Tariximizdə elə günlər var ki, onların əhəmiyyəti yalnız bir şəhər və ya rayonun taleyi ilə məhdudlaşmır, bütöv xalqın yaddaşına və dövlətçilik salnaməsinə əbədi həkk olunur. Cəbrayılın işğaldan azad edilməsi də Azərbaycan tarixinin məhz belə şanlı səhifələrindəndir. Bu gün Cəbrayıl adı xalqımız üçün yalnız bir yaşayış məntəqəsinin adı deyil, həm də qəhrəmanlığın, Zəfərin, milli iradənin və Böyük Qayıdışın rəmzidir.
1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Cəbrayıl rayonu 27 il ərzində ağır dağıntılara məruz qaldı. Rayonun 1 şəhəri, 4 qəsəbəsi və 92 kəndi işğal altında qaldı, minlərlə sakin doğma yurdlarından didərgin düşərək uzun illər məcburi köçkün həyatı yaşadı. İşğal dövründə rayonun infrastrukturu dağıdıldı, tarixi və mədəni irs nümunələri məhv edildi, təhsil və səhiyyə müəssisələri fəaliyyətini dayandırdı.
Cəbrayıl torpağı Azərbaycanın Vətən müharibəsində göstərdiyi qəhrəmanlığın da mühüm ünvanlarından biridir. Rayon 362 şəhid verib, 191 sakini əlil olub, 6 nəfər isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu rəqəmlərin hər birinin arxasında bir insan taleyi, bir ailənin ağrısı və Vətən uğrunda göstərilən misilsiz fədakarlıq dayanır.
İşğaldan əvvəl Cəbrayıl rayonu Azərbaycanın mühüm iqtisadi, sosial və mədəni mərkəzlərindən biri kimi inkişaf edirdi. Rayon sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngin idi. Burada dəmir filizi və neft yataqlarının mövcudluğu da məlum idi. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olurdu.
Cəbrayılın sosial və mədəni həyatı da yüksək inkişaf səviyyəsi ilə seçilirdi. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim və 432 orta ixtisaslı tibb işçisi çalışırdı. 72 məktəbdə 1660-dan çox müəllim fəaliyyət göstərirdi. Üç musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və bir muzey rayon sakinlərinin maariflənməsinə və mədəni həyatına xidmət edirdi. Tarix-diyarşünaslıq muzeyində 20 mindən çox eksponat qorunurdu. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi və quşçuluq fabriki fəaliyyət göstərirdi.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Cəbrayılın tarixində yeni bir səhifə açdı. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Böyük Mərcanlı və Nüzgar kəndləri, ardınca digər yaşayış məntəqələri azad edildi. 4 oktyabr 2020-ci ildə isə Cəbrayıl şəhərinin azad olunması Azərbaycan Ordusunun böyük hərbi uğurlarından biri kimi tarixə düşdü.
Cəbrayıl uğrunda döyüşlər Azərbaycan Ordusunun yüksək peşəkarlığını, əsgər və zabitlərimizin qəhrəmanlığını, müasir hərbi texnologiyalardan səmərəli istifadə imkanlarını bütün dünyaya nümayiş etdirdi. Cəbrayılın azad olunması Vətən müharibəsinin sonrakı gedişatına ciddi təsir göstərən strateji əhəmiyyətli qələbə oldu və digər işğal olunmuş ərazilərimizin azad edilməsinə mühüm imkanlar yaratdı.
Bu qələbə, eyni zamanda, xalqımızın milli iradəsinin və dövlətimizin gücünün nümayişi idi. Cəbrayıl uğrunda döyüşən hərbçilərimizin şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 22 797 hərbi qulluqçunun “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi onların göstərdiyi qəhrəmanlığın dövlət səviyyəsində ehtiramla qiymətləndirilməsinin ifadəsidir.
Cəbrayıl Zəfərinin ən yaddaqalan simvollarından biri də Xudafərin körpüsündə Azərbaycan bayrağının dalğalandırılması oldu. Bu tarixi görüntü xalqımızın illərlə gözlədiyi qələbənin rəmzinə çevrildi. Xudafərin üzərində dalğalanan üçrəngli bayrağımız Azərbaycanın öz tarixi torpaqlarına qayıdışının və dövlət suverenliyinin bərpasının əyani ifadəsi idi.
