20 oktyabr Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Zəngilan şəhərinin Ermənistanın işğalından azad edilməsinin ildönümü kimi qeyd olunur. 2020-ci il oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti zamanı Zəngilan şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad edildiyini elan edib. Bu tarixi hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan mühüm addımlardan biri olmaqla yanaşı, Zəngilanın yeni inkişaf mərhələsinin başlanğıcını qoyub.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 20 oktyabr Zəngilan şəhəri günü kimi təsis edilib. Bu gün xalqımızın qəhrəmanlıq salnaməsini, şəhidlərimizin xatirəsini, doğma torpaqlarına qayıdan insanların sevincini və azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərini özündə birləşdirir.
Zəngilanın tarixi və coğrafi mövqeyi
Zəngilan Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri, münbit torpaqları və su ehtiyatları ilə seçilən rayon tarixən ölkəmizin iqtisadi və mədəni həyatında mühüm yer tutub.
XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılan inzibati ərazi bölgüsü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasının tərkibinə daxil edilib. Qəzanın ərazisinə indiki Zəngilan, Qubadlı, Laçın, Qafan, Qarakilsə və Mehri istiqamətlərində yerləşən ərazilər daxil olub. 1920-ci ildə Azərbaycanın sovetləşdirilməsindən sonra Zəngəzurun bir hissəsinin Ermənistanın tərkibinə verilməsi bölgənin tarixi-coğrafi mənzərəsində ciddi dəyişikliklərə səbəb olub.
Zəngilan rayonu şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan istiqamətləri ilə həmsərhəddir. Həkəri, Oxçuçay, Bəsitçay və Araz çayları rayonun təbii-coğrafi xüsusiyyətlərinin formalaşmasında mühüm rol oynayır.
Rayon tikinti materialları, mineral xammal və digər təbii sərvətlərlə də zəngindir. Əlverişli torpaq-iqlim şəraiti kənd təsərrüfatının, xüsusilə heyvandarlıq, bitkiçilik, bağçılıq və arıçılığın inkişafı üçün geniş imkanlar yaradır. İşğaldan əvvəl Zəngilanda kənd təsərrüfatı əsas iqtisadi fəaliyyət sahələrindən biri olub, dəmir yolu infrastrukturu isə rayonun ölkənin digər bölgələri ilə əlaqələrində mühüm yer tutub.
Tarixi və mədəni irsin qorunması
Zəngilan zəngin tarixi-mədəni irsi ilə seçilən bölgələrimizdəndir. Rayonun müxtəlif ərazilərində qədim yaşayış məskənləri, türbələr, sərdabələr, qalalar, körpülər, məscidlər və digər memarlıq nümunələri mövcud olub. Bu abidələr Azərbaycanın çoxəsrlik tarixinin, dini-mədəni müxtəlifliyinin və memarlıq ənənələrinin mühüm göstəriciləridir.
Məmmədbəyli kəndində yerləşən XIV əsrə aid Səkkizguşəli türbə, Şərifan abidələri, Hacallı dairəvi bürcü, Bartaz Qız qalası, Tağlı körpüsü və orta əsrlərə aid yaşayış yerləri Zəngilanın tarixi əhəmiyyətini nümayiş etdirən nümunələr sırasındadır. Rayon ərazisində müxtəlif dövrlərə aid məscidlər, ziyarətgahlar və dini abidələr də mövcud olub.
Ermənistanın işğalı dövründə Zəngilanın tarixi-mədəni irsinə ciddi ziyan dəyib. Bir sıra dini və memarlıq abidələri dağıdılıb, bəziləri isə təyinatına uyğun olmayan məqsədlərlə istifadə olunub. XIX əsrə aid Zəngilan şəhər məscidinin işğal dövründə tövləyə çevrilməsi bu vandalizmin nümunələrindən biri kimi göstərilir.
İşğaldan sonra azad edilmiş ərazilərdə tarixi, dini və mədəni abidələrin vəziyyətinin qiymətləndirilməsi, onların qorunması və bərpası istiqamətində tədbirlər həyata keçirilməyə başlanıb. Bu işlər təkcə memarlıq irsinin qorunmasına deyil, həm də gələcək nəsillərin öz tarixi kökləri ilə əlaqəsinin möhkəmləndirilməsinə xidmət edir.
