Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri və Avaza Milli Turizm Zonasında keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı regionda gedən inteqrasiya proseslərinin mühüm hadisələrindən biri kimi diqqət çəkir. Bu səfər və görüş Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin son illərdə qazandığı strateji xarakteri bir daha nümayiş etdirdi.
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri coğrafi baxımdan Xəzər dənizi vasitəsilə bir-birinə bağlanan iki region arasında yeni əməkdaşlıq platformasının formalaşmasına xidmət edir. Bakı ilə Mərkəzi Asiya paytaxtları arasında siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin artması, iqtisadi və investisiya əlaqələrinin genişlənməsi bu münasibətlərin artıq ənənəvi diplomatik çərçivədən kənara çıxdığını göstərir.
Avazada keçirilən 8-ci Məşvərət görüşü də məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. Azərbaycan bu formatda tamhüquqlu iştirakçı kimi ilk dəfə təmsil olunaraq Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığını yeni institusional mərhələyə yüksəldib.
Prezident İlham Əliyev görüşdə çıxışı zamanı Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinə xüsusi önəm verdiyini vurğulayıb. Dövlət başçısının qeyd etdiyi kimi, son illərdə Azərbaycan ilə region ölkələri arasında siyasi təmaslar daha da intensivləşib, ticarət və investisiya əlaqələri genişlənib. Azərbaycan ərazisində Mərkəzi Asiya ölkələrinin kapitalları əsasında fəaliyyət göstərən yüzlərlə şirkətin olması da iqtisadi əməkdaşlığın real göstəricilərindəndir.
Bu prosesin arxasında yalnız iqtisadi maraqlar deyil, həm də ortaq regional baxış dayanır. Azərbaycan və Mərkəzi Asiya dövlətləri nəqliyyat və logistika imkanlarından daha səmərəli istifadə etməklə Avropa ilə Asiya arasında yeni bağlantıların yaradılmasına mühüm töhfə verirlər.
Bu baxımdan Orta Dəhliz xüsusi əhəmiyyət kəsb edir. Xəzər dənizi üzərindən Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat marşrutu Şərq-Qərb ticarət əlaqələrinin inkişafında mühüm rol oynayır. Azərbaycanın son illərdə liman, dəmir yolu, avtomobil və digər nəqliyyat infrastrukturlarına yatırdığı investisiyalar ölkənin regional tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
Orta Dəhlizin əhəmiyyəti yalnız yükdaşımaların həcmi ilə məhdudlaşmır. Bu marşrut Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və digər ölkələri vahid logistika zəncirində birləşdirərək region dövlətlərinin dünya bazarlarına çıxış imkanlarını genişləndirir. Avaza görüşündə nəqliyyat və tranzit məsələlərinin ön plana çıxarılması da təsadüfi deyil. Çünki gələcəkdə regionlararası ticarətin genişlənməsi birbaşa nəqliyyat dəhlizlərinin səmərəliliyindən asılı olacaq.
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının digər mühüm istiqaməti enerji sahəsidir. Xəzər regionunun enerji resurslarının dünya bazarlarına çıxarılması baxımından Azərbaycanın əlverişli coğrafi mövqeyi var. Türkmənistan və Qazaxıstanın enerji resurslarının Azərbaycan üzərindən beynəlxalq bazarlara çıxarılması istiqamətində həyata keçirilən layihələr bu potensialın artıq praktik müstəvidə reallaşdığını göstərir.
Yeni enerji gündəliyində isə bərpaolunan enerji xüsusi yer tutur. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji” sahəsində əməkdaşlığın genişləndirilməsi regionun enerji potensialının yeni istiqamətdə istifadəsinə imkan yaradır. Xəzər dənizinin külək enerjisi potensialı və regionun bərpaolunan enerji imkanları gələcəkdə Avropa bazarları üçün yeni enerji mənbələrinin formalaşmasına şərait yarada bilər.
Avaza görüşünün mühüm tərəflərindən biri də rəqəmsal bağlantı məsələsinin gündəmdə olmasıdır. Müasir dövrdə dövlətlər arasında əlaqələrin yalnız fiziki nəqliyyat infrastrukturu ilə deyil, rəqəmsal şəbəkələrlə də təmin olunması strateji əhəmiyyət daşıyır. Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi istiqamətində həyata keçirilən layihələr Azərbaycan və Mərkəzi Asiya arasında rəqəmsal əlaqələrin gücləndirilməsi baxımından mühüm perspektivlər açır.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla keçirdiyi görüş də xüsusi əhəmiyyət daşıyıb. Görüş zamanı Azərbaycan-Türkmənistan münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Siyasi dialoqun yüksək səviyyəsi, qarşılıqlı səfərlərin intensivliyi və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi iki ölkə arasında münasibətlərin strateji xarakter aldığını göstərir.
Azərbaycan-Türkmənistan əlaqələrində Xəzər dənizi, nəqliyyat və enerji məsələləri ilə yanaşı, ticarət, investisiya, mədəniyyət və humanitar sahələr də mühüm yer tutur. İki ölkənin Xəzər regionunda yerləşməsi onların regional layihələrdə əməkdaşlığı üçün əlavə imkanlar yaradır.
Avaza görüşünün mühüm nəticələrindən biri isə sənədlərin imzalanması oldu. Azərbaycan Prezidenti İlham Əliyevin və Mərkəzi Asiya dövlətlərinin liderlərinin iştirakı ilə “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı” imzalandı. Bundan başqa, “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar” qəbul edildi.
Bu sənədlərin imzalanması Məşvərət görüşünün institusional əsaslarının daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Başqa sözlə, Avaza toplantısı yalnız fikir mübadiləsi aparılan siyasi platforma deyil, konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyi və onların həyata keçirilməsi üçün mexanizmlərin formalaşdırıldığı regional platformaya çevrilir.
Azərbaycanın bu formata tamhüquqlu iştirakçı kimi qoşulması isə mühüm geosiyasi məna daşıyır. Beləliklə, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında Xəzər üzərindən formalaşan əlaqələr daha geniş siyasi və iqtisadi məzmun qazanır. Azərbaycan bu prosesdə həm regional tərəfdaş, həm də Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm tranzit və enerji mərkəzi kimi çıxış edir.
Avazadan verilən mesajlardan biri də budur ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri gələcəyə yalnız ayrı-ayrı ikitərəfli layihələr müstəvisində deyil, vahid regional əməkdaşlıq perspektivindən baxırlar. Nəqliyyat dəhlizlərinin inkişafı, enerji əməkdaşlığı, rəqəmsal bağlantı, investisiya və ticarət əlaqələrinin genişləndirilməsi bu əməkdaşlığın əsas istiqamətləridir.
Bu prosesdə Xəzər dənizi xüsusi strateji əhəmiyyət daşıyır. Bakı və Türkmənbaşı limanları, Orta Dəhliz, enerji marşrutları və rəqəmsal kommunikasiya layihələri Xəzəri regionlar arasında sadəcə coğrafi ayırıcı deyil, əksinə, birləşdirici məkana çevirir.
Prezident İlham Əliyevin Türkmənistana səfəri və Avazada keçirilən 8-ci Məşvərət görüşü Azərbaycanın xarici siyasətində Mərkəzi Asiyanın artan əhəmiyyətini bir daha ortaya qoydu. Eyni zamanda bu səfər göstərdi ki, Azərbaycan özünün geostrateji mövqeyindən istifadə etməklə Cənubi Qafqazla Mərkəzi Asiya arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin möhkəmləndirilməsində fəal rol oynamağa davam edir.
Avaza görüşünün nəticələri uzunmüddətli perspektivdə daha geniş regional layihələrin reallaşmasına zəmin yarada bilər. İqtisadi əlaqələrin dərinləşməsi, nəqliyyat dəhlizlərinin genişlənməsi və enerji əməkdaşlığının yeni istiqamətlərə çıxması Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşılıqlı asılılığını və strateji tərəfdaşlığını daha da gücləndirəcək.
Beləliklə, Avazada keçirilən 8-ci Məşvərət görüşü Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu mərhələnin əsas xüsusiyyəti siyasi dialoqdan praktiki əməkdaşlığa, ayrı-ayrı layihələrdən isə daha geniş regional inteqrasiya perspektivinə keçiddir. Azərbaycanın bu prosesdə fəal iştirakı isə Xəzər hövzəsinin və bütövlükdə Avrasiya məkanının yeni iqtisadi və nəqliyyat reallıqlarının formalaşmasında ölkəmizin rolunu daha da artırır.
Məlahət İbrahimqızı
Milli Məclisin deputatı
