Azərbaycan xalqının müasir tarixində elə günlər var ki, onların əhəmiyyəti zaman keçdikcə daha da artır, milli yaddaşımızda əbədi yaşayır. 8 Noyabr – Zəfər Günü məhz belə möhtəşəm tarixlərdən biridir. 2020-ci il noyabrın 8-də Müzəffər Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etməsi xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini yazdı. Bu tarixi hadisə yalnız bir şəhərin azadlığı deyil, milli iradəmizin, dövlət qüdrətimizin, xalq-ordu birliyinin və tarixi ədalətin təntənəsi oldu.
Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin taleyini həll edən, düşmənin hərbi-siyasi müqavimətini sarsıdan və Azərbaycanın Böyük Zəfərini rəsmiləşdirən həlledici hadisə idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibənin ilk günlərindən qətiyyətlə ifadə etdiyi “Şuşasız bizim işimiz yarımçıq qalar” fikri xalqımızın milli məqsədini və tarixi əzmini əks etdirirdi. Rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, peşəkarlığı və fədakarlığı nəticəsində bu məqsəd gerçəkləşdi.
Şuşa əməliyyatı hərb tariximizə xüsusi qəhrəmanlıq nümunəsi kimi daxil oldu. Sıldırım qayaları, keçilməz hesab edilən dağ yollarını aşaraq şəhərə daxil olan Azərbaycan əsgərləri öz cəsarətləri ilə bütün dünyaya sübut etdilər ki, Vətən sevgisi və milli iradə qarşısında heç bir maneə dayana bilməz. Şəhərin azad edilməsi düşmənin məğlubiyyətini qaçılmaz etdi və 44 günlük müharibənin Zəfərlə başa çatmasında həlledici rol oynadı.
Bu böyük tarixi Qələbənin arxasında illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti, güclü iqtisadiyyat, müasir ordu quruculuğu və milli həmrəylik dayanırdı. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı regionun qüdrətli dövlətinə çevirdi. Ölkəmizin iqtisadi potensialının gücləndirilməsi, müdafiə sənayesinin inkişafı, Silahlı Qüvvələrin müasir silah və texnika ilə təchiz olunması, hərbi qulluqçuların döyüş hazırlığının və mənəvi-psixoloji ruhunun yüksəldilməsi gələcək Zəfərin möhkəm təməlini formalaşdırdı.
Azərbaycanın hərbi uğurları diplomatik müstəvidə də qətiyyətli siyasətlə müşayiət olundu. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini bütün dünyaya nümayiş etdirdi. Uzun illər icrasız qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri Azərbaycan tərəfindən öz gücü hesabına həyata keçirildi. Beləliklə, xalqımız tarixi ədaləti özü bərpa etdi.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının sarsılmaz birliyini nümayiş etdirdi. Xalq, dövlət və ordu vahid amal ətrafında birləşərək əsl milli həmrəylik nümunəsi yaratdı. Ölkənin hər bir bölgəsində yaşayan insanlar, xaricdəki soydaşlarımız, könüllülər və bütün vətənpərvər insanlar Qələbəyə öz töhfələrini verdilər. Ön cəbhədə vuruşan əsgər və zabitlərimizin qəhrəmanlığı, arxa cəbhədə xalqımızın nümayiş etdirdiyi dəstək Zəfərimizin əsas mənəvi dayaqlarından oldu.
Bu Qələbənin ən böyük qəhrəmanları isə Vətən uğrunda canlarından keçən şəhidlərimizdir. Üç minə yaxın hərbçimizin həyatını itirdiyi Vətən müharibəsi xalqımızın yaddaşında həm böyük qürur, həm də əbədi hüzn kimi yaşayır. Şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir, qazilərimizin fədakarlığını minnətdarlıqla yad edirik. Onların qəhrəmanlığı Azərbaycan dövlətçiliyinin və müstəqilliyimizin ən möhkəm dayaqlarından biridir.
Prezident İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciəti isə Zəfər tariximizin unudulmaz anlarından biri oldu. Müzəffər Ali Baş Komandanın “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” tarixi sözləri milyonlarla insanın qəlbində qürur və sevinc hissi yaratdı. Həmin gün Azərbaycan xalqı yalnız Şuşaya deyil, öz tarixinə, milli kimliyinə və doğma torpaqlarına qayıtdığını bütün dünyaya bəyan etdi.
Lakin 8 Noyabr Zəfəri Azərbaycanın tarixi missiyasının son mərhələsi deyildi. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazilərində tam bərpa edildi. Qarabağda separatizmin mövcudluğuna son qoyuldu, dövlətimizin Konstitusiya quruluşu bərpa olundu. Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və Əsgəranda Azərbaycan bayrağını ucaltması xalqımızın tarixi qürurunu daha da yüksəltdi. Bu hadisə 2020-ci ildə qazanılmış hərbi Zəfərin məntiqi və tarixi davamı oldu.
