“Suverenliyimiz toxunulmaz, Qardaşlığımız müqəddəsdir!”
Azərbaycan–Türkiyə qardaşlığı tarixboyu dəfələrlə çətin sınaqlarından keçmiş, qanla, canla, ortaq taleyimizlə möhkəmlənmiş müqəddəs bir bağdır. Keşməkeşli tariximizin səhifələrini vərəqləsək, müxtəlif dövrlərdə üzləşdiyimiz çox mürəkkəb imtahanlardan alnı-açıq, üzüağ çıxmaq yolunda nə qədər qurbanlar verildiyini görərik.Bu bir həqiqətdir ki, məhz Heydər Əliyev kimi dahi və müdrik şəxsiyyətlər tarixdən dərs çıxararaq öz fədakarlıqları ilə yaşanmış bu cür böhranlardan məharətlə çıxa bilmişdir. Heç şübhəsiz ki, böyük uzaqgörənlik və müdrikliklə deyilmiş və hər bir türk üçün müqəddəs əmanət olan “Bir millət, iki dövlət” kəlamı da türk xalqlarının ortaq tarixinin mükəmməl bilicisi, müstəqil dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin qloballaşan dünyada Azərbaycana və bütövlükdə Türk Dünyasına artan təhdid və təhlükələrə qarşı mübarizə yolunda əbədi yol xəritəsidir. Milli kimlik, strateji və milli dəyərlərimizin qorunmasında gələcək nəsillərin də məsuliyyətini müəyyən edən bu yol xəritəsi, xalqlarımızın birliyinin, dövlətlərimizin strateji müttəfiqliyinin və gələcəyə yönəlmiş ortaq iradənin siyasi manifestidir.
Minnətdarlıqla deməliyik ki, möhtərəm cənab İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasına
Prezident seçildiyi ilk illərdən bu manifesti zamanın çağırışlarına uyğun olaraq daha da zənginləşdirdi. Onun Bakıda keçirilən Azərbaycan-Türkiyə diaspora təşkilatlarının I qurultayındakı “bir millətin iki diasporu ola bilməz” mesajı və ya bir neçə il bundan öncə səsləndirdiyi “Bizim Ailəmiz Türk Dünyasıdır” səsləndirdiyi strateji fikirləri bugün hansı türk soyuna mənsub olmasından asılı olmayaraq, hər kəsin dilinin əzbəri və üzərindəki məsuliyyətdir. Bu strateji fikirlər Azərbaycan-Türkiyə dostluğu, işbirliyi, həmrəyliyi və müttəfiqliyi nümunəsində deyilsə də əslində bütün Türk Dünyasına aiddir.
Azərbaycan–Türkiyə qardaşlığı tarixin sınaqlarından çıxmış sarsılmaz birlikdir. Əsrin Neft müqaviləsi imzalandıqdan sonra Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum əfsanəvi neft-qaz və Bakı-Tiflis-Qars dəmir yol layihələrinin gerçəkləşməməsi, xüsusilə də Türkiyədən keçməməsi üçün Türkiyə və Azərbaycan daxilində, xaricdə olan düşmənlərimiz və fitnəkar erməni lobbisi tərəfindən ən sərt əngəllərlə problemlər yaradıldı. Hətta bir neçə dəfə Ulu Öndərə qarşı süi-qəsdlər və dövlət çevrilişinə cəhdlər törədildi. Sözsüz ki, bunların heç biri Çağdaş Dövlətimizin Banisi Heydər Əliyevi yolundan döndərə bilmədi. Məhz onun qüdrəti,qətiyyətli siyasi iradəsi sayəsində bu layihələr möhtərəm Prezidentimizin prinsipiallığı ilə gerçəkləşdi və Azərbaycan-Türkəyə qardaşlığına və birliyinə əvəzsiz töhfə oldu. Bu cür çoxsaylı faktlarla bir daha deyə bilərik ki, bu sarsılmaz birlik heç də asanlıqla əldə olunmayıbdır.
Bütün bunlara baxmayaraq,bir həqiqəti heç kəs tərəfindən unudulmamalıdır:
Azərbaycan və Türkiyə bir millətin iki müstəqil dövləti olsa da qardaşlıq və ya müttəfiqlik müstəqilliyə müdaxilə etmək deyil. Eləcə də qardaşlıq və müttəfiqlik suverenliyə hörmətsiz yanaşma deyil!
Azərbaycan–Türkiyə münasibətləri sadəcə diplomatik əlaqələr və siyasi müttəfiqlik deyil, ortaq tarixə, dilə, mədəniyyətə, milli-mənəvi dəyərlərə və qarşılıqlı etimada söykənən sarsılmaz qardaşlıqdır. Əsrlərin sınağından keçmiş bu birlik hansısa siyasi dairələrin, xarici qüvvələrin və ya radikal qrupların iradəsindən asılı deyil. Ona görə də bu münasibətlərə kölgə salmaq, xalqlarımız arasında inamsızlıq yaratmaq cəhdləri heç bir nəticə verməyəcək.
