Millətin gələcəyi olan təhsil sözsüz ki, cəmiyyətin sosial inkişafını, bərabər imkanların formalaşmasını və gələcək nəslin dünyagörüşünün müəyyənləşməsini təmin edən əsas institutlardan biridir. Dövlətin təhsil siyasətinin həyata keçirilməsində ön mühüm vasitə olan məktəb isə yalnız bilik və bacarıqların əldə olunduğu məkan deyil, eyni zamanda sosial münasibətlərin qurulduğu, qarşılıqlı hörmətin, intizamın və vətəndaşlıq dəyərlərinin formalaşdığı mühüm ictimai mühitdir. Bu baxımdan məktəblərdə vahid geyim formasının tətbiqi təkcə xarici görünüşə dair tələb kimi deyil, həm də sosial ədalət, bərabərlik və inklüzivlik prinsipləri kontekstində qiymətləndirilməlidir.
Azərbaycanda vahid məktəbli geyimi məsələsi təhsilalanlar arasında sosial fərqlərin nümayiş etdirilməsinin məhdudlaşdırılması, məktəb mühitində vahidlik hissinin gücləndirilməsi və uşaqların sosial statuslarından asılı olmayaraq özlərini bərabərhüquqlu hiss etmələri baxımından xüsusi əhəmiyyət daşıyır. Bununla belə, bu yanaşmanın real nəticələri yalnız geyim qaydalarının mövcudluğu ilə deyil, onların tətbiqində sosial həssaslığın, iqtisadi əlçatanlığın və fərdi hüquqlara hörmətin nə dərəcədə qorunması ilə müəyyən edilir.
Sosial ədalətin əsas prinsiplərindən biri insanların sosial mənşəyindən, ailələrinin maddi vəziyyətindən və digər fərqlərindən asılı olmayaraq bərabər imkanlara malik olmasıdır. Məktəb mühitində bu prinsipin qorunması xüsusilə vacibdir. Çünki uşaqların fərqli imkanlara malik ailələrinin iqtisadi imkanları arasındakı fərqlər onların geyimində, istifadə etdikləri əşyalarda və gündəlik davranışlarında özünü göstərə bilər.
Müxtəlif üslubda və qiymət kateqoriyasında olan geyimlərin məktəbə gətirilməsi bəzi hallarda şagirdlər arasında müqayisə, sosial qruplaşma və maddi imkanlara əsaslanan münasibətlər yarada bilər. Bahalı brend geyimlərə sahib olmaq üstünlük əlaməti kimi qəbul edildikdə, maddi imkanı məhdud ailələrdən olan uşaqlar özlərini digər şagirdlərlə müqayisədə daha zəif mövqedə hiss edə bilərlər. Bu vəziyyət onların özünəinamına, məktəbə münasibətinə və kollektivə inteqrasiyasına mənfi təsir göstərə bilər.
Vahid məktəbli forması belə fərqlərin zahiri ifadəsini müəyyən qədər azaldaraq şagirdlərin diqqətini geyimdən daha çox təhsilə, şəxsi inkişafa və qarşılıqlı ünsiyyətə yönəltməyə kömək edir. Eyni geyim standartının tətbiqi uşaqlar arasında ortaq məktəb kimliyi formalaşdırır və hər bir şagirdin kollektivin bərabərhüquqlu üzvü olduğu mesajını verir.
Buna görə də məktəbli forması sosial ədalət siyasətinin müstəqil və yeganə vasitəsi deyil, daha geniş bərabər imkanlar sisteminin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Azərbaycanda məktəbli geyiminə vahid yanaşma təhsil müəssisələrində ümumi nizam-intizamın və məktəb mühitinin formalaşdırılması ilə əlaqəlidir. Müəyyən edilmiş geyim standartları şagirdlərin xarici görünüşünə dair aydın çərçivə yaradır, məktəbin institusional kimliyini gücləndirir və təhsilalanlarda kollektiv məsuliyyət hissinin formalaşmasına şərait yaradır.
Bu siyasətin sosial əhəmiyyəti, ilk növbədə, məktəbin bütün uşaqlar üçün ortaq ictimai məkan olması ideyasından irəli gəlir. Məktəb daxilində uşaqların qiymətləndirilməsinin əsas meyarı onların geyimlərinin qiyməti və ya dəbdə olan geyimlərə sahib olması deyil, öyrənməyə münasibəti, səyləri, davranışı və əldə etdiyi nəticələr olmalıdır. Vahid geyim bu dəyər sisteminin möhkəmlənməsinə simvolik və praktiki töhfə verə bilər.
Digər tərəfdən, geyim standartlarının tətbiqi valideynlər üçün də müəyyən planlaşdırma imkanları yarada bilər. Müxtəlif mövsümlər və gündəlik istifadə üçün çoxsaylı dəbli geyimlər almaq əvəzinə, əvvəlcədən müəyyən edilmiş standartlara uyğun geyim dəstindən istifadə ailə xərclərinin daha sistemli planlaşdırılmasına kömək edə bilər. Bununla belə, bu üstünlük formanın qiymətindən, keyfiyyətindən, davamlılığından və ailələrin onu əldə etmək imkanlarından asılıdır.
Beləliklə, vahid məktəbli geyiminin ictimai faydası yalnız zahiri eyniliklə ölçülməməlidir. Əsas məsələ həmin siyasətin məktəb mühitində ayrı-seçkiliyin azalmasına, sosial inteqrasiyaya və təhsilə bərabər münasibətin güclənməsinə nə dərəcədə töhfə verməsidir.
Vahid məktəbli geyiminin sosial ədalətə xidmət etməsi üçün onun bütün ailələr tərəfindən əldə edilə bilməsi vacib şərtdir. Əgər müəyyən edilmiş forma ailələrin maliyyə imkanlarına uyğun deyilsə, sosial bərabərliyi təmin etmək məqsədilə tətbiq olunan qayda əks nəticə verə bilər. Bu halda geyim standartı sosial fərqləri azaltmaq əvəzinə, bəzi uşaqların məktəbə davamiyyətinə və psixoloji rahatlığına mənfi təsir göstərə bilər.
Xüsusilə aztəminatlı ailələr, çoxuşaqlı ailələr və sosial müdafiəyə ehtiyacı olan digər qruplar üçün məktəbli geyiminin qiyməti əhəmiyyətli məsələdir. Forma ilə yanaşı, ayaqqabı, mövsümi geyim və digər məktəb ləvazimatları da ailə büdcəsinə əlavə yük yarada bilər. Buna görə də sosial ədalət prinsipi yalnız hamı üçün eyni geyim tələbinin müəyyənləşdirilməsini deyil, həmin tələbin yerinə yetirilməsi üçün real imkanların yaradılmasını da nəzərdə tutur.
Uşaqların məktəb həyatında özlərini təhlükəsiz, qəbul edilmiş və kollektivin bərabərhüquqlu üzvü kimi hiss etmələri onların akademik və sosial inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Geyimə görə lağetmə, sosial müqayisə və zahiri görünüş əsasında qruplaşma bəzi hallarda məktəbdaxili münasibətlərin keyfiyyətini zəiflədə bilər.
Vahid məktəbli forması bu cür müqayisələrin əsasını müəyyən qədər zəiflədə və şagirdlərin bir-birini daha çox şəxsi keyfiyyətlərinə, biliklərinə və davranışlarına görə qiymətləndirməsinə şərait yarada bilər. Eyni zamanda, ortaq geyim məktəbə mənsubiyyət hissini gücləndirərək kollektiv məsuliyyət və həmrəylik dəyərlərini dəstəkləyə bilər.
Bununla yanaşı, vahid geyim özlüyündə zorakılığın, bullinqin və ayrı-seçkiliyin qarşısını tam şəkildə almır. Sosial münasibətlər ailə tərbiyəsi, məktəbin idarəetmə mədəniyyəti, müəllimlərin davranışı və şagirdlərin sosial-emosional bacarıqları kimi bir çox amildən asılıdır. Buna görə də geyim siyasəti etik davranış qaydaları, psixoloji dəstək, müəllim-valideyn əməkdaşlığı və bullinqə qarşı ardıcıl tədbirlərlə tamamlanmalıdır.
Azərbaycanda vahid məktəbli geyim forması məktəb mühitində sosial fərqlərin zahiri təzahürlərinin azaldılması, şagirdlər arasında ortaq mənsubiyyət hissinin gücləndirilməsi və bərabər münasibət mədəniyyətinin təşviqi baxımından əhəmiyyətli vasitə kimi qiymətləndirilə bilər. Bu yanaşma uşaqların maddi imkanlarına görə fərqləndirilməsinin qarşısını almağa kömək edə, diqqətin xarici görünüşdən təhsil və şəxsi inkişafa yönəlməsini dəstəkləyə bilər.
Nəticə etibarilə, vahid məktəbli geyimi sosial ədalətin özü deyil, onun təmin olunmasına xidmət edə bilən vasitələrdən biridir. Bu vasitənin real ictimai faydası yalnız geyimdə eyniliyin yaradılması ilə deyil, məktəbdə hər bir uşağa bərabər dəyər verilməsi, sosial fərqlərin ayrı-seçkilik mənbəyinə çevrilməməsi və təhsil imkanlarının hamı üçün əlçatan olması ilə ölçülməlidir. Son olaraq qısaca olaraq qeyd etmək istəyirəm ki, bu gün yaşadığımız sosial media, internet, süni intellekt çağında dünya xalqlarının mənsub olduğu kimlik və onların əsrlər boyu formalaşdırdığı mədəni dəyərlər qloballaşan dünyanın təhlükələri və təhdidləri ilə üzləşir. Bəzən gözlənilmədən xaricdən, xüsusi mərkəzlərdən lazımsız və çox zərərli milli dəyərləri aşılaya bilən adət və vərdişlər, ixrac olunur. Çox təəssüf ki, bəzən bu eybəcər adət bə ənənələr qısa zamanda mövcudluğunu davam etdirən şəhadətnamə də ala bilirlər. Ölkəmizdə də artıq qeyd edilən Valentina günü ixrac olunmuş “bayram”lardandır.Qalib dövlətimizin milli maraqlara əsaslanmış müstəqil siyasətə, dinamik inkişaf etməsinə, beynəlxalq aləmdə böyük nüfuz qazanmasına baxmayaraq , bu gün biz xaricdən bir qrup və mərkəzlərin təhdidlərinin şahidi oluruq. Bölgəmizə yaxın və uzaq coğrafiyalarda mövcud plan müxtəlif silahlı qarşıdurma və mühatibələr və ziddiyyətlərin getdikcə daha geniş vüsət aldığı dövrdə sözsüz ki, Azərbaycandakı sabitlik, əmin-amanlıq, təhlükəsizlik mühiti ilə Azərbaycanı gözü götürməyən bu mərkəzləri daha da fəallaşdırır. Bu mənada Azərbaycanda vəzifəsindən və sosial statusundan asılı olmayaraq müqəddəs Vətən torpağımızı necə qoruduqsa, milli dəyərlərimizi də göz bəbəyimiz kimi qorumalıyıq.
Milli Məclisin deputatı
Məlahət İbrahimqızı