İşğal illəri və Zəngilan əhalisinin qəhrəmanlığı
1993-cü ildə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Zəngilan ağır vəziyyətlə üzləşib. Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra rayonun Azərbaycanın digər əraziləri ilə quru əlaqələri ciddi şəkildə məhdudlaşıb. Zəngilan əhalisi 67 gün ərzində mühasirə şəraitində yaşayıb, doğma torpaqlarını qorumaq üçün mübarizə aparıb.
1993-cü il oktyabrın 25–29-da rayonun əhalisi sonadək müqavimət göstərdikdən sonra Araz çayını keçərək İran ərazisi vasitəsilə Azərbaycanın digər bölgələrinə keçməyə məcbur olub. Bu hadisələr zamanı 235 nəfər şəhid və itkin düşüb. Zəngilanlılar Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşaraq uzun illər doğma yurdlarından uzaqda yaşayıblar.
İşğal nəticəsində yaşayış məntəqələri dağıdılıb, təsərrüfat infrastrukturu sıradan çıxarılıb, əhalinin sosial-iqtisadi həyatı ağır zərbə alıb. Lakin bütün çətinliklərə baxmayaraq, zəngilanlılar doğma torpaqlara qayıtmaq ümidini itirməyiblər. Bu ümid 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı Vətən müharibəsi zamanı gerçəkliyə çevrilib.
20 oktyabr 2020-ci il: Zəngilanın azadlığı
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında tarixi mərhələ oldu. Azərbaycan Ordusunun Cəbrayıl istiqamətində qazandığı uğurlar Zəngilan rayonuna doğru irəliləyiş üçün əlverişli şərait yaratdı.
Oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyatlara başlanıldı. Azərbaycan Ordusunun qətiyyətli döyüşləri nəticəsində rayonun yaşayış məntəqələri bir-birinin ardınca işğaldan azad edildi.
2020-ci il oktyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin, Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlı kəndlərinin azad olunduğunu elan etdi. Zəngilan döyüşləri nəticəsində şəhərlə yanaşı, rayonun dörd qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.
Zəngilanın azad edilməsi Azərbaycanın hərbi-siyasi uğurlarının mühüm tərkib hissəsi olmaqla, ölkəmizin cənub-qərb istiqamətində strateji mövqelərini möhkəmləndirdi. Eyni zamanda, İranla dövlət sərhədinin işğal altında qalmış hissəsinin bərpası üçün şərait yarandı. Bununla da Azərbaycan dövlət sərhədinin həmin istiqamətdə nəzarətə götürülməsi və sərhəd təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm addım atdı.
Zəngilanın azadlığı uğrunda döyüşlərdə iştirak edən hərbi qulluqçuların şücaəti dövlət tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edilib. Prezident İlham Əliyevin sərəncamları ilə 6974 hərbi qulluqçu bu medalla təltif olunub.
Böyük Qayıdış: Zəngilanın dirçəliş dövrü
Zəngilanın işğaldan azad olunması ilə rayonun qarşısında yeni inkişaf perspektivləri açılıb. Hazırda burada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri “Böyük Qayıdış” proqramının mühüm istiqamətlərindən biridir.
İşğal dövründə dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması, müasir infrastrukturun yaradılması, əhalinin təhlükəsiz və rahat yaşayışının təmin olunması, yeni iş yerlərinin açılması və iqtisadi fəaliyyətin canlandırılması əsas prioritetlər sırasındadır.
Zəngilan şəhərinin gələcək inkişafı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş 2040-cı ilədək inkişafına dair Baş plan əsasında həyata keçirilir. Baş plan şəhərin müasir şəhərsalma prinsipləri əsasında qurulmasını, yaşayış və ictimai məkanların inkişafını, mühəndis-kommunikasiya sistemlərinin yenilənməsini və dayanıqlı şəhər mühitinin yaradılmasını nəzərdə tutur.
2026-cı il mayın 10-da Zəngilan şəhərində 104 mənzilli ilk yaşayış kompleksinin açılışı olub. İki hektardan artıq ərazini əhatə edən kompleksdə 12 bina inşa edilib. Burada sakinlərin məskunlaşması şəhərin yenidən canlanması və doğma yurda qayıdış prosesinin genişlənməsi baxımından əhəmiyyətlidir.
2026-cı il oktyabrın 1-dək təqdim olunan məlumatlara əsasən, Zəngilan şəhərində 84 ailə — 339 nəfər, Ağalı kəndində 234 ailə — 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə — 903 nəfər məskunlaşıb. Bu göstəricilər doğma torpaqlara qayıdışın mərhələli şəkildə davam etdiyini göstərir.
Məskunlaşma prosesinin əsas məqsədi yalnız əhalinin yaşayış evləri ilə təmin olunması deyil, həm də insanların sosial və iqtisadi həyata tam inteqrasiyasına nail olmaqdır. Bu məqsədlə məşğulluq imkanlarının genişləndirilməsi, təhsil və səhiyyə xidmətlərinin təşkili, sosial infrastrukturun yaradılması istiqamətində tədbirlər görülür.
Ağalı ağıllı kəndi: Müasir inkişafın nümunəsi
Zəngilanın yenidən qurulmasının ən mühüm layihələrindən biri Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsidir. Beynəlxalq təcrübə əsasında hazırlanan layihə müasir texnologiyaların, ekoloji həllərin və rəqəmsal xidmətlərin kənd həyatına tətbiqini nəzərdə tutur.
2022-ci ilin mayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarına qayıtmağa başlayıblar. Kənddə yaşayış evləri ilə yanaşı, məktəb, uşaq bağçası, tibb məntəqəsi, sosial xidmət obyektləri, məşğulluq imkanları və sahibkarlığa dəstək infrastrukturu yaradılıb.
Layihənin əsas xüsusiyyətlərindən biri enerji səmərəliliyi və ekoloji dayanıqlılığa verilən önəmdir. Həkəri çayı üzərində hər biri 212 kilovat gücündə üç hidravlik turbindən ibarət Arximed turbini tipli su elektrik stansiyası tikilib. İnzibati binaların üzərində isə ümumi gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb.
Yaşayış evlərində istilik itkisinin azaldılması üçün xüsusi izolyasiya materiallarından istifadə olunub, suyun günəş enerjisi ilə qızdırılması üçün kollektorlar quraşdırılıb. Çirkab suların bioloji üsulla təmizlənməsi nəticəsində texniki suyun təkrar istifadəsi üçün də imkan yaradılıb.
Ağalıda yüksək sürətli internet, ağıllı videomüşahidə sistemləri, rəqəmsal məlumatlandırma vasitələri və elektron xidmətlər tətbiq edilir. Tele-səhiyyə və elektron təhsil kimi həllər sakinlərin gündəlik həyatını asanlaşdırmağa, xidmətlərə əlçatanlığı artırmağa yönəlib.
Ağalı kəndi azad edilmiş ərazilərdə müasir kənd yaşayış modelinin formalaşdırılması baxımından əhəmiyyətli təcrübədir. Burada ənənəvi kənd həyatının üstünlükləri müasir texnologiyalar, ekoloji yanaşma və sosial infrastrukturla birləşdirilir.
Nəqliyyat və logistika imkanları genişlənir
Zəngilanın strateji əhəmiyyəti onun coğrafi mövqeyi ilə sıx bağlıdır. Rayon Azərbaycanı regionun digər ölkələri ilə birləşdirən nəqliyyat və logistika marşrutlarının inkişafı baxımından mühüm potensiala malikdir.
Zəngilan Beynəlxalq Hava Limanı bölgənin nəqliyyat infrastrukturunun əsas obyektlərindən biridir. Hava limanı geniş imkanlara malik olmaqla sərnişin və yük daşımalarının inkişafına, regionun iqtisadi əlaqələrinin genişlənməsinə və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasına xidmət edir.
Digər mühüm layihə Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yoludur. Ümumi uzunluğu 126,3 kilometr olan yol azad edilmiş ərazilərdə yaşayış məntəqələri arasında əlaqələrin yaxşılaşdırılmasına, yük daşımalarının asanlaşdırılmasına və iqtisadi fəallığın artmasına şərait yaradır.