Son dövrlərdə Türkiyədəki bəzi radikal dini çevrələrin Azərbaycanın daxili işlərinə müdaxilə etmək, ölkəmizin dünyəvi dövlət quruluşunu, konstitusion əsaslarını və milli dövlətçilik prinsiplərini hədəfə almaq cəhdləri qəbuledilməzdir və qətiyyətlə pislənilməlidir.
Azərbaycan müstəqil, suveren, unitar və dünyəvi dövlətdir. Xalqımız öz dövlət quruluşunu, inkişaf yolunu və gələcəyini müəyyən etmək hüququna malikdir. Heç bir xarici siyasi və ya dini mərkəz Azərbaycanın daxili işlərinə müdaxilə edə, xalqımıza hansı dövlət modelində yaşamağı diktə edə bilməz. Dövlətimizin suverenliyini, konstitusion quruluşunu və milli maraqlarını müdafiə etmək bizim dəyişməz mövqeyimizdir.
Lakin burada mühüm bir məqamı xüsusi vurğulamaq lazımdır: Türkiyədəki islam dini pərdəsi altında öz çirkli niyyətlərini gerçəkləşdirən və bu dini alətə çevirmək istəyən fetoçu və radikal çevrələrin mövqeyini nə Türkiyə dövlətinin siyasəti, nə də qardaş türk xalqının iradəsi ilə eyniləşdirmək olar. İstənilən istiqamətlərdən və ya müxtəlif qaranlıq mərkəzlərdən qaynaqlanmış ayrı-ayrı radikal qrupların oyununa düşmüş bu məsuliyyətsiz şəxslərin açıqlamalarına görə iki qardaş dövlətin münasibətlərini sual altına almaq və əsrlər boyu formalaşmış mənəvi bağları zədələmək yolverilməzdir.
Bir mənalı olaraq, hər ləs bilməlidir ki, Azərbaycanın dövlət maraqlarını müdafiə etmək Türkiyəyə qarşı çıxmaq deyil. Eləcə də Türkiyə ilə qardaşlığı və mütyəfiqliyi qorumaq Azərbaycanın suverenliyi məsələsində güzəştə getmək anlamına gəlmir. Əsl qardaşlıq və mütyəfiqlik qarşılıqlı hörmətə, bir-birinin daxili işlərinə qarışmamağa, çətin gündə həmrəy olmağa, bir-birinin gücündən güc almağa, ən əsası isə ortaq gələcək naminə məsuliyyət daşımağa əsaslanır.
Bu gün Azərbaycan–Türkiyə münasibətləri tarixinin ən yüksək mərhələlərindən birini yaşayır. Hər iki dövlətin liderlərinin siyasi iradəsi sayəsində əziz şəhidlərimizin qanı və canı ilə qazanılmış Qarabağ Zəfərindən sonra imzalanmış Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə, ən yüksək zirvəyə yüksəlib. Ona görə də bu qardaşlığı və birliyi qorumaq hər iki dövlətin və hər iki xalqın məsuliyyətidir. Azərbaycan–Türkiyə birliyi yalnız iki xalqın qardaşlığının deyil, həm də regionda sabitliyin, təhlükəsizliyin və Türk dünyasının gələcəyinin mühüm dayaqlarından biridir. Belə bir strateji münasibəti ayrı-ayrı radikal qrupların məsuliyyətsiz davranışlarına qətiyyən qurban vermək olmaz və bu qüvvələrə qarşı ciddi mübarizə aparılmalıdır.
Qeyd etdiyim kimi tarix dəfələrlə göstərib ki, Azərbaycan və Türkiyə münasibətlərində müəyyən fitnələrin yaratmış olduğu ən gərgin və mürəkkəb dövrlərdə bu iki qardaş öz gücünü və mənəvi bütövlüyünü qoruya bilmişdir. Çünki bu birlik Allah tərəfindən məhkum olunmuş qardaşlıq üzərində qurulmuşdur. Əminik ki, mövcud həssaslıq da qarşılıqlı anlayış, dövlətçilik məsuliyyəti və siyasi müdriklik sayəsində aradan qalxacaq, qardaşlığımız bu sınaqdan da alnıaçıq, üzüağ çıxacaq.
