Azərbaycan iqtisadiyyatının qarşısında dayanan əsas strateji vəzifələrdən biri milli iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi və ölkənin malik olduğu təbii resurslardan daha səmərəli istifadə edilməsidir. Son illərdə bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı və digər sahələrdə mühüm istehsal və infrastruktur imkanları yaradılıb. İndi isə qarşıda duran yeni mərhələ həmin potensialın daha yüksək əlavə dəyər yaradan sahələrə yönəldilməsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunan müşavirə məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Dövlət başçısının çıxışında səsləndirilən fikirlər göstərir ki, qarşıdakı illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadi siyasətində yeni prioritetlərdən birinə çevriləcək. Söhbət təkcə yeraltı sərvətlərin hasilatının artırılmasından getmir. Əsas məqsəd mövcud resursların müasir texnologiyalar əsasında öyrənilməsi, hasilatı, zənginləşdirilməsi və emalı ilə vahid istehsal zəncirinin yaradılmasıdır.
Bu isə mahiyyət etibarilə Azərbaycanın xammal ixrac edən ölkədən yüksək əlavə dəyər yaradan sənaye istehsalçısına çevrilməsi istiqamətində həyata keçirilən siyasətin növbəti mühüm addımıdır.
İqtisadi inkişafın yeni dayağı
Azərbaycanın son iki onillikdə əldə etdiyi iqtisadi nailiyyətlər ilk növbədə güclü infrastruktur bazasının formalaşdırılması ilə bağlıdır. Ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, qazlaşdırmanın genişləndirilməsi, elektrik enerjisi istehsalında yeni güclərin yaradılması, avtomobil və dəmir yollarının, hava limanlarının, sosial obyektlərin inşası regionların iqtisadi inkişafı üçün geniş imkanlar yaradıb.
Bu gün həmin infrastruktur bazası yeni sənaye sahələrinin inkişafına xidmət edir. Dağ-mədən və metallurgiya sənayesinin qarşıdakı illərdə prioritet istiqamət kimi müəyyənləşdirilməsi də təsadüfi deyil. Çünki Azərbaycanın müxtəlif bölgələri, xüsusilə işğaldan azad edilmiş ərazilər zəngin mineral-xammal ehtiyatlarına malikdir.
Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, uzun illər ərzində bir sıra perspektivli yataqların tam öyrənilməsi və istismarı mümkün olmayıb. Bunun səbəbləri sırasında sovet dövründə geoloji kəşfiyyat işlərinin məhdud xarakter daşıması, sonrakı mərhələdə isə Azərbaycanın ərazilərinin işğal altında olması mühüm yer tutur.
Bu gün yaranmış yeni reallıq həmin yataqların yenidən araşdırılmasına və ölkənin mineral-xammal potensialının müasir üsullarla qiymətləndirilməsinə imkan verir.
Qarabağ və Şərqi Zəngəzurun sənaye potensialı
İşğaldan azad edilmiş ərazilərin bərpası yalnız şəhər və kəndlərin yenidən qurulması, nəqliyyat və sosial infrastrukturun yaradılması ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının üzə çıxarılması da qarşıda duran əsas vəzifələrdəndir.
Bu baxımdan Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqları xüsusi əhəmiyyət daşıyır. Artıq Ağdərədə müvafiq işlərə başlanılıb. Növbəti mərhələdə Kəlbəcər və Zəngilanda da mövcud yataqların istismara cəlb olunması nəzərdə tutulur.
Lakin burada əsas məsələ yalnız mövcud yataqların istismarı deyil. Müasir geoloji kəşfiyyat üsullarından istifadə etməklə ehtiyatların yenidən qiymətləndirilməsi və yeni yataqların aşkar olunması da Dövlət Proqramının mühüm istiqamətlərindəndir.
Müasir texnologiyaların imkanları əvvəlki dövrlərlə müqayisədə tamamilə fərqli nəticələr əldə etməyə şərait yaradır. Vaxtilə aparılmış kəşfiyyat işlərinin nəticələrinin yeni metodlarla təhlili yerin təkindəki resursların daha dəqiq müəyyənləşdirilməsinə imkan verəcək.
Bu prosesin Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi nəzərdə tutulur. Muxtar respublikanın mineral-xammal potensialının araşdırılması üçün geoloji kəşfiyyat işlərinin genişləndirilməsi gələcəkdə burada yeni sənaye layihələrinin meydana çıxmasına zəmin yarada bilər.

“Filizçay” və yeni investisiya imkanları
Dağ-mədən sənayesinin inkişafında Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağı da xüsusi yer tutur. Avropanın perspektivli yataqlarından biri hesab edilən bu yatağın istismara hazırlanması istiqamətində “AzerGold” tərəfindən işlər aparılır.
Növbəti mərhələdə yatağın texniki-iqtisadi əsaslandırmasının hazırlanması və investisiya qərarının qəbul edilməsi gözlənilir. Yatağın dövlət nəzarətində saxlanılması, eyni zamanda gələcəkdə xarici investorların müəyyən payla prosesə cəlb olunması imkanının nəzərdən keçirilməsi Azərbaycanın bu sahədə çevik investisiya siyasəti yürütmək niyyətini göstərir.
Ümumiyyətlə, yeni Dövlət Proqramında dövlət sektorunun imkanları ilə yanaşı, özəl və xarici kapitalın cəlb edilməsinə də geniş imkan yaradılır. Bu, həm sahənin maliyyə yükünün bölüşdürülməsi, həm də müasir texnologiyaların və idarəetmə təcrübəsinin tətbiqi baxımından əhəmiyyətlidir.
Xammaldan son məhsuladək
Azərbaycanın dağ-mədən sənayesinin inkişafında ən mühüm məsələlərdən biri hasil edilmiş filizin xammal kimi ixrac edilməməsi, mümkün qədər ölkə daxilində emal olunmasıdır.
Bu yanaşma əlavə dəyərin Azərbaycanda qalmasına, yeni müəssisələrin yaradılmasına və sənaye kooperasiyasının genişlənməsinə imkan verəcək. Yəni söhbət yalnız mədənlərin fəaliyyətə başlamasından deyil, mədən ətrafında bütöv sənaye ekosisteminin yaradılmasından gedir.
Qərb Sənaye Parkının yaradılması bu strategiyanın konkret nümunəsidir. Parkın əsas məqsədlərindən biri Daşkəsən filiz yatağının və ətraf ərazilərdə həyata keçiriləcək digər layihələrin vahid sənaye zəncirində birləşdirilməsidir.
Burada filiz hasilatı ilə yanaşı, zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalı üzrə müəssisələrin yaradılması nəzərdə tutulur. Bununla da hasilatdan sonrakı mərhələlər Azərbaycanda həyata keçiriləcək və məhsulun əlavə dəyəri ölkə daxilində formalaşacaq.
Belə bir istehsal zəncirinin qurulması nəqliyyat infrastrukturuna olan tələbi də artırır. Bu səbəbdən layihələrin iqtisadi səmərəliliyinin təmin edilməsi üçün daşınma tariflərinin optimallaşdırılması məsələsi də diqqətdə saxlanılır.
İqtisadi səmərə və ekoloji məsuliyyət
Təbii ehtiyatların iqtisadi dövriyyəyə cəlb olunması heç bir halda ətraf mühitin qorunması tələblərini arxa plana keçirə bilməz. Əksinə, yeni sənaye layihələrinin reallaşdırılması zamanı ekoloji təhlükəsizliyin təmin olunması əsas şərtlərdən biri kimi müəyyənləşdirilir.
Dağ-mədən fəaliyyəti böyük iqtisadi imkanlarla yanaşı, ətraf mühitə təsirlərin minimuma endirilməsini tələb edən sahədir. Buna görə də layihələrin icrasında müasir ekoloji standartların tətbiqi, ekspertizaların yüksək səviyyədə aparılması və təbiətin qorunması prioritet olaraq qalır.
Bu yanaşma Azərbaycanın təbii sərvətlərdən istifadəyə münasibətinin əsas prinsiplərindən birini ifadə edir: yeraltı sərvətlərin iqtisadi potensialından yararlanmaqla yanaşı, yerüstü sərvətlərin, xüsusilə təbiətin qorunması təmin edilməlidir.
