Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın qarşıdakı illər üçün iqtisadi inkişaf prioritetlərini və investisiya gündəliyini bir daha diqqət mərkəzinə gətirdi. Forum çərçivəsində təşkil olunan tədbirdə Prezident İlham Əliyevin çıxışı ölkənin mövcud iqtisadi potensialı ilə yanaşı, yeni investisiya imkanlarının hansı istiqamətlərdə formalaşdırılacağına dair geniş mənzərə ortaya qoydu.
Dövlət başçısının çıxışında əsas xətt ondan ibarət idi ki, Azərbaycanın gələcək iqtisadi inkişafı yalnız ənənəvi neft-qaz sektoruna deyil, eyni zamanda bərpaolunan enerji, logistika, nəqliyyat, mədənçilik, rəqəmsal infrastruktur, süni intellekt, kənd təsərrüfatı və insan kapitalı kimi sahələrə söykənməlidir. Bununla belə, neft-qaz sektorunun uzun müddət ölkə iqtisadiyyatında və investisiya strukturunda mühüm yerini qoruyacağı da vurğulandı.
350 milyard dollarlıq investisiya bazası
Prezident İlham Əliyev Azərbaycanın son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etdiyini, bunun təxminən yarısının birbaşa xarici investisiyaların payına düşdüyünü bildirdi. Dövlət başçısının təqdim etdiyi yanaşmaya görə, bu kapital axınının formalaşmasında sabit iqtisadiyyat, maliyyə imkanları və investorlar üçün proqnozlaşdırılan mühit əsas amillərdən olub.
Bu rəqəm Azərbaycanın investisiya siyasətində yeni mərhələyə keçidi baxımından da diqqət çəkir. Əvvəlki mərhələdə əsas məqsədlərdən biri enerji sektoruna kapital cəlb etmək və neft-qaz infrastrukturunu qurmaq idisə, indiki mərhələdə daha çoxşaxəli iqtisadi strukturun formalaşdırılması ön plana çıxır.
Prezidentin çıxışında qeyd olunan mühüm məqamlardan biri də ixracın strukturudur. Qeyri-neft sektorunun ÜDM-də payının 70 faizdən çox olduğu bildirilsə də, ixracın 90 faizindən çoxunun hələ də neft və qazın payına düşdüyü qeyd edildi. Bu göstəricilər iqtisadiyyatın diversifikasiyasının yalnız daxili istehsal baxımından deyil, ixracın strukturu baxımından da əsas məsələlərdən biri olduğunu göstərir.
Bərpaolunan enerji yeni investisiya istiqaməti kimi
Çıxışda Azərbaycanın gələcək iqtisadi modelində bərpaolunan enerjiyə xüsusi yer ayrıldı. Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialının olduğunu bildirdi.
Burada söhbət yalnız elektrik enerjisi istehsalından getmir. Ötürücü xətlərin, enerji saxlanc sistemlərinin və regional elektrik şəbəkələrinin inkişafı da yeni investisiya imkanları sırasında təqdim olunur.

Azərbaycanın məqsədlərindən biri elektrik enerjisi istehsalında təbii qazdan istifadənin mümkün qədər azaldılması və qənaət olunan qazın ixraca yönəldilməsidir. Beləliklə, bərpaolunan enerji həm daxili enerji balansının dəyişdirilməsi, həm də yeni ixrac imkanlarının yaradılması baxımından nəzərdən keçirilir.
Bu istiqamətdə regional bağlantılar da mühüm yer tutur. Azərbaycanı Mərkəzi Asiya ilə, daha sonra isə Avropa enerji bazarı ilə əlaqələndirəcək layihələr ölkənin enerji xəritəsində yeni xətt formalaşdırır.
Azərbaycanın tranzit potensialı genişlənir
Forumda diqqət çəkən digər istiqamət logistika və nəqliyyat sektorudur.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ilə bağlı üstünlüklərini artırmağa çalışır. Prezidentin sözlərinə görə, ölkə ərazisindən keçən tranzit yüklərin həcminin bu il 16 milyon tona çatması gözlənilir. Qarşıya qoyulan məqsəd isə 2030-cu ilədək hər iki istiqamətdə daşımaların ümumi həcmini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaqdır.
Bu hədəfin reallaşdırılması yalnız dəmir yollarının, avtomobil yollarının və limanların inkişafından asılı deyil. Gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal idarəetmə, yük axınlarının sürətləndirilməsi və multimodal daşımaların genişləndirilməsi də mühüm amillərdir.
Azərbaycanın son illərdə dəmir yolu, liman, hava nəqliyyatı və avtomobil yollarına yatırdığı investisiyalar bu strategiyanın fiziki əsasını təşkil edir. Ölkənin tranzit mərkəzinə çevrilməsi isə qonşu dövlətlərlə əməkdaşlıqdan birbaşa asılıdır.
Enerji sektorunda yeni müqavilələr
Forum çərçivəsində imzalanan və mübadilə edilən sənədlər Azərbaycanın enerji sektorunun hələ uzun müddət investisiya gündəliyinin əsas istiqamətlərindən biri olaraq qalacağını göstərdi.
Beləliklə, Azərbaycanın enerji strategiyasında bir tərəfdən yeni yataqların işlənməsi və hasilatın artırılması, digər tərəfdən isə enerji ixrac coğrafiyasının genişləndirilməsi paralel şəkildə davam edir.
Enerjidən rəqəmsal iqtisadiyyata
Azərbaycanın qarşıdakı dövrdə əsas məqsədlərindən biri enerji resurslarından əldə edilən gəlirləri yeni iqtisadi imkanlara çevirməkdir. Bu modeldə neft və qaz gəlirlərinin iqtisadiyyatın digər sahələrinə investisiya şəklində yönəldilməsi, yeni infrastrukturun yaradılması və qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu yalnız yeni müqavilələrin təqdim olunduğu platforma deyil, həm də Azərbaycanın növbəti iqtisadi mərhələsi üçün prioritetlərin nümayiş etdirildiyi bir müzakirə meydanı oldu. Forumda səslənən fikirlər və mübadilə edilən sənədlər göstərir ki, ölkənin investisiya gündəliyi ənənəvi enerji sektorundan daha geniş sahələri əhatə etməyə başlayır: enerji, logistika, rəqəmsallaşma, sənaye, kənd təsərrüfatı və insan kapitalı bir-birini tamamlayan istiqamətlər kimi nəzərdən keçirilir.
Məlahət İbrahimqızı
Milli Məclisin deputatı
