Müasir dünya siyasətində geosiyasi proseslərin sürətlə dəyişməsi dövlətləri yeni əməkdaşlıq imkanları axtarmağa, mövcud tərəfdaşlıqları daha da dərinləşdirməyə və beynəlxalq münasibətlər sistemində öz mövqelərini möhkəmləndirməyə sövq edir. Belə bir şəraitdə Azərbaycanın həyata keçirdiyi çoxşaxəli və praqmatik xarici siyasət xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm Qərb, həm Şərq, həm də Şimal və Cənub istiqamətlərində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quraraq özünü etibarlı tərəfdaş kimi təsdiqləyib.
Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bu siyasətin mühüm istiqamətlərindən biri Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrin inkişaf etdirilməsidir:
“Azərbaycanın ŞƏT platformasında iştirakı yalnız təşkilat çərçivəsində diplomatik münasibətlərlə məhdudlaşmır. Bu əməkdaşlıq Azərbaycanın Avrasiya məkanında nəqliyyat-logistika, enerji, ticarət, təhlükəsizlik və siyasi dialoq baxımından artan rolunun mühüm göstəricilərindən biridir.
Şanxay Əməkdaşlıq Təşkilatı geniş Avrasiya coğrafiyasını əhatə edən mühüm çoxtərəfli əməkdaşlıq platformalarından biridir. Təşkilatın gündəliyində təhlükəsizlik məsələləri ilə yanaşı, iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, rəqəmsal inkişaf, humanitar əlaqələr və regional sabitlik kimi istiqamətlər də mühüm yer tutur.
Azərbaycan 2016-cı ildən ŞƏT-in dialoq tərəfdaşı statusuna malikdir. Ötən müddət ərzində Bakı ilə təşkilat arasında münasibətlər tədricən inkişaf edib. ŞƏT-in baş katibi Nurlan Yermekbayev 2025-ci ildə Azərbaycan Prezidentinə ünvanladığı məktubda Azərbaycanın on ildən artıq müddətdə təşkilatın məqsəd və vəzifələrinə əhəmiyyətli töhfə verdiyini və Azərbaycan–ŞƏT əməkdaşlığının gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.
Bu fakt Azərbaycanın təşkilat üçün yalnız formal dialoq tərəfdaşı olmadığını, ŞƏT məkanında siyasi və iqtisadi proseslərə maraq göstərən, öz imkanlarını təklif edən və regional əməkdaşlıq gündəliyinə töhfə verən dövlət kimi qəbul edildiyini göstərir.

Azərbaycanın ŞƏT platformasında fəal iştirakının ən mühüm mərhələlərindən biri 2024-cü ildə Astanada keçirilən ŞƏT sammiti oldu. Prezident İlham Əliyevin həmin sammitdə iştirakı Azərbaycan–Çin münasibətlərində tarixi əhəmiyyət daşıyan hadisə ilə nəticələndi.
Məhz Astanada Prezident İlham Əliyev və Çin Prezidenti Si Cinpin Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə imzaladılar. Sözsüz ki, bu sənəd iki ölkə münasibətlərində yeni səhifə açdı.
Təbii ki, bu hadisənin ŞƏT platformasında baş verməsi təsadüfi deyildi. Əksinə, ŞƏT-in yaratdığı çoxtərəfli diplomatik mühit Azərbaycan ilə Çin arasında siyasi dialoqun daha da dərinləşdirilməsi üçün əlverişli imkan yaratdı.
Beləliklə, Astanadakı görüş və imzalanan sənəd Azərbaycanın ŞƏT məkanında artan diplomatik fəallığının nəticələrindən biri kimi qiymətləndirilə bilər. 2024-cü ildə Astanada strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan–Çin münasibətləri 2025-ci ildə daha yüksək mərhələyə keçdi. Prezident İlham Əliyevin 2025-ci ilin aprelində Çinə dövlət səfəri zamanı Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat imzalandı. Sənəddə iki ölkənin siyasi, iqtisadi, nəqliyyat, enerji, investisiya və digər sahələrdə əməkdaşlığının daha da genişləndirilməsi nəzərdə tutulur. Bu sənədin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan–Çin münasibətləri artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, daha geniş Avrasiya geosiyasi və iqtisadi məkanının tərkib hissəsi kimi nəzərdən keçirilir. Çin tərəfi Azərbaycanın ŞƏT-də hüquqi statusunun yüksəldilməsini dəstəklədiyini bəyan edib. Eyni sənəddə Azərbaycan Çinin ŞƏT sədrliyini dəstəklədiyini və təşkilatın tədbirlərində fəal iştirak etməyə hazır olduğunu bildirib”.
Məlahət İbrahimqızı hesab edir ki, Azərbaycan Prezidentinin ŞƏT platformasında fəal iştirakının ən mühüm son nümunələrindən biri 2025-ci ilin sentyabrında Çinin Tiançin şəhərində keçirilən ŞƏT Plus toplantısı oldu:
“Prezident İlham Əliyev toplantıda çıxış edərək Çin sədrliyinin fəaliyyətini yüksək qiymətləndirdi və Azərbaycanın Çin ilə münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğuladı.
Bu iştirak Azərbaycanın ŞƏT məkanında siyasi görünürlüğünün artdığını göstərməklə yanaşı, Prezident İlham Əliyevin qlobal və regional məsələlərlə bağlı mövqelərinin geniş beynəlxalq auditoriyaya çatdırılması baxımından da əhəmiyyətli idi.
Daha önəmlisi, həmin səfər çərçivəsində Prezident İlham Əliyev Çin Prezidenti Si Cinpinlə görüş keçirdi. Görüşdə Azərbaycanın ŞƏT ilə əlaqələrinin genişləndirilməsi, “Bir kəmər, bir yol” təşəbbüsü, Orta Dəhliz, enerji və rəqəmsal iqtisadiyyat kimi məsələlər müzakirə edildi. Çin Prezidenti Azərbaycanın ŞƏT ilə əlaqələrinin genişləndirilməsini dəstəklədiyini xüsusi olaraq qeyd etdi”.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın ŞƏT məkanında əhəmiyyətini artıran əsas amillərdən biri onun əlverişli coğrafi mövqeyidir:
“Çin ilə Avropa arasında yükdaşımaların alternativ və daha səmərəli marşrutlar üzrə təşkil olunması fonunda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yaxud daha geniş tanınan adı ilə Orta Dəhliz xüsusi əhəmiyyət qazanır. Bu marşrut Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi üzərindən Azərbaycan ərazisinə, daha sonra Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxış imkanı yaradır. Azərbaycan burada sadəcə tranzit ölkə rolunda çıxış etmir. Ölkə son illərdə dəmir yolları, avtomobil yolları, liman infrastrukturu və logistika mərkəzlərinə böyük investisiyalar yatıraraq özünü regional nəqliyyat qovşağına çevirib.
2025-ci ildə Prezident İlham Əliyevin Si Cinpinlə görüşündə də Orta Dəhliz vasitəsilə Çin yüklərinin Azərbaycan ərazisindən daşınmasının artması xüsusi vurğulanıb. Çin rəhbəri bu marşrutun əhəmiyyətini qeyd edib.
Azərbaycanın ŞƏT ölkələri ilə münasibətlərində enerji sahəsi də mühüm istiqamətlərdən biridir. Ölkəmiz uzun illər ərzində enerji resurslarının beynəlxalq bazarlara çatdırılması sahəsində böyük təcrübə qazanıb. Bununla yanaşı, ölkə son dövrdə yaşıl enerji və bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir. Azərbaycan və Çin arasında 2025-ci ildə imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sənədində bərpa olunan enerji, yaşıl inkişaf və enerji keçidi üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu istiqamət Azərbaycanın xarici siyasətində yeni tendensiyanı – ənənəvi enerji diplomatiyasından yaşıl enerji diplomatiyasına keçidi də göstərir.
ŞƏT məkanında böyük enerji istehsalçıları və istehlakçıları arasında əlaqələrin mövcudluğu Azərbaycanın enerji sahəsində əməkdaşlıq imkanlarını daha da genişləndirə bilər. sözsüz ki, Azərbaycanın ŞƏT ölkələri ilə əməkdaşlığının iqtisadi ölçüsü də getdikcə böyüyür.
Bu göstəricilər Azərbaycanın ŞƏT platformasına marağının yalnız siyasi xarakter daşımadığını göstərir. Burada konkret iqtisadi maraqlar, yeni bazarlara çıxış, investisiya cəlbi və nəqliyyat imkanlarının genişləndirilməsi kimi məsələlər də mühüm rol oynayır. Prezident İlham Əliyevin ŞƏT platformasındakı fəallığını Azərbaycanın ümumi xarici siyasət kursundan ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycan bir tərəfdən Avropa İttifaqı, Türkiyə və digər Qərb tərəfdaşları ilə münasibətlərini inkişaf etdirir, digər tərəfdən Çin, Mərkəzi Asiya və digər Asiya ölkələri ilə əlaqələrini genişləndirir.
Bu siyasətin əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan milli maraqlara əsaslanan müstəqil və praqmatik əməkdaşlıq siyasəti yürüdür. Məhz ŞƏT platformasında iştirak da bu yanaşmanın tərkib hissəsidir.
Azərbaycan üçün ŞƏT Qərbə alternativ kimi deyil, Avrasiya məkanında yeni iqtisadi və siyasi əlaqələrin qurulması üçün əlavə imkan yaradan platforma kimi əhəmiyyət daşıyır.
ŞƏT-in gündəliyində təhlükəsizlik və regional sabitlik məsələləri mühüm yer tutur. Azərbaycan da uzun müddətdir regional sülhün, təhlükəsizliyin və nəqliyyat əlaqələrinin inkişafının tərəfdarı kimi çıxış edir.
Beləliklə, ŞƏT Azərbaycanın təkcə iqtisadi deyil, həm də siyasi-diplomatik əlaqələrini genişləndirdiyi platformalardan biri kimi çıxış edir”.
