Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən, “Yəhya Bakuvi” Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən mühüm məsələlərə toxunub. Dövlət başçısı çıxışında Türk dünyası və İslam aləmi arasında həmrəyliyin gücləndirilməsinin, sülh və əməkdaşlığın təşviqinin vacibliyini xüsusi vurğulayıb.
Prezident Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın əhəmiyyətindən danışıb. O bildirib ki, bu tədbirlərin eyni vaxtda keçirilməsi xüsusi rəmzi məna daşıyır. Seyid Yəhya Bakuvi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətlərdən biri kimi qeyd olunub. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin irsi Azərbaycan xalqının zəngin tarixi və mədəni irsinin göstəricisi kimi təqdim edilib.
Çıxışda Türk dünyası ilə Qafqaz arasında tarixi və coğrafi əlaqələrə də diqqət yetirilib. Azərbaycan həm Türk dünyasının, həm də Qafqazın bir hissəsi kimi bu iki məkan arasında mühüm əlaqələndirici rol oynayan ölkə kimi xarakterizə edilib. Müxtəlif ölkələrdən dini liderlərin Bakıda bir araya gəlməsi isə birlik, qarşılıqlı hörmət və əməkdaşlığın nümunəsi kimi qiymətləndirilib.

Cənab Prezident İslam həmrəyliyinin yalnız sözlə deyil, konkret fəaliyyətlərlə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində müxtəlif tədbirlərə ev sahibliyi etdiyi, 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi xatırladılıb. Bu tədbirin yalnız idman yarışı deyil, həm də müsəlman ölkələrinin birlik və həmrəyliyinin nümayişi kimi əhəmiyyət daşıdığı bildirilib. Həmçinin gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçirilməsinin əhəmiyyətinə toxunulub.
Cənab Prezident İlham Əliyev çıxışında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərindən də geniş bəhs edib. O, nümayəndə heyətinin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər edəcəyini qeyd edərək, qonaqların həm işğalın ağır nəticələri, həm də regionda aparılan genişmiqyaslı quruculuq işləri ilə tanış olacaqlarını bildirib.
Prezident Qarabağda dağıdılmış şəhər və kəndlərin yenidən qurulduğunu, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtdığını vurğulayıb. “Böyük Qayıdış” proqramının həyata keçirilməsi nəticəsində bölgədə həyatın yenidən canlandığı qeyd olunub.
Çıxışın mühüm məqamlarından biri də dini və mədəni irsin bərpası ilə bağlı olub. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə ilk bərpa olunan obyektlərdən biri Ağdam məscididir. Ümumilikdə dağıdılmış və ya zədələnmiş məscidlərin bərpası istiqamətində işlərin davam etdirildiyi vurğulanıb. Bu yanaşma Azərbaycanın milli-mənəvi dəyərlərə və dini irsə verdiyi əhəmiyyətin göstəricisi kimi təqdim olunub.
Ölkəmizin başçısı Azərbaycanın müharibədən sonra sülh gündəliyini seçib və regionda uzunmüddətli sabitliyin təmin olunmasını vacib hesab etdiyini diqqətə çatdırıb. Eyni zamanda, keçmiş münaqişənin nəticələrinin və insanların yaşadığı faciələrin unudulmamasının vacibliyi qeyd olunub.
Çıxışda “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sülh və dialoq baxımından əhəmiyyətindən də danışılıb. Bu mükafatın sülh gündəliyinə verilən dəstəyin göstəricisi olduğu bildirilib. Prezident Türk dünyasının və Qafqaz regionunun sülh şəraitində saxlanılması üçün dövlətlərin və cəmiyyətlərin birgə səylərinin vacibliyini vurğulayıb.
Dövlətimizin başçısı Türk dünyası, Qafqaz və İslam ölkələri arasında əməkdaşlığın və qarşılıqlı həmrəyliyin gücləndirilməsi həm regional sabitliyə, həm də beynəlxalq münasibətlərdə dialoqun inkişafına töhfə verdiyini vurğulayıb. Dini liderlərin isə sülh, qarşılıqlı hörmət, barışıq və əməkdaşlıq çağırışları ilə cəmiyyətlərə mühüm təsir göstərmək imkanına malik olduğu qeyd edilib.
Məlahət İbrahimqızı
Milli Məclisin deputatı