Horadiz–Zəngilan–Ağbənd dəmir yolu xəttinin inşası da strateji əhəmiyyət daşıyır. Bu layihə sərnişin və yük daşımalarının inkişafına, sənaye və kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılmasına, eləcə də regional iqtisadi əlaqələrin güclənməsinə töhfə verəcək.
Zəngilanın nəqliyyat qovşağı kimi inkişafı Azərbaycanın Şərq-Qərb və digər beynəlxalq bağlantı marşrutlarında rolunun gücləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
Kənd təsərrüfatı və sənaye potensialı
Zəngilanın iqtisadi dirçəlişində kənd təsərrüfatı xüsusi yer tutur. Rayonun torpaq və iqlim şəraiti heyvandarlığın, bitkiçiliyin, bağçılığın və digər aqrar sahələrin inkişafı üçün əlverişlidir.
Azərbaycan və Türkiyə şirkətlərinin birgə iştirakı ilə yaradılan “Dost Aqropark” layihəsi bu istiqamətdə həyata keçirilən iri təşəbbüslərdən biridir. Layihə heyvandarlıq, bitkiçilik, emal və qablaşdırma sahələrini birləşdirən inteqrasiya olunmuş aqrar istehsal modelinin formalaşdırılmasına yönəlib.
Layihənin bütün mərhələlərinin həyata keçirilməsi nəticəsində geniş ərazilərdə əkinçilik və heyvandarlıq təsərrüfatlarının yaradılması, toxumçuluq və şitilçilik sahələrinin inkişaf etdirilməsi, ət emalı və qablaşdırma müəssisələrinin qurulması nəzərdə tutulur. Bu təşəbbüslər yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın genişləndirilməsinə və bölgənin ərzaq təminatına töhfə verə bilər.
Zəngilanın kənd təsərrüfatı potensialının səmərəli istifadəsi rayonun iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, sahibkarlığın inkişafı və əhalinin dayanıqlı gəlir mənbələri ilə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Turizm və mədəni həyatın canlanması
Zəngilanın zəngin təbiəti, çayları, meşələri, tarixi abidələri və əlverişli coğrafi mövqeyi rayonun turizm potensialını artırır. Bu potensialın reallaşdırılması üçün müasir yerləşmə, istirahət və xidmət infrastrukturunun yaradılmasına başlanılıb.
2024-cü il mayın 18-də Ağalı kəndində “Ağalı” hotelinin açılışı olub. Həkəri çayının sahilində yerləşən hotel bölgəyə gələn qonaqlar üçün müasir xidmət imkanları yaradır.
Zəngilan İstirahət Kompleksində də genişmiqyaslı işlər həyata keçirilir. Layihə çərçivəsində hotel, konfrans və tədbir zalları, restoranlar, fitnes və spa mərkəzləri, hovuzlar və kotteclər nəzərdə tutulub. 2026-cı il mayın 10-da Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməli qoyulub.
Turizm infrastrukturunun inkişafı bölgəyə səfər edənlərin sayının artmasına, xidmət sektorunun genişlənməsinə və yerli əhalinin məşğulluq imkanlarının çoxalmasına şərait yarada bilər. Tarixi-mədəni abidələrin qorunması və təbiətə əsaslanan turizm istiqamətlərinin inkişafı isə Zəngilanın gələcəkdə ölkənin mühüm turizm mərkəzlərindən birinə çevrilməsinə imkan verə bilər.
Zəngilan məscidinin bərpası: Tarixi irsə ehtiram
Zəngilanın yenidən qurulması prosesi tarixi və dini abidələrin bərpasını da əhatə edir. Heydər Əliyev Fondunun dəstəyi ilə Zəngilan şəhər məscidində bərpa və tikinti işləri aparılıb.
XIX əsrə aid tarixi məscid işğal dövründə ciddi zərər görüb və ilkin memarlıq görkəminin böyük hissəsini itirib. Azadlıqdan sonra abidənin qorunması və ərazidə dini ibadət üçün müasir şəraitin yaradılması istiqamətində işlər görülüb. Tarixi məscidin yanında yeni məscid binası inşa edilib və 2024-cü il mayın 18-də məscidin açılışı olub.
