Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, mövcud resurslardan səmərəli istifadə olunması və yeni sənaye istiqamətlərinin formalaşdırılmasıdır. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkənin iqtisadi potensialının artırılması üçün mühüm imkanlar yaradır.
Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın əsas istiqamətlərinin müzakirə edilməsi də bu sahəyə dövlət səviyyəsində verilən əhəmiyyətin göstəricisidir. Qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər dağ-mədən sənayesinin yalnız hasilat sahəsi kimi deyil, bütövlükdə sənaye inkişafının mühüm elementlərindən biri kimi nəzərdən keçirildiyini göstərir.
Azərbaycanın zəngin mineral-xammal ehtiyatları ölkənin iqtisadi inkişafı üçün mühüm resurs bazası formalaşdırır. Lakin bu imkanlardan tam yararlanmaq üçün yalnız yataqların müəyyənləşdirilməsi və istismarı kifayət etmir. Müasir yanaşma xammalın hasilatından başlayaraq onun emalına, zənginləşdirilməsinə və son məhsul istehsalına qədər uzanan bütöv sənaye zəncirinin yaradılmasını tələb edir.
Belə bir istehsal modelinin formalaşdırılması ölkə iqtisadiyyatında əlavə dəyərin artmasına şərait yarada bilər. Xammalın ölkə daxilində daha yüksək səviyyədə emal edilməsi yeni müəssisələrin yaradılmasına, texnoloji imkanların genişləndirilməsinə və yerli istehsalın inkişafına stimul verəcək. Eyni zamanda, sənaye sahəsində yeni iş yerlərinin açılması əhalinin məşğulluğunun artırılması baxımından da mühüm nəticələr verə bilər.
Dağ-mədən sənayesinin inkişaf perspektivlərindən danışarkən Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki resurs potensialını da xüsusi qeyd etmək lazımdır. Uzun illər işğal altında qalan ərazilərdə yerləşən təbii sərvətlərdən ölkəmiz tam şəkildə istifadə edə bilməyib. Müşavirədə Prezident İlham Əliyevin qızıl, mis və molibden yataqlarının işğal dövründə qanunsuz istismarı ilə bağlı səsləndirdiyi fikirlər də bu məsələnin tarixi və iqtisadi tərəflərini bir daha gündəmə gətirdi.
Bu gün isə vəziyyət tamamilə fərqlidir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının öyrənilməsi və istifadəsi üçün yeni mərhələ yaradıb. Qarabağ və Şərqi Zəngəzurda təbii ehtiyatların araşdırılması və sənaye layihələrinin həyata keçirilməsi həmin bölgələrin iqtisadi dirçəliş prosesinin mühüm istiqamətlərindən birinə çevrilə bilər.
Regionların inkişafı ilə bağlı əvvəlki Dövlət Proqramlarının təcrübəsi də göstərir ki, məqsədyönlü dövlət siyasəti nəticəsində bölgələrdə genişmiqyaslı infrastruktur və sosial layihələr reallaşdırmaq mümkündür. Yeni Dövlət Proqramı çərçivəsində dağ-mədən sənayesinin inkişaf etdirilməsi də regionlarda iqtisadi fəallığın artmasına və yeni istehsal imkanlarının yaranmasına xidmət edə bilər.
Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflərdən biri mineral-xammal bazasının genişləndirilməsidir. Yeni yataqların aşkar olunması, geoloji araşdırmaların müasir texnologiyalar əsasında aparılması və mövcud resursların potensialının yenidən qiymətləndirilməsi gələcək sənaye inkişafı üçün əlavə imkanlar yarada bilər.
Digər mühüm məsələ isə rəqabətqabiliyyətli istehsalın qurulmasıdır. Dövlət Proqramının 2030-cu ilədək dağ-mədən və metallurgiya sahəsində dayanıqlı istehsal imkanlarının formalaşdırılmasına yönəlməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Müasir texnologiyaların tətbiqi, istehsal proseslərinin yenilənməsi və sənaye zəncirinin müxtəlif mərhələlərinin bir-biri ilə əlaqələndirilməsi sahənin səmərəliliyini yüksəldə bilər.
Qərb Sənaye Parkının yaradılması da bu siyasətin mühüm istiqamətlərindən biri kimi diqqət çəkir. Burada əsas məqsədlərdən biri dağ-mədən sahəsində hasilatla emal arasında əlaqənin gücləndirilməsi və hazır məhsula qədər uzanan istehsal imkanlarının yaradılmasıdır. Belə sənaye modeli ölkənin daxili istehsal imkanlarını genişləndirməklə yanaşı, ixrac potensialının artırılmasına da şərait yarada bilər.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafı həmçinin yeni investisiya imkanlarının yaranmasına və sənaye infrastrukturunun genişlənməsinə təkan verə bilər. Bu prosesdə müasir texnologiyaların tətbiqi, peşəkar kadr hazırlığı və ekoloji tələblərin nəzərə alınması xüsusi əhəmiyyət daşıyır. Çünki uzunmüddətli sənaye inkişafı yalnız iqtisadi nəticələrlə deyil, həm də resurslardan məsuliyyətli və dayanıqlı istifadə ilə ölçülür.
Nəzərdə tutulan layihələr çərçivəsində ölkədə 5 mindən artıq daimi iş yerinin yaradılmasının planlaşdırılması da bu sahənin sosial əhəmiyyətini ortaya qoyur. Yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması məşğulluqla yanaşı, həmin müəssisələrin yerləşdiyi ərazilərdə xidmət və digər iqtisadi fəaliyyət sahələrinin genişlənməsinə də müsbət təsir göstərə bilər.
Ümumilikdə, dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühüm addımlardan biri kimi nəzərdən keçirilir. Təbii sərvətlərin səmərəli istifadəsi, müasir istehsal texnologiyalarının tətbiqi, xammalın ölkə daxilində emalının genişləndirilməsi və yeni sənaye zəncirlərinin yaradılması qarşıdakı illərdə bu sahənin inkişafının əsas istiqamətlərini təşkil edə bilər.
Azərbaycanın qarşısında duran əsas məqsəd təbii sərvətləri yalnız iqtisadi resurs kimi istifadə etmək deyil, həmin resurslar əsasında uzunmüddətli və dayanıqlı sənaye potensialı formalaşdırmaqdır. Bu baxımdan 2027-2030-cu illəri əhatə edən Dövlət Proqramının həyata keçirilməsi dağ-mədən və metallurgiya sahəsinin yeni mərhələyə keçməsinə, qeyri-neft sektorunun genişlənməsinə və ölkənin sənaye imkanlarının daha da güclənməsinə mühüm töhfə verə bilər.
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri
