Azərbaycan xalqının tarixində, milli yaddaşında və mənəvi dünyasında xüsusi yeri olan Şuşa əsrlər boyu xalqımızın mədəniyyətinin, incəsənətinin, milli kimliyinin və dövlətçilik ənənələrinin mühüm mərkəzlərindən biri olub. Qarabağın tacı adlandırılan bu qədim şəhər öz zəngin tarixi, nadir memarlıq nümunələri, görkəmli şəxsiyyətləri və bənzərsiz təbiəti ilə Azərbaycanın milli sərvətidir.
Şuşa sadəcə coğrafi məkan deyil, Azərbaycan xalqının ruhunu, milli düşüncəsini və tarixi yaddaşını özündə yaşadan müqəddəs məkandır. Bu şəhər Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski və bir çox digər görkəmli şəxsiyyətlərin adı ilə Azərbaycan mədəniyyət tarixinə əbədi həkk olunub. Şuşada formalaşan musiqi, poeziya və sənət ənənələri milli mədəniyyətimizin inkişafına əvəzsiz töhfələr verib.
Şuşanın tarixi taleyində 2020-ci il noyabrın 8-i xüsusi əhəmiyyət daşıyır. Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu şəhəri işğaldan azad etdi. Şuşanın azad olunması 44 günlük Vətən müharibəsinin taleyini müəyyənləşdirən əsas hadisələrdən biri olmaqla yanaşı, xalqımızın tarixi ədalətin bərpasına olan inamının təntənəsi idi.
Azərbaycan əsgərlərinin misilsiz qəhrəmanlığı, fədakarlığı və peşəkarlığı nəticəsində həyata keçirilən Şuşa əməliyyatı hərb tariximizə xüsusi qəhrəmanlıq salnaməsi kimi daxil oldu. Dağları, qayaları aşaraq şəhəri azad edən igidlərimiz bütün dünyaya Azərbaycan xalqının Vətən sevgisini, mübarizə əzmini və milli birliyini nümayiş etdirdilər. Bu Qələbə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz iradəsi hesabına qazanıldı.
Şuşanın azad edilməsi ilə başlayan tarixi mərhələ 2023-cü ilin sentyabrında Azərbaycanın dövlət suverenliyinin bütün ərazilərində tam bərpası ilə yeni məzmun qazandı. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan ailələr xalqımızın Zəfərdən sonrakı həyatının mühüm göstəriciləridir.
Hazırda Şuşada genişmiqyaslı bərpa və yenidənqurma layihələri davam etdirilir. Tarixi-mədəni irsimizin qorunması, memarlıq abidələrinin bərpası, yeni yaşayış və sosial infrastrukturun yaradılması şəhərin inkişafında mühüm yer tutur. Şuşa öz tarixi simasını qorumaqla yanaşı, müasir Azərbaycanın inkişafını və quruculuq potensialını da nümayiş etdirir.
Prezident İlham Əliyevin sərəncamı ilə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi şəhərin milli və beynəlxalq miqyasda əhəmiyyətini daha da artırıb. “Şuşa İli”nin qeyd olunması, şəhərin Türk dünyasının və İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi onun zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verib.
Bu gün Şuşada ənənəvi “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi, tarixi məkanların bərpası, mədəniyyət və turizm infrastrukturunun inkişafı şəhərin əvvəlki şöhrətinin yenidən bərpa olunduğunu göstərir. Şuşa yenidən Azərbaycan musiqisinin, poeziyasının, incəsənətinin və mədəni həyatının mühüm ünvanına çevrilir.
Şuşanın dirçəlişi yalnız bir şəhərin bərpası deyil, həm də milli-mənəvi irsimizin yaşadılması, tarixi yaddaşımızın qorunması və gələcək nəsillərə ötürülməsidir. Burada görülən hər bir iş, salınan hər bir yol, bərpa edilən hər bir abidə xalqımızın öz tarixinə və torpağına bağlılığının ifadəsidir.
Şuşa şəhər günü münasibətilə bütün xalqımızı, xüsusilə də doğma yurdlarına qovuşan şuşalı həmvətənlərimizi ürəkdən təbrik edirəm. Şuşamızın hər zaman sülhün, mədəniyyətin, gözəlliyin və milli birliyimizin rəmzi olmasını arzulayıram.
Şuşa bizim tariximiz, mədəniyyətimiz və milli kimliyimizdir. Onun azadlığı xalqımızın birliyinin, dövlətimizin gücünün və gələcəyə olan inamımızın təcəssümüdür. Şuşa daim Azərbaycan olacaq!
Ülvi Salmanov
YAP Abşeron rayon təşkilatının sədr müavini