Cəbrayılın azad edilməsi hərbi baxımdan olduğu kimi, strateji baxımdan da mühüm əhəmiyyət daşıyırdı. Bu ərazidən Zəngilan, Qubadlı, Laçın və digər istiqamətlərdə uğurlu hərbi əməliyyatların həyata keçirilməsi üçün mühüm imkanlar yarandı. Beləliklə, Cəbrayıl zəfəri Vətən müharibəsinin ümumi qələbə ilə başa çatmasında mühüm rol oynayan hadisələrdən birinə çevrildi.
Bu gün Cəbrayıl artıq yalnız Zəfər tariximizin deyil, Böyük Qayıdış prosesinin də mühüm ünvanlarından biridir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Cəbrayılın simasını sürətlə dəyişir. Yeni yolların çəkilməsi, elektrik və digər kommunal infrastrukturun yaradılması, sosial obyektlərin inşası, yaşayış məntəqələrinin yenidən qurulması burada həyatın yenidən canlanmasına şərait yaradır.
“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması Cəbrayılın gələcək iqtisadi inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu layihə rayonun iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına, yeni iş yerlərinin yaradılmasına və bölgənin mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsinə imkan verəcək.
Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl sakinlərinin doğma torpaqlarına mərhələli şəkildə qayıtması isə Zəfərimizin ən mühüm nəticələrindəndir. İlk ailələrin Cəbrayıl şəhərinə köçürülməsi illərlə davam edən həsrətin sona çatmasının, tarixi ədalətin bərpasının və insanların öz doğma yurdları ilə yenidən qovuşmasının rəmzidir.
Bu gün Cəbrayılda inşa olunan hər yeni ev, salınan hər küçə, tikilən hər məktəb, xəstəxana və sosial obyekt Böyük Qələbənin davamı, dövlətimizin gücünün göstəricisidir. Çünki torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, həmin ərazilərin yenidən qurulması, müasir infrastruktura qovuşdurulması və təhlükəsiz şəkildə məskunlaşdırılması da böyük dövlətçilik missiyasıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıla çoxsaylı səfərləri, burada müxtəlif layihələrin təməlqoyma və açılış mərasimlərində iştirakı dövlətimizin bu bölgəyə göstərdiyi xüsusi diqqət və qayğının göstəricisidir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə yeni həyat qurulur, şəhər və kəndlərimiz müasir standartlar əsasında yenidən bərpa edilir.
Cəbrayılın bugünkü mənzərəsi bir həqiqəti aydın şəkildə göstərir: Azərbaycan yalnız torpaqlarını işğaldan azad etməyib, həm də həmin torpaqlarda yeni və daha firavan həyat qurur. Bu proses dövlətin gücü, ordunun qəhrəmanlığı və xalqın milli birliyi sayəsində mümkün olub.
Cəbrayılın azadlığı şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı və əsgər-zabitlərimizin misilsiz fədakarlığı hesabına əldə edilən böyük Zəfərin parlaq nümunəsidir. Bu gün Cəbrayılın yenidən qurulması isə həmin Zəfərin sülh və quruculuq mərhələsində davam etdirilməsidir.
Cəbrayıl artıq keçmişin ağrılı xatirələrini yaşadan bir məkan deyil. O, Zəfərin, dirçəlişin, Böyük Qayıdışın və Azərbaycanın gələcəyə inamının rəmzidir.
Cəbrayılın azad edilməsi günü təkcə bir rayonun deyil, bütün Azərbaycanın qürur və Zəfər günüdür. Bu əlamətdar tarixdə Vətən uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığını minnətdarlıqla xatırlayır, doğma torpaqlarına qayıdan soydaşlarımızın sevincini bölüşürük.
Cəbrayılın Zəfər yolu Azərbaycanın böyük Qələbə salnaməsinin ayrılmaz hissəsidir. Bu yol bu gün Böyük Qayıdış və quruculuq yolu kimi davam edir.
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri
