Azərbaycan iqtisadiyyatının qarşısında yeni imkanlar və inkişaf perspektivləri formalaşır. Son illərdə həyata keçirilən iqtisadi siyasət ölkənin maliyyə dayanıqlığının möhkəmləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm nəticələr ortaya qoyub. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səsləndirilən fikirlər də qarşıdakı dövrdə iqtisadi inkişafın yeni istiqamətlər üzrə davam etdiriləcəyini göstərir.
Ötən 20 il ərzində Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiyanın cəlb edilməsi ölkənin investisiya potensialının göstəricilərindən biridir. Formalaşmış iqtisadi və maliyyə imkanları yeni layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Qarşıdakı mərhələdə əsas məqsədlərdən biri isə investisiya axınının daha geniş sahələri əhatə etməsinə nail olmaq və qeyri-neft sektorunun imkanlarını artırmaqdır.
Bu istiqamətdə bərpaolunan enerji xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın həm quruda, həm də Xəzər dənizində böyük külək və günəş enerjisi potensialına malik olması yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar açır. Enerji infrastrukturunun inkişafı, yeni generasiya güclərinin yaradılması və ötürücü şəbəkələrin genişləndirilməsi ölkənin enerji siyasətində yeni mərhələnin əsas elementlərindəndir. Eyni zamanda, enerji imkanlarının rəqəmsal texnologiyalar və data mərkəzləri ilə əlaqələndirilməsi yeni iqtisadi fəaliyyət sahələrinin yaranmasına şərait yarada bilər.
Azərbaycanın əlverişli coğrafi mövqeyi nəqliyyat və logistika sektorunun inkişafını da sürətləndirir. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin üzərində yerləşən ölkəmiz regional ticarət əlaqələrində mühüm mövqeyə malikdir. Son illərdə dəmir yolları, avtomobil yolları, liman və hava nəqliyyatı infrastrukturuna yatırılan investisiyalar bu imkanların genişləndirilməsinə xidmət edir.
Tranzit daşımalarının həcminin artırılması qarşıdakı dövr üçün əsas hədəflərdən biridir. Azərbaycanın ərazisindən keçən tranzit yüklərin həcminin 2026-cı ildə 16 milyon tona çatacağı, 2030-cu ilədək isə 25 milyon tona və daha yüksək səviyyəyə yüksəldilməsi nəzərdə tutulur. Tranzit imkanlarının genişlənməsi logistika ilə yanaşı, anbar, xidmət və istehsal sahələrində də yeni investisiya imkanlarının yaranmasına səbəb ola bilər.
Qeyri-neft sektorunun inkişafında mədənçilik, metallurgiya, kənd təsərrüfatı və ərzaq istehsalı da mühüm istiqamətlər sırasındadır. Mədənçilik sahəsində mövcud ehtiyatlardan səmərəli istifadə yeni istehsal imkanlarının yaradılmasına və iqtisadiyyatın şaxələndirilməsinə xidmət edə bilər. Kənd təsərrüfatında isə iqlim dəyişiklikləri və su ehtiyatlarının məhdudluğu müasir texnologiyaların tətbiqini zəruri edir. Suvarma sistemlərinin yenilənməsi, aqrotexnologiyaların genişləndirilməsi və ərzaq emalının inkişafı bu sahədə yeni imkanlar yaradır.
Rəqəmsal transformasiya da Azərbaycanın iqtisadi inkişaf gündəliyində getdikcə daha böyük yer tutur. Süni intellekt, kibertəhlükəsizlik, data mərkəzləri, fiber-optik infrastruktur və rəqəmsal xidmətlər gələcəyin əsas iqtisadi istiqamətləri sırasında göstərilir. Azərbaycanın enerji və kommunikasiya imkanları bu sahədə regional layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Bununla yanaşı, rəqəmsal iqtisadiyyatın inkişafı üçün ixtisaslı kadrların hazırlanması və insan kapitalının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payının 70 faizdən yüksək olması şaxələndirmə istiqamətində əldə edilən nəticələrdən biridir. Bununla belə, ixracın strukturunda enerji məhsullarının çəkisi hələ də yüksəkdir. Qarşıdakı dövrdə qeyri-neft və qeyri-qaz məhsullarının ixracının artırılması, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi və Azərbaycan məhsullarının yeni xarici bazarlara çıxarılması əsas iqtisadi vəzifələrdən biri olaraq qalır.
Ümumilikdə, Azərbaycanın yeni iqtisadi inkişaf mərhələsi daha çoxşaxəli iqtisadi modelin formalaşdırılması ilə səciyyələnir. Enerji, nəqliyyat və logistika, mədənçilik, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və insan kapitalının inkişafı qarşıdakı dövrün əsas istiqamətlərini təşkil edir. Mövcud iqtisadi potensialın yeni investisiya imkanları ilə birləşdirilməsi Azərbaycanın davamlı inkişafının və regional iqtisadi mövqeyinin daha da güclənməsinə xidmət edə bilər.
Ülvi Salmanov
YAP Abşeron rayon təşkilatının sədr müavini
