Azərbaycanın sosial siyasətində hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdən biri olaraq qalır. Ölkənin müdafiə qabiliyyətinin və hərbi potensialının davamlı şəkildə gücləndirilməsi ilə yanaşı, Vətən qarşısında xidmət edən hərbçilərin layiqli əməkhaqqı və pensiya təminatı, onların sosial rifahının yaxşılaşdırılması da dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Nəzərdə tutulan yeni islahat tədbirləri hərbi qulluqçuların əməkhaqlarının artırılması, pensiya təminatı mexanizminin təkmilləşdirilməsi, pensiyaların indeksləşdirilməsi sisteminin daha optimal qurulması və sosial sığorta ehtiyatının gücləndirilməsi istiqamətlərini əhatə edir. Bu dəyişikliklərin əsas məqsədlərindən biri peşəkar hərbi kadrların xidmət müddətinin artırılması, onların uzunmüddətli karyera qurmaq marağının gücləndirilməsi və nəticə etibarilə ordunun kadr potensialının daha da möhkəmləndirilməsidir.
Hərbi qulluqçuların əməkhaqları orta hesabla 22,8 faiz artırılacaq
Yeni islahat paketinin əsas istiqamətlərindən biri Müdafiə Nazirliyinin hərbi qulluqçularının əməkhaqlarının artırılmasıdır. Nəzərdə tutulan tədbirə əsasən, hərbi qulluqçuların əməkhaqları orta hesabla 22,8 faiz artırılacaq.
Bu məqsədlə dövlət büdcəsindən illik əlavə olaraq 550 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Əməkhaqqı artımı ilə yanaşı, hərbi qulluqçuların ödəniş sisteminin strukturunda da mühüm dəyişikliklər həyata keçiriləcək. Çoxsaylı əlavələrin və birdəfəlik ödənişlərin ləğv olunması, daha sadə, aydın və dayanıqlı əməkhaqqı strukturunun formalaşdırılması planlaşdırılır.
Yeni sistemdə hərbi qulluqçunun əməkhaqqının müəyyən edilməsində onun xidmət keçdiyi yer, xidmətin xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınacaq. Eyni zamanda, baza maaşı olan vəzifə maaşının rütbə maaşı ilə əvəzlənməsi və ümumi əməkhaqqında rütbə maaşının payının 70 faizə çatdırılması nəzərdə tutulur.
Bu yanaşma hərbi xidmətin karyera perspektivlərini daha aydın şəkildə müəyyənləşdirməyə imkan verəcək. Hərbi qulluqçu xidmətdə daha uzun müddət qaldıqca yeni rütbələrə yüksəlmək və buna uyğun olaraq daha yüksək əməkhaqqı əldə etmək imkanına malik olacaq.
Beləliklə, yeni sistem yalnız cari gəlirlərin artırılmasına deyil, həm də hərbi qulluqçuların uzunmüddətli xidmətə marağının gücləndirilməsinə hesablanıb.
Yeni islahatların digər mühüm istiqaməti hərbi qulluqçuların pensiya təminatı mexanizminin dəyişdirilməsidir.
Nəzərdə tutulan yeni mexanizmə əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçularının pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqənin aradan qaldırılması, pensiyaların fərdi şəxsi hesablarda qeydə alınmış pensiya kapitalı və sabit məbləğdə aylıq pensiya əlavəsi əsasında hesablanması nəzərdə tutulur.
Bu yanaşma hərbçilərin daha uzun müddət xidmət etməsinə, vəzifə və rütbə artımına nail olmasına, daha yüksək əməkhaqqı əldə etməsinə və nəticədə fərdi pensiya kapitallarının daha çox formalaşmasına stimul yarada bilər.
Aparılan təhlillərə əsasən, yeni mexanizmin tətbiq ediləcəyi növbəti
Yeni islahat tədbirlərinin mühüm istiqamətlərindən biri pensiyaların indeksasiya mexanizminin də təkmilləşdirilməsidir.
Son illərdə Azərbaycanda həyata keçirilən sosial islahatlar əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə əhəmiyyətli dəyişikliklərlə müşayiət olunub.
Son 7 ildə 5 sosial islahat paketi reallaşdırılıb və bu tədbirlər üçün illik əlavə olaraq 8 milyard manat vəsait ayrılıb. Həyata keçirilən tədbirlər nəticəsində minimum və orta aylıq pensiyalarda 3 dəfəyədək, müavinət və təqaüd ödənişlərində isə 5 dəfəyədək artım baş verdiyi bildirilir.
Pensiya sistemində sığorta prinsipinin gücləndirilməsi, pensiyaların və sığorta kapitallarının hər il indeksasiya edilməsi də bu prosesin mühüm istiqamətlərindəndir.
Beləliklə, yeni islahat tədbirlərinin əsas xətti yalnız bu günün sosial ehtiyaclarının qarşılanması ilə məhdudlaşmır. Məqsəd həm də hərbi qulluqçuların uzunmüddətli sosial təminatını gücləndirən, peşəkar hərbi xidməti stimullaşdıran və pensiya sistemini daha çox sığorta prinsiplərinə əsaslandıran mexanizmlərin formalaşdırılmasıdır.
Azərbaycanın müdafiə qabiliyyətinin əsas dayaqlarından biri olan insan amilinin gücləndirilməsi baxımından hərbçilərin sosial müdafiəsi xüsusi əhəmiyyət daşıyır. Yeni islahatların da bu istiqamətdə həm hərbi qulluqçuların, həm də ümumilikdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların təminat imkanlarının genişləndirilməsinə xidmət etməsi nəzərdə tutulur.
Məlahət İbrahimqızı
Milli Məclisin deputatı