Metallurgiya sənayesində yeni hədəflər
Dövlət Proqramının digər mühüm istiqaməti metallurgiya sənayesinin inkişafıdır. Bu sahədə alüminium istehsalının genişləndirilməsi və 2030-cu ilin sonunadək istehsal həcminin 100 min tona çatdırılması qarşıya məqsəd qoyulur.
Yeni zavodların yaradılması ilə istehsal imkanlarının artırılması daxili tələbatın ödənilməsi ilə yanaşı, Azərbaycanın ixrac potensialının genişləndirilməsinə də xidmət edə bilər.
Metallurgiyanın inkişafı eyni zamanda digər sənaye sahələrinin inkişafına da təkan verir. Çünki metal məhsulları maşınqayırma, tikinti, nəqliyyat, energetika və digər istiqamətlər üçün mühüm xammal bazasıdır. Buna görə metallurgiya sahəsində istehsal imkanlarının genişlənməsi iqtisadiyyatın müxtəlif sektorlarında əlavə sənaye əlaqələrinin yaranmasına səbəb ola bilər.
Yeni iş yerləri, yeni ixrac imkanları
Dövlət Proqramının iqtisadi əhəmiyyəti yalnız istehsal göstəriciləri ilə ölçülmür. Layihələrin həyata keçirilməsi regionlarda məşğulluğun artırılması və sosial-iqtisadi fəallığın yüksəldilməsi baxımından da mühüm nəticələr vəd edir.
İlkin hesablamalara əsasən, proqram çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması həmin ərazilərin iqtisadi reinteqrasiyasını sürətləndirə bilər.
Bununla yanaşı, yeni istehsal sahələrinin yaradılması dövlət büdcəsinə vergi daxilolmalarının artmasına, ixrac imkanlarının genişlənməsinə və ölkəyə əlavə valyuta gəlirlərinin daxil olmasına şərait yaradacaq.
Gözləntilərə görə, layihələrin gələcək maliyyə təsiri milyardlarla manat səviyyəsində ölçülə bilər. Bu isə dağ-mədən və metallurgiya sənayesinin Azərbaycanın qeyri-neft iqtisadiyyatında yeni və əhəmiyyətli gəlir mənbəyinə çevrilməsi potensialını göstərir.
Qarşıdakı dörd il üçün konkret fəaliyyət proqramı
2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın iqtisadi inkişaf strategiyasında yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər. Burada əsas məqsəd təbii sərvətlərin sadəcə hasilatı deyil, onların ölkə daxilində emalını təmin etməklə yüksək əlavə dəyər yaratmaqdır.
Bu məqsədə çatmaq üçün geoloji kəşfiyyatın genişləndirilməsi, mövcud yataqların müasir üsullarla qiymətləndirilməsi, yeni mədənlərin istismara hazırlanması, emal müəssisələrinin yaradılması, metallurgiya istehsalının artırılması, investisiyaların cəlb edilməsi və ekoloji təhlükəsizliyin təmin olunması kimi bir-biri ilə əlaqəli tədbirlər həyata keçiriləcək.
Beləliklə, Azərbaycanın qarşısında yeni sənaye xəritəsinin formalaşdırılması vəzifəsi dayanır. Bu xəritədə Qarabağ və Şərqi Zəngəzur, Daşkəsən, Balakən, Naxçıvan və digər regionlar mühüm istehsal məkanlarına çevrilə bilər.
Ən başlıcası isə yeni yanaşma Azərbaycanın təbii sərvətlərinin ölkənin iqtisadi gücünə daha böyük töhfə verməsinə imkan yaradacaq. Yeraltı sərvətlərin müasir texnologiyalarla öyrənilməsi, hasilatı və emalı nəticəsində formalaşacaq yeni sənaye zənciri qeyri-neft sektorunun möhkəmləndirilməsinə, regionların inkişafına, məşğulluğun artırılmasına və ixrac imkanlarının genişlənməsinə xidmət edəcək.
2027–2030-cu illər üçün nəzərdə tutulan Dövlət Proqramı məhz bu baxımdan yalnız ayrı-ayrı mədən və zavodların yaradılması layihəsi deyil, Azərbaycanın sənaye potensialının yeni mərhələyə çıxarılmasına hesablanmış kompleks iqtisadi inkişaf proqramıdır
Məlahət İbrahimqızı
Milli Məclisin deputatı