Biz Azərbaycan dövlətinin, xalqımızın və milli maraqlarımızın yanındayıq. Hesab edirəm ki. Azərbaycanın dövlət maraqlarını qorumaq Türkiyə
Cumhuriyyətini də qorumaqdır. Eyni zamanda, Türkiyə ilə tarixi qardaşlığımızın və strateji müttəfiqliyimizin qorunmasını milli məsuliyyət hesab edirik. Bu iki mövqe bir-birinə zidd deyil, əksinə, eyni dövlətçilik düşüncəsinin və ortaq tarixi şüurun ifadəsidir və onu daha da güclü edir.Dünyada getdikcə artan qlobal təhdidlər, müharibə və dilahlı münaqişələr fonunda Azərbaycan və Türkiyə iki bərabərhüquqlu, müstəqil və suveren dövlət kimi bir-birinin yanında dayanmalı, milli maraqlarımızı müdafiə etməli, siyasi müstəqilliyimizə və konstitusion hüquqlarımıza qarşılıqlı hörmət göstərməliyik. Əsl qardaşlıq məhz bu prinsiplər üzərində qurulur. Heç bir tərəf digərindən öz dövlətçilik modelindən imtina etməyi tələb edə bilməz. Heç kəs də qardaşlıq münasibətlərindən təzyiq vasitəsi kimi istifadə edə bilməz.
Bu mənada istənilən radikal çağırış, xarici müdaxilə və məsuliyyətsiz bəyanat bizi ortaq tariximizdən, milli dəyərlərimizdən və gələcək hədəflərimizdən uzaqlaşdıra bilməz.
Təəssüf ki, son dövrlərdə Türkiyənin müəyyən ictimai-siyasi dairələrində Azərbaycana qarşı səsləndirilən bəzi bəyanatlar, sosial media üzərindən aparılan təzyiq kampaniyaları və ölkəmizin daxili işlərinə müdaxilə təsiri bağışlayan çağırışlar ciddi narahatlıq doğurur. Bəzi siyasi şəxslərin də bu prosesə qoşulması, Azərbaycana qarşı ultimatum xarakterli mövqelərin səsləndirilməsi, Ankaradakı səfirliyimizin və İstanbuldakı Baş Konsulluğumuzun qarşısında aksiyaların keçirilməsi artıq sadəcə fikir ayrılığı çərçivəsində qiymətləndirilə bilməz.
Azərbaycanla təzyiq və ultimatum dili ilə danışmaq qardaşlıq münasibətlərinin ədəbinə həqarətdir və hər zaman da puç olubdur.Azərbaycan kimlərin və ya hər hansı qrupun siyasi iradəsindən asılı olan dövlət deyil. Öz taleyini özü müəyyənləşdirən, milli maraqlarını qoruyan, müstəqil siyasət yürüdən və beynəlxalq hüququn subyekti olan suveren dövlətdir. Biz Türkiyə ilə qardaşlığımızı nə qədər yüksək qiymətləndiririksə, dövlətimizin müstəqilliyini və suverenliyini də bir o qədər qətiyyətlə müdafiə edirik. Bu iki mövqe bir-birinə zidd deyil. Əksinə, sağlam və bərabərhüquqlu müttəfiqliyin ayrılmaz şərtləridir.
Xüsusilə Azərbaycanın konstitusion quruluşunun və dünyəvi dövlətçilik prinsiplərinin hədəfə alınması qəbuledilməzdir.
Qeyd etdiyim kimi müqəddəs dinimiz olan islam dinindən alət kimi istifadəyə çalışaraq, Azərbaycana təzyiq göstərmək və dövlətimizin legitimliyini mübahisə obyektinə çevirmək cəhdləri yolverilməzdir.
Çox narahatlıq doğuran məqamlardan biri də bu kampaniyaların Türk dünyasının birliyinə təsiretmə təhlükəsidir. Hər kəsə məlumdur ki, Türk dünyasının əsas lokomotivlərindən biri olan Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsi, Türk dünyasının beynəlxalq nüfuzunun artması və ortaq strateji maraqlarımızın müdafiəsi istiqamətində mühüm rol oynayır. Belə bir zamanda Azərbaycanı hədəfə almaq, ölkəmizin rəhbərliyinə qarşı təzyiq ritorikasını gücləndirmək və qardaş xalqlar arasında qarşıdurma yaratmaq cəhdləri Türk dünyasının ümumi milli dəyər və maraqlarına ziddir.
Hesab edirəm ki, istər Azərbaycanın, istərsə də Türkiyənin daxilində və ya xaricində belə çirkli kampaniyaları aparan istənilən qrup mütləq araşdırılmalı və ifşa olunmalıdır. Azərbaycanla Türkiyənin arasına nifaq salmaq istəyən qüvvələr bilməlidirlər ki, xalqlarımızın tarixi yaddaşı, dövlətlərimizin strateji maraqları və ortaq gələcəyimiz ayrı-ayrı kampaniyalardan daha güclüdür.
Bu qüvvələr Azərbaycan tərəfinin uzun müddət təmkin nümayiş etdirməsini zəiflik kimi başa düşülməməlidir. Dövlətçilik mədəniyyətinin göstəricisi olan diplomatik təmkin təzyiqlərə, əsassız ittihamlara və suveren hüquqlara müdaxilə cəhdlərinə sonsuz səbir göstərmək demək deyil. Qardaşlığa hörmət etmək başqa, qardaşlıq adı altında təzyiqi qəbul etmək tamam başqadır. Bu kampaniyaların axınında olan Türkiyə Cumhurbaşkanın baş müşaviri Oktay Saral və iqtidar partiyasının bəzi siyasətçiləri düşünməlidirlər ki, məsuliyyətsiz və qeyri obyektiv açıqlamaları ilə iki qardaş ölkənin münasibətlərinə zərər vurmamalıdır. Azərbaycanın suverenliyi müzakirə predmeti deyil. Türkiyə ilə qardaşlığımız isə heç bir siyasi kampaniyanın girovuna çevrilə bilməz. Azərbaycanla bağlı məsələlərdə ictimai təzyiqi artırmaq əvəzinə, qarşılıqlı hörmətə və diplomatik dialoqa üstünlük verilməlidir.
Hesab edirəm ki, Azərbaycan Respublikası Milli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və Yeni Azərbaycan Partiyasının məsələ ilə bağlı narahatlığını ifadə etməsi də problemin bir daha ciddiliyini və həssaslığını göstərir.
Türkiyənin rəsmi dairələrindən gözləntimiz aydındır: yaranmış gərginliyin aradan qaldırılması, Azərbaycana qarşı təzyiq kampaniyasının dayandırılması və dövlətlərimiz arasında qarşılıqlı etimadın qorunması üçün konkret addımlar atılmalıdır. MHP sədri Dövlət Baxçalının və İYİ Partiyasının sədri Müsavat Dərvişoğlunun açıqlamalarını bu baxımdan təqdirəlayiq mövqe kimi dəyərləndirmək olar. Ümid edirik ki, qardaş
Türkiyənin müvafiq qurumları tərəfindən dəbu cür təhlükəli kampaniyalar aparan qüvvələrin fəaliyyəti ilə bağlı hər iki ölkənin sağlam düşüncəli ictimaiyyətinə açıqlamalar veriləcəkdir.
Biz Türkiyə xalqına hörmət edirik. Onun sevincini də, kədərini də özümüzünkü bilirik. Türkiyənin güclənməsi, təhlükəsizliyi və beynəlxalq nüfuzunun artması Azərbaycanın da maraqlarına uyğundur. Ancaq məhz bu qardaşlıq münasibətlərinin mahiyyətindən çıxış edərək bir həqiqəti açıq deməliyik: iki dövlət arasındakı dostluq ayrı-ayrı şəxslərin emosional bəyanatlarından, siyasi kampaniyalardan və sosial şəbəkələrdəki qarşıdurmalardan üstün tutulmalıdır.Bir daha qeyd edirəm ki, Tarix boyu Azərbaycan–Türkiyə qardaşlığını pozmağa çalışanlar olub. Türk xalqlarının arasına nifaq salmaq, ortaq maraqlarımızı zəiflətmək və birliyimizi parçalamaq istəyənlər bu gün də ola bilər. Lakin dövlətlərimizin rəhbərlərinin siyasi müdrikliyi, xalqlarımızın iradəsi və ortaq tarixi yaddaşımız bu cür cəhdlərin qarşısını almağa qadirdir.
Bu gün qarşımızda duran əsas məsələ kiminsə qarşısında geri çəkilmək və ya siyasi polemikanı dərinləşdirmək deyil. Əksinə Azərbaycan–Türkiyə müttəfiqliyini kənar təsirlərdən qorumaq, münasibətlərimizi bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında daha da gücləndirmək və Türk dünyasının gələcəyinə məsuliyyətlə yanaşmaqdır.
İnanırıq ki, Azərbaycan və Türkiyə bu sınaqdan daha güclü və şərəflə çıxacaq. Bunun üçün hər iki tərəfdə siyasi məsuliyyət, təmkin və dövlətçilik müdrikliyi üstün gəlməlidir. İki qardaş xalqın arasına nifaq salmaq istəyənlərə imkan verilməməli, ayrı-ayrı kampaniyaların dövlətlərimizin strateji münasibətlərinə zərər vurmasına yol açılmamalıdır.
Yaşasın Azərbaycan-Türkiyə əbədi Qardaşlığı!
Yaşasın Müstəqil və Suveren Dövlətlərimiz!.
Yaşasın Türk Birliyi!
MƏLAHƏT İBRAHİMQIZI
MİLLİ MƏCLİSİN DEPUTATI
