Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyəti və qurultaydan sonrakı dövrə dair gözləntilər olduqca böyükdür. Cəmiyyətimizdə hakim partiyanın verdiyi qərarlara böyük diqqət və maraq var. Bu mənada YAP-ın növbəti qurultayı təkcə ümumxalq partiyasının növbəti hesabat mərhələsi deyil, bu həm də qarşıdakı dövr üçün yeni çağırışlara cavab verən yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, YAP yarandığı ilk gündən Azərbaycanın ictimai-siyasi həyatında misilsiz xidmətləri ilə mühüm rol oynayıb və bu gün ölkənin qarşısında duran yeni çağırışlar partiyanın fəaliyyətində də yeni yanaşmalar tələb edir:
“VIII Qurultaydan əsas gözləntimiz ondan ibarətdir ki, burada səsləndirilən fikirlər və müəyyənləşdirilən vəzifələr qarşıdakı mərhələdə real fəaliyyətə çevrilsin. Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dövrdə siyasi təşkilatların da cəmiyyətin dəyişən gözləntilərinə, müasir çağırışlara və yeni reallıqlara uyğun fəaliyyət göstərməsi vacibdir.
Bu baxımdan xüsusilə gənclərlə iş, müasir ideoloji fəaliyyət, ictimai dialoqun genişləndirilməsi, vətəndaş müraciətlərinə daha həssas yanaşma və cəmiyyətlə siyasi təşkilat arasında əlaqələrin daha da gücləndirilməsi mühüm istiqamətlərdən ola bilər”.

Deputat vurğulayıb ki, bu gün Azərbaycanın qarşısında postmüharibə dövrünün yaratdığı yeni imkanlarla yanaşı, ciddi regional və qlobal çağırışlar da dayanır:
“Cənab Prezident İlham Əliyev də partiyamızın qurultayında məhz bu məqamlara toxundu. Ölkəmizin başçısınını qeyd etdiyi kimi “Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var”.
Sözsüz ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış, azad edilmiş ərazilərin bərpası, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların artırılması, yeni iş yerlərinin yaradılması və insanların rifahının yüksəldilməsi qarşıdakı dövrün əsas gündəlik məsələlərindəndir. Eyni zamanda, dövlətimizin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin qorunması və milli maraqlarımızın təmin edilməsi də xüsusi əhəmiyyət daşıyır. Qurultayda bu istiqamətdə səslənən fikirlər qarşıdakı dövrdə görüləcək işlərin prioritetlərini anlamaq baxımından mühüm mesajlardır”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Qurultayın əhəmiyyəti yalnız burada qəbul ediləcək qərarlarla məhdudlaşmır:
“Belə ki, əsas məsələ qurultaydan sonra həmin qərarların və qarşıya qoyulan vəzifələrin yerlərdə necə icra olunmasıdır. Yəni qurultay yeni mərhələnin başlanğıcıdır. Bu mərhələdə hər bir təşkilat, hər bir partiya üzvü və xüsusilə də cəmiyyətlə birbaşa təmasda olan şəxslər öz fəaliyyətləri ilə müəyyən edilmiş hədəflərə töhfə verməlidirlər.
Cənab Prezidentin də vurğuladığı kimi “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi. O vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, Azərbaycan dövlətinin taleyini düşünən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmişdilər. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır”.
İnanırıq ki, VIII Qurultay YAP-ın qarşıdakı fəaliyyətində yeni yanaşmaların, daha çevik və müasir iş mexanizmlərinin formalaşmasına təkan verəcək. Azərbaycanın qarşısında böyük quruculuq və inkişaf məqsədləri dayanır. Bu prosesdə siyasi sabitliyin, dövlətçilik ənənələrinin və cəmiyyətlə sağlam münasibətlərin qorunması xüsusi əhəmiyyət kəsb edir. Yeni mərhələdə əsas gözləntilərdən biri də əldə olunan nəticələrin qorunması ilə yanaşı, dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda yeni inkişaf imkanlarının düzgün qiymətləndirilməsi və onların ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafına yönəldilməsidir.
