Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin Qarabağ və Şərqi Zəngəzura səfəri ilə bağlı Ermənistan cəmiyyətinin ayrı-ayrı dairələri tərəfindən səsləndirilən ittihamlar və etirazlar təəssüf doğurmaqla yanaşı, qəbuledilməz xarakter daşıyır. Xarici diplomatların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində həyata keçirdikləri səfərin Ermənistan tərəfindən narazılıqla qarşılanması ilk növbədə Azərbaycanın suveren hüquqlarına hörmətsiz münasibətin göstəricisidir.
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və ölkənin suverenliyi beynəlxalq səviyyədə tanınmışdır. Bu baxımdan, diplomatik korpus üzvlərinin Azərbaycan ərazisində sərbəst hərəkət etməsinə etiraz edilməsi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanınması istiqamətində verdiyi bəyanatlarla uzlaşmır. Xarici diplomatların haraya səfər etməsi ilə bağlı təzyiq göstərilməsi Azərbaycanın daxili məsələlərinə müdaxilə cəhdi kimi qiymətləndirilməlidir.
Diplomatik nümayəndələrin Qarabağ və Şərqi Zəngəzura səfəri həm də onların təmsil etdikləri dövlətlərin Azərbaycanın ərazi bütövlüyünə münasibətini aydın şəkildə ortaya qoyur. Bu səfərə qarşı kampaniya aparılması isə Ermənistan cəmiyyətində hələ də mövcud olan revanşist və dözümsüz yanaşmaların göstəricisidir.
Ermənistan tərəfindən Azərbaycanın tarixi-mədəni irsinə münasibətdə nümayiş etdirilən ikili standartlar xüsusi narahatlıq doğurur. Bir tərəfdən Azərbaycan ərazisində yerləşən Gəncəsər və Xudavəng kimi tarixi abidələr yalnız erməni irsi kontekstində təqdim edilir, digər tərəfdən isə indiki Ermənistan ərazisində Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin tarixi və mədəni irsin mövcudluğu inkar olunur.
Tarixi faktların yalnız müəyyən hissəsinin seçilərək təqdim edilməsi obyektiv tarix anlayışına uyğun deyil. Azərbaycanın müxtəlif bölgələrində formalaşmış çoxqatlı mədəni irs regionun mürəkkəb tarixinin tərkib hissəsidir və onun siyasi məqsədlərlə təhrif edilməsi qəbuledilməzdir.
Eyni zamanda, Qafqaz Albaniyası irsinin Azərbaycan ərazisindəki tarixi mövcudluğunun şübhə altına alınması və ya tamamilə inkar edilməsi də elmi yanaşmadan uzaqdır. Bu irsin mənsubiyyətinə dair mübahisələrin siyasi və etnik qarşıdurma alətinə çevrilməsi regionun tarixi reallıqlarının təhrif edilməsinə xidmət edir.
Azərbaycan ərazisində yerləşən tarixi-mədəni abidələr dövlət tərəfindən qorunur və onların mühafizəsi Azərbaycanın üzərinə düşən məsuliyyət kimi qəbul edilir. Tarixi irsin etnik və siyasi qarşıdurma predmetinə çevrilməsi isə bölgədə qarşılıqlı etimadın formalaşmasına ciddi zərər vurur.
Ermənistanda revanşist yanaşmaların mövcudluğu yeni məsələ deyil. Bununla belə, son günlər müşahidə olunan informasiya kampaniyasının yalnız ayrı-ayrı müxalif qüvvələrin fəaliyyəti ilə izah edilməsi inandırıcı görünmür. Kampaniyanın bir sıra hakimiyyətə yaxın media resurslarında və platformalarda da geniş şəkildə yayılması onun siyasi dairələrin müəyyən hissəsi tərəfindən təşviq edildiyi barədə ciddi suallar yaradır.
Bu kontekstdə Ermənistan parlamentinin sədri Ruben Rubinyanın məsələyə münasibəti də xüsusi diqqət çəkir. Azərbaycanın daxili məsələlərinə dair bu tip açıqlamalar iki ölkə arasında sülh prosesinin ruhuna uyğun deyil. Ermənistanın siyasi rəhbərliyinin bir tərəfdən sülh gündəliyinə sadiqliyini bəyan etməsi, digər tərəfdən isə Azərbaycana qarşı revanşist ritorikanı gücləndirən mövqelərə yol verməsi ziddiyyətli təsir bağışlayır.
14 sentyabr tarixində Ermənistan parlamentində 2022-ci ilin sentyabrında baş vermiş sərhəd toqquşmalarında ölən hərbçilərin xatirəsinin yad edilməsi də bu baxımdan siyasi kontekstdən kənarda qiymətləndirilə bilməz. Belə addımların hansı mesajı daşıdığı və cəmiyyətə hansı siyasi-psixoloji təsiri göstərdiyi ciddi şəkildə nəzərdən keçirilməlidir.
Son hadisələr Ermənistanın sülh prosesinə münasibəti ilə bağlı müəyyən narahatlıqları yenidən gündəmə gətirir. Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmalar və sülh perspektivi fonunda revanşist çağırışların, tarixi mübahisələrin və qarşı tərəfə qarşı düşmənçilik ritorikasının yenidən ön plana çıxarılması müsbət tendensiya hesab edilə bilməz.
Ermənistanın sülh gündəliyinə yönəlməsi 2023-cü ildən sonra yaranmış yeni reallıqların nəticəsidir. Bu mərhələdə əsas məsələ keçmiş qarşıdurmanın ritorik üsullarla yenidən gündəmə gətirilməsi deyil, əldə olunmuş reallıqlar əsasında davamlı sülhün və qarşılıqlı münasibətlərin qurulmasıdır.
Ermənistan hakimiyyətinə yaxın resurslarda yayılan materiallar və siyasi açıqlamalar isə bu baxımdan müəyyən ziddiyyətli mesajlar formalaşdırır. Belə yanaşmalar sülh prosesinin möhkəmləndirilməsinə deyil, cəmiyyətlər arasında qarşılıqlı etimadsızlığın dərinləşməsinə xidmət edir.
Ermənistanın tarixə münasibətində ən ciddi problemlərdən biri də indiki Ermənistan ərazisində Azərbaycan xalqının tarixi mövcudluğunun və onun yaratdığı mədəni irsin sistemli şəkildə kölgədə saxlanılmasıdır.
Azərbaycanlıların əsrlər boyu yaşadığı yaşayış məntəqələri, qəbiristanlıqlar, məscidlər, tarixi tikililər və digər mədəniyyət nümunələri regionun keçmişinin mühüm hissəsini təşkil edir. Bu irsin bir qisminin dağıdılması, dəyişdirilməsi və ya tarixi mənsubiyyətinin inkar olunması nəticəsində həmin ərazilərin əvvəlki mədəni mənzərəsi ciddi şəkildə dəyişdirilib.
Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil.
Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır…”
Tarixi və mədəni irsin məhv edilməsi yalnız ayrı-ayrı abidələrin sıradan çıxarılması deyil, bütöv bir xalqın həmin ərazilərdəki tarixi izlərinin silinməsi deməkdir. Buna görə də mədəni irsin qorunması məsələsi siyasi qarşıdurmadan kənarda, beynəlxalq hüququn və universal mədəni dəyərlərin prinsipləri əsasında həll edilməlidir.
Nəticə etibarilə, diplomatik nümayəndələrin Qarabağ və Şərqi Zəngəzura səfərinə qarşı Ermənistan cəmiyyətində və siyasi dairələrdə müşahidə olunan reaksiyalar regionda hələ də mövcud olan revanşist düşüncənin aradan qalxmadığını göstərir. Davamlı sülh üçün tarixi faktların təhrifindən, mədəni irsin siyasiləşdirilməsindən və qarşı tərəfin suveren hüquqlarına müdaxilə edən ritorikadan imtina edilməlidir.
Məlahət İbrahimqızı
Milli Məclisin deputatı