Bu layihə dini-mədəni irsin qorunması ilə yanaşı, şəhərin ictimai həyatının bərpasına da xidmət edir. Tarixi abidələrin yenidən həyata qaytarılması Zəngilanın keçmişi ilə gələcəyi arasında mənəvi bağın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Zəngilana səfərləri və dövlət siyasətinin ardıcıllığı
Prezident İlham Əliyevin Zəngilana müntəzəm səfərləri rayonun bərpası və inkişafının dövlət siyasətində prioritet yer tutduğunu göstərir. 2020-ci il dekabrın 23-də Zəngilan şəhərində Azərbaycan bayrağının qaldırılması azad edilmiş torpaqlarda yeni dövrün rəmzi hadisələrindən biri olub.
2021-ci ildən etibarən Ağalıda ağıllı kənd layihəsinin həyata keçirilməsi, Zəngilan Beynəlxalq Hava Limanının, avtomobil yollarının, enerji obyektlərinin və digər infrastruktur layihələrinin təməlinin qoyulması rayonun gələcək inkişafı üçün əsas yaradıb.
Sonrakı illərdə yaşayış komplekslərinin, məktəblərin, sosial obyektlərin, elektrik stansiyalarının və turizm müəssisələrinin tikintisi istiqamətində işlər davam etdirilib. 2022-ci ildə Ağalı kəndinin ilk mərhələsinin istifadəyə verilməsi, 2023-cü ildə yeni yaşayış və ictimai obyektlərin təməlinin qoyulması, 2024-cü ildə məscidin və digər infrastruktur obyektlərinin açılışı bu prosesin mühüm mərhələləridir.
2025-ci ildə Ağalı kəndinin ikinci mərhələsi və Məmmədbəyli kəndində yaşayış imkanlarının genişləndirilməsi, 2026-cı ildə isə Zəngilan şəhərində ilk yaşayış kompleksinin istifadəyə verilməsi Böyük Qayıdışın davamlı xarakter aldığını nümayiş etdirir.
Bu səfərlər və layihələr şəhərin yalnız fiziki baxımdan bərpasını deyil, eyni zamanda iqtisadi, sosial və mədəni həyatının yenidən qurulmasını hədəfləyir.
Zəngilan şəhəri günü: Qələbənin və dirçəlişin rəmzi
20 Oktyabr – Zəngilan şəhəri günü Azərbaycan xalqının tarixi yaddaşında azadlıq, qəhrəmanlıq və yenidən doğuluş rəmzi kimi xüsusi yer tutur. Bu tarix doğma torpaqlar uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad etmək, qazilərin və müharibə iştirakçılarının fədakarlığını qiymətləndirmək, uzun illər yurd həsrəti ilə yaşayan insanların qayıdış sevincini bölüşmək üçün mühüm fürsətdir.
Bu gün Zəngilanda həyata keçirilən layihələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpasına, əhalinin doğma torpaqlarına qayıdışına və dayanıqlı iqtisadi inkişafın təmin olunmasına yönəlmiş siyasətinin nəticələrini əks etdirir. Müasir yaşayış kompleksləri, ağıllı kənd modeli, beynəlxalq hava limanı, avtomobil və dəmir yolları, aqrar istehsal və turizm layihələri rayonun gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir.
Zəngilanın dirçəlişi həm də Azərbaycan xalqının iradəsinin, birliyinin və gələcəyə inamının göstəricisidir. Bir zamanlar işğalın ağır nəticələri ilə üzləşmiş bu torpaq bu gün yenidən qurulur, yeni sakinlərini qarşılayır və müasir inkişaf yoluna qədəm qoyur.
20 Oktyabr – Zəngilan şəhəri günü yalnız keçmişdə qazanılmış tarixi Qələbənin qeyd edilməsi deyil, həm də gələcək nəsillərə ötürülən mühüm mesajdır: doğma torpaqlara bağlılıq, milli birlik və quruculuq əzmi Azərbaycanın inkişafının əsas dayaqlarıdır. Zəngilanın yenidən canlanması Böyük Qayıdışın, milli həmrəyliyin və sülh şəraitində davamlı inkişafın parlaq nümunəsidir.

Məlahət İbrahimqızı
Milli Məclisin deputatı