Bu gün Azərbaycan qarşısında yeni vəzifə dayanır: azad edilmiş torpaqları yenidən qurmaq, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın qayıdışını təmin etmək və Qarabağla Şərqi Zəngəzuru ölkəmizin inkişaf edən bölgələrinə çevirmək. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı bu istiqamətdə ardıcıl və sistemli işlərin əsasını təşkil edir.
İşğaldan azad edilmiş ərazilərdə yollar, körpülər, tunellər, elektrik stansiyaları, su və kommunikasiya xətləri, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri və digər sosial infrastruktur obyektləri inşa olunur. Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu və digər mühüm nəqliyyat layihələri bölgənin iqtisadi və logistika imkanlarını genişləndirir. Uzun illər doğma torpaqlarından ayrı düşmüş ailələrin öz evlərinə qayıtması isə bu quruculuq prosesinin ən böyük mənəvi nəticəsidir.
Şuşanın dirçəldilməsi bu böyük strategiyanın xüsusi istiqamətini təşkil edir. Tarixən Azərbaycanın mədəniyyət, ədəbiyyat, musiqi və ictimai fikir mərkəzlərindən biri olan Şuşa öz əvvəlki şöhrətinə qovuşur. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli sərəncamı ilə şəhərin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi onun milli və beynəlxalq miqyasda əhəmiyyətini bir daha təsdiqlədi. 2022-ci ilin “Şuşa İli” elan olunması, 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı statusunu qazanması şəhərin zəngin tarixi-mədəni irsinə verilən yüksək qiymətin göstəricisidir.
Bu gün Şuşada tarixi abidələrin bərpası, yeni yaşayış komplekslərinin, sosial obyektlərin və turizm infrastrukturunun yaradılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin öz əvvəlki yerlərinə qaytarılması, Vaqif Poeziya Günlərinin və “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının yenidən keçirilməsi şəhərin mədəni həyatının canlanmasının parlaq nümunələridir. Tarixi məscidlər, ev-muzeyləri, memarlıq abidələri və digər mədəniyyət nümunələri bərpa edilərək gələcək nəsillərə çatdırılır.
Şuşada həyata keçirilən layihələr yalnız fiziki quruculuq deyil, həm də milli-mənəvi irsimizin bərpasıdır. 101 kilometrlik Zəfər yolu isə Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsini özündə yaşadan, hər qarışı tarix və qürurla yoğrulmuş bir qələbə yoludur. Bu yol xalqımızın öz torpaqlarına qayıdışının və dövlətimizin quruculuq əzminin rəmzinə çevrilib.
2026-cı ildə Şuşanın və bütövlükdə Qarabağın inkişafı yeni mərhələyə qədəm qoyur. Böyük Qayıdışın genişlənməsi, infrastruktur layihələrinin davam etdirilməsi, iqtisadi və turizm imkanlarının artırılması azad edilmiş ərazilərdə həyatın tam bərpasına xidmət edir. Şuşada inşa olunan yeni məscid kompleksi, müasir yaşayış və xidmət obyektləri, tarixi-mədəni məkanların qorunması şəhərin həm qədim ruhunu, həm də müasir inkişafını özündə birləşdirir.
Əminliklə deyə bilərik ki, Şuşa artıq yalnız keçmişin xatirəsi və hərbi Zəfərin simvolu deyil. O, müasir Azərbaycanın gücünü, quruculuq potensialını, milli-mənəvi dəyərlərə bağlılığını və gələcəyə inamını nümayiş etdirən şəhərdir.
Bu gün 8 Noyabrın mənası daha geniş məzmun daşıyır. Bu tarix bizə xatırladır ki, milli birlik, güclü dövlətçilik, qətiyyətli liderlik və xalqın Vətən sevgisi bir araya gəldikdə ən çətin hədəflərə belə nail olmaq mümkündür. Şuşa Zəfəri Azərbaycan xalqının iradəsinin, şəhidlərimizin müqəddəs qanının, qazilərimizin qəhrəmanlığının və Müzəffər Ordumuzun şücaətinin təcəssümüdür.
Biz bu Zəfəri bizə bəxş edən şəhidlərimizin əziz xatirəsini daim uca tutmalı, qazilərimizə diqqət və qayğını davam etdirməli, dövlətimizin inkişafı və milli birliyimizin möhkəmlənməsi naminə səylərimizi birləşdirməliyik. Çünki Zəfəri qazanmaq qədər onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək də hər birimizin vətəndaşlıq borcudur.
Şuşa azaddır, Qarabağ Azərbaycandır! Bu həqiqət Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın yenilməz iradəsinin və milli birliyimizin əbədi ifadəsidir. 8 Noyabr isə tariximizdə daim qürurla anılacaq, gələcək nəsillərə qəhrəmanlıq və vətənpərvərlik nümunəsi olacaqdır.
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri
