Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycan üçün mühüm siyasi və diplomatik platformalardan birinə çevrilib. Azərbaycanın təşkilat çərçivəsində dialoq tərəfdaşı statusu əldə etməsi və Prezident İlham Əliyevin yüksək səviyyəli tədbirlərə ardıcıl olaraq dəvət olunması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun göstəricilərindəndir.
Bunu Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Aqil Məmmədov deyib.
O qeyd edib ki, dövlətimizin başçısının 2022-ci ildə Səmərqənddə, 2024-cü ildə Astanada, 2025-ci ildə Tiencində keçirilən ŞƏT tədbirlərində iştirakı Azərbaycanın bu təşkilatla münasibətlərinin davamlı xarakter daşıdığını nümayiş etdirir:
“ŞƏT-in siyasi coğrafiyası Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Təşkilat çərçivəsində Çin, Rusiya, Hindistan, İran, Pakistan və Mərkəzi Asiya ölkələri kimi böyük siyasi, iqtisadi və strateji potensiala malik dövlətlər təmsil olunur. Azərbaycan bu ölkələrin hər biri ilə ikitərəfli münasibətlərini inkişaf etdirir və həmin əlaqələrin mühüm hissəsini siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik məsələləri təşkil edir. ŞƏT formatı isə bu münasibətləri daha geniş çoxtərəfli müstəvidə təqdim etməyə, Azərbaycanın mövqeyini müxtəlif beynəlxalq auditoriyalara çatdırmağa və regional təşəbbüsləri daha geniş siyasi çərçivədə gündəmə gətirməyə imkan yaradır.
Azərbaycanın ŞƏT siyasətinin əsas xüsusiyyətlərindən biri təşkilata yalnız ayrıca beynəlxalq platforma kimi yanaşmamasıdır. Bu format Bakı üçün müxtəlif geosiyasi mərkəzlərlə dialoqun genişləndirilməsi, qarşılıqlı maraqların uzlaşdırılması və milli prioritetlərin beynəlxalq səviyyədə ifadəsi baxımından əlverişli imkanlar yaradır. Terrorizm, ekstremizm və separatçılığa qarşı mübarizə, regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq kimi məsələlər Azərbaycanın ŞƏT ilə əməkdaşlığının mühüm istiqamətlərini təşkil edir”.

Şura sədri bildirib ki, 2024-cü ilin iyulunda Astanada keçirilmiş “ŞƏT plyus” formatlı görüş bu baxımdan xüsusi əhəmiyyət daşıyır:
“Tədbirdə 16 ölkənin dövlət və hökumət başçısının iştirakı Azərbaycanın bu platformada artan diplomatik çəkisini nümayiş etdirən amillərdən biri oldu. Prezident İlham Əliyevin həmin toplantıya dəvət edilməsi Azərbaycanın regional və qlobal məsələlər üzrə mövqeyinə beynəlxalq səviyyədə göstərilən diqqətin ifadəsi kimi qiymətləndirilə bilər.
Sözsüz ki, Orta Dəhliz məsələsi Azərbaycanın ŞƏT platformasındakı diplomatik gündəliyində də xüsusi yer tutur. Bakı bu layihəni yalnız tranzit daşımaların həyata keçirildiyi marşrut kimi deyil, ölkənin uzunmüddətli geoiqtisadi mövqeyini gücləndirən strateji infrastruktur kimi qiymətləndirir. Azərbaycanın əsas məqsədlərindən biri Şərqlə Qərb arasında yerləşən əlverişli coğrafi mövqeyini davamlı iqtisadi üstünlüyə və siyasi təsir imkanlarına çevirməkdir.
Bu strategiyanın reallaşdırılmasında Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri mühüm rol oynayır. Sözügedən layihələr Azərbaycanın regional logistika sistemində mövqeyini möhkəmləndirməklə yanaşı, ölkənin müxtəlif geosiyasi və iqtisadi mərkəzlər arasında əlaqələndirici rolunu da artırır. Beləliklə, nəqliyyat infrastrukturu Azərbaycanın xarici siyasətində yalnız iqtisadi deyil, həm də strateji və diplomatik alət funksiyasını yerinə yetirir.
Azərbaycanın ŞƏT çərçivəsində fəaliyyətinin digər mühüm istiqaməti regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətləridir. Bakı regional sülh gündəliyini beynəlxalq platformalarda ardıcıl şəkildə diqqətdə saxlayır və sülh prosesinin yalnız siyasi razılaşmalarla məhdudlaşmayan, eyni zamanda iqtisadi və nəqliyyat əlaqələrinin inkişafını nəzərdə tutan praktik əməkdaşlıq modeli əsasında qurulmasına çalışır”.
Aqil Məmmədov vurğulayıb ki, 2026-cı il avqustun 31-də Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri və Bişkekdə keçirdiyi görüşlər bu diplomatik xəttin növbəti mərhələsidir:
“Səfər çərçivəsində aparılan siyasi dialoq Azərbaycanın ŞƏT məkanında regional təhlükəsizlik, sabitlik və əməkdaşlıq məsələlərinə fəal münasibətini bir daha nümayiş etdirdi. Bu yanaşma Azərbaycanın təşkilat çərçivəsində yalnız mövcud gündəliklə kifayətlənmədiyini, eyni zamanda regional proseslərə dair öz baxışlarını və təşəbbüslərini irəli sürdüyünü göstərir.
Azərbaycanın ŞƏT diplomatiyasının iqtisadi dayaqlarından biri məhz nəqliyyat və logistika əməkdaşlığıdır. Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa arasında yük və ticarət əlaqələrinin genişləndirilməsi Azərbaycanın tranzit potensialının daha səmərəli istifadəsinə şərait yaradır. Bu proses ölkənin regional iqtisadi sistemdə rolunu artırmaqla yanaşı, Azərbaycanın geosiyasi əhəmiyyətini də möhkəmləndirir. Bütün bunlar isə Azərbaycanın həyata keçirdiyi uğurlu diplomatiyanın nəticəsi kimi ortaya çıxır”.
