Azərbaycanın dövlətçilik tarixində elə əlamətdar günlər var ki, onların əhəmiyyəti yalnız bu günlə məhdudlaşmır, gələcək nəsillərin yaddaşında da daim yaşayır. 20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın tarixində məhz belə mühüm və qürurverici günlərdən biridir. Bu əlamətdar tarix Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasının rəmzi kimi xüsusi məna daşıyır.
Azərbaycan xalqı uzun illər ərzində torpaqlarımızın işğaldan azad olunacağına, ərazi bütövlüyümüzün bərpa ediləcəyinə böyük inam bəsləyib. Bu məqsəd uğrunda xalqımızın iradəsi, dövlətimizin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun gücü mühüm rol oynayıb.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində yeni bir səhifə açdı. Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq, şücaət və peşəkarlıq nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 44 gün davam edən müharibə Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı və xalqımızın milli qürurunu daha da yüksəltdi.
Lakin Azərbaycanın qarşısında duran tarixi məqsədin tam həyata keçirilməsi üçün daha bir mühüm mərhələ qarşıda idi. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpası təmin edildi. Sentyabrın 20-də əldə olunan nəticə Azərbaycanın bütün ərazisində konstitusiya quruluşunun və dövlət idarəçiliyinin bərpası baxımından mühüm tarixi hadisəyə çevrildi.
Bu tarixi hadisə Azərbaycan dövlətçiliyinin möhkəmliyini, xalqımızın milli iradəsini və dövlətimizin öz ərazi bütövlüyünü qorumaq əzmini bir daha nümayiş etdirdi. 20 Sentyabr artıq Azərbaycan xalqının yaddaşında milli birlik, dövlətçilik və suverenlik rəmzi kimi xüsusi yer tutur.
Bu Zəfərin arxasında böyük bir fədakarlıq və qəhrəmanlıq salnaməsi dayanır. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Qazilərimizin göstərdiyi şücaət və fədakarlıq isə Azərbaycan gəncliyi üçün Vətənə sədaqətin, cəsarətin və milli ruhun parlaq nümunəsidir.
Bu gün Azərbaycanın qarşısında yeni və daha böyük hədəflər dayanır. Qarabağ və Şərqi Zəngəzurun bərpası, şəhər və kəndlərimizin yenidən qurulması, müasir infrastrukturun yaradılması, insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsi və həmin ərazilərin dayanıqlı inkişafı dövlətimizin həyata keçirdiyi mühüm işlər sırasındadır.
Böyük Qayıdış prosesi yalnız insanların doğma torpaqlarına qayıtması deyil, eyni zamanda həmin ərazilərdə yeni həyatın, yeni imkanların və yeni inkişaf mərhələsinin formalaşması deməkdir. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycanın gələcəyə inamla addımladığının göstəricisidir.
Suveren Azərbaycan qarşısında duran əsas vəzifələrdən biri də əldə olunmuş tarixi Zəfəri davamlı inkişaf, güclü dövlətçilik və milli həmrəyliklə möhkəmləndirməkdir. Xüsusilə gənc nəslin Vətənə, dövlətə və milli dəyərlərə bağlı ruhda yetişməsi bu prosesdə mühüm əhəmiyyət daşıyır. Azərbaycan gəncliyi ölkəmizin gələcəyinin qurulmasında fəal iştirak etməli, dövlətimizin inkişafına öz bilik və bacarıqları ilə töhfə verməlidir.
20 Sentyabr – Dövlət Suverenliyi Günü bizə həm keçdiyimiz şərəfli yolu xatırladır, həm də gələcəyə daha böyük inamla baxmağa imkan verir. Bu tarix Azərbaycan xalqının birlik və həmrəyliyinin, dövlətçilik iradəsinin və müstəqillik əzminin təcəssümüdür.
Bu gün biz tarixi Zəfərimizin qürurunu yaşayarkən, qarşıdakı böyük hədəflərə də eyni əzm və birliklə yürüməliyik. Çünki güclü Azərbaycan yalnız keçmişdə qazandığı Zəfərlərlə deyil, gələcəyə yönəlmiş böyük quruculuq və inkişaf strategiyası ilə də öz adını tarixə yazır.
Suverenliyimiz əbədi, dövlətimiz daim güclü, xalqımız həmrəy, üçrəngli Bayrağımız isə hər zaman uca olsun!
20 Sentyabr – Dövlət Suverenliyi Günümüz mübarək!
Kənan Heydərli
Yeni Azərbaycan Partiyasının gənc üzvü,
Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvü
