşımızın taleyinə təsir edən ağır humanitar problem olmuşdur. Doğma yurdlarından didərgin salınan insanların Vətən həsrəti, dağıdılan şəhər və kəndlərimiz, tarixi və mədəni irsimizə qarşı törədilən vandalizm xalqımızın yaddaşında dərin iz buraxmışdır. Lakin bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıdacağına və ədalətin bərpa olunacağına inamını itirməmişdir.
Bu inamın real nəticəyə çevrilməsi güclü dövlət quruculuğunun, məqsədyönlü siyasətin və ardıcıl inkişaf strategiyasının nəticəsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi, siyasi və hərbi baxımdan yeni inkişaf mərhələsinə qədəm qoydu. Dövlətimizin beynəlxalq mövqeləri möhkəmləndi, milli təhlükəsizlik sistemi təkmilləşdirildi, Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti yüksəldildi. Bütün bunlar ölkəmizin qarşısında duran ən mühüm tarixi vəzifənin həyata keçirilməsi üçün möhkəm zəmin yaratdı.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Bu müharibə yalnız döyüş meydanında aparılan mübarizə deyil, həm də xalqın öz milli hüquqlarına, dövlətinin suverenliyinə və ərazi bütövlüyünə sahib çıxmaq əzminin ifadəsi idi. 44 gün ərzində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək işğal altındakı torpaqlarımızın azadlığı uğrunda böyük fədakarlıq nümayiş etdirdi.
Həmin günlərdə ölkəmizin hər bir vətəndaşı eyni amal ətrafında birləşmişdi. Cəbhədə döyüşən əsgərimizin arxasında milyonlarla insanın mənəvi dəstəyi, duaları və qətiyyəti dayanırdı. Xalqımızın nümayiş etdirdiyi həmrəylik bir daha təsdiqlədi ki, milli maraqlar və Vətən sevgisi Azərbaycan cəmiyyətinin ən güclü birləşdirici amillərindəndir.
Noyabrın 8-də Şuşanın azad edilməsi isə hərbi əməliyyatların gedişində həlledici hadisəyə çevrildi. Qədim mədəniyyətimizin beşiyi, Qarabağın tacı olan Şuşanın azadlığı həm strateji, həm də mənəvi baxımdan müstəsna əhəmiyyət daşıyırdı. Bu qələbə Azərbaycan əsgərinin peşəkarlığını, cəsarətini və yüksək döyüş ruhunu bütün dünyaya göstərdi. Şuşada üçrəngli bayrağımızın ucaldılması xalqımızın yaddaşında əbədi yaşayacaq tarixi hadisələrdən biri oldu.
Zəfərin əldə edilməsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və qətiyyətli rəhbərliyi xüsusi əhəmiyyət kəsb etdi. Müharibə dövründə dövlət başçısının həm hərbi-siyasi proseslərə rəhbərliyi, həm də beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi ölkəmizin mübarizəsinin mühüm istiqamətlərini təşkil edirdi. Bu rəhbərliklə Azərbaycan öz gücünü, müstəqil qərarvermə qabiliyyətini və milli maraqlarını qorumaq əzmini nümayiş etdirdi.
2020-ci ilin noyabrında əldə olunan tarixi nəticə Azərbaycanın mübarizəsində yeni mərhələnin başlanğıcı oldu. Bununla belə, dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri ölkənin bütün ərazisində suverenliyin tam təmin edilməsi idi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində bu tarixi məqsədə də nail olundu. Azərbaycanın dövlət suverenliyi bütün ərazisində bərpa edildi. Beləliklə, uzun illər davam edən separatizmə son qoyuldu və Konstitusiya quruluşunun bütün ölkə ərazisində təmin edilməsi istiqamətində mühüm nəticə əldə olundu.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri Zəfərin yeni mərhələsini təşkil edir. Azad edilmiş ərazilərdə müasir infrastruktur yaradılır, yaşayış məntəqələri yenidən qurulur, məktəblər, xəstəxanalar, yollar və digər sosial obyektlər istifadəyə verilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Bu proses Azərbaycanın öz tarixi torpaqlarında həyatın yenidən canlandırılması istiqamətində qətiyyətli addımlar atdığını göstərir.
Zəfər Gününün mənəvi mahiyyəti isə bütün bu nailiyyətlərdən daha genişdir. Bu gün, ilk növbədə, Vətən uğrunda həyatını fəda etmiş şəhidlərimizin xatirəsinə ehtiram günüdür. Torpaqlarımızın azadlığı naminə canından keçən qəhrəmanlarımızın fədakarlığı heç vaxt unudulmayacaq. Qazilərimizin göstərdiyi şücaət, hərbçilərimizin rəşadəti və arxa cəbhədə xalqımızın nümayiş etdirdiyi birlik bu qələbənin ayrılmaz hissəsidir.
Azərbaycanın qazandığı Zəfər gələcək nəsillər qarşısında da mühüm məsuliyyət müəyyənləşdirir. Bu məsuliyyət müstəqil dövlətimizi daha da gücləndirmək, milli birliyimizi qorumaq, ölkəmizin inkişafına töhfə vermək və əldə etdiyimiz tarixi nailiyyətləri gələcək nəsillərə layiqincə ötürməkdən ibarətdir. Çünki qələbənin həqiqi davamı yalnız azad edilmiş torpaqlarda quruculuq aparmaqla deyil, həm də güclü, inkişaf etmiş və təhlükəsiz Azərbaycanın gələcəyini təmin etməklə mümkündür.
Bu gün 8 Noyabr Azərbaycan xalqının öz tarixinə inamla baxdığı, dövlətinin gücü ilə fəxr etdiyi və gələcəyə böyük ümidlərlə addımladığı gündür. Zəfər Günü bizə bir daha xatırladır ki, milli birlik, güclü dövlətçilik və Vətənə sədaqət hər bir uğurun təməlində dayanır.
8 Noyabr xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu tarix Azərbaycanın müstəqillik salnaməsinin ən parlaq səhifələrindən biri, milli qürurumuzun və dövlətçilik iradəmizin əbədi rəmzidir.
Ramiz Yusubov
