1990-cı il Azərbaycanın milli dövlətçilik tarixində yeni siyasi mərhələnin əsasını qoyan hadisələrlə yadda qaldı. Ulu öndər Heydər Əliyevin həmin il iyulun 20-də Bakıya qayıtması, iyulun 22-də isə Naxçıvana getməsi ölkənin gələcək siyasi inkişafında mühüm rol oynadı. Sentyabrın 30-da Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçilməsi isə onun siyasi fəaliyyətinin daha geniş miqyasda davam etdirilməsinə imkan verdi.
Bunu Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Aqil Məmmədov deyib.
O qeyd edib ki, ulu öndər Heydər Əliyev bu dövrdən etibarən milli maraqların qorunmasını, dövlətçilik ənənələrinin yaşadılmasını və Azərbaycanın müstəqilliyə doğru istiqamətlənməsini siyasi fəaliyyətinin əsas məqsədlərindən birinə çevirdi:
“Naxçıvan həmin illərdə milli iradənin siyasi qərarlarda özünü göstərdiyi mühüm mərkəzlərdən biri idi. 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar qəbul olundu. Bununla yanaşı, Azərbaycan Respublikasının ali qanunverici orqanına milli tarixi ənənələrə uyğun dövlət rəmzlərinin müəyyənləşdirilməsi, bayraq, gerb və himnin qəbul edilməsi təklif edildi. Bu təşəbbüs Azərbaycanın dövlətçilik tarixinin davamlılığı baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Həmin sessiyada Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin çıxarılması və Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması barədə qərarlar da qəbul edildi. Bu dəyişikliklər yalnız terminoloji xarakter daşımırdı. Onlar mövcud sovet siyasi sistemindən fərqli milli idarəçilik modelinin formalaşdırılmasına yönəlmiş siyasi iradənin ifadəsi idi.
Naxçıvanın milli mövqeyi 20 Yanvar faciəsinə münasibətdə də aydın şəkildə ortaya qoyuldu. 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi faciəyə siyasi qiymət verdi. Qəbul olunmuş sənəddə 20 Yanvar qırğınının baş verməsində SSRİ rəhbərliyinin, eləcə də həmin dövrdə Azərbaycan rəhbərliyində olan şəxslərin məsuliyyəti qeyd edildi. Beləliklə, faciənin səbəblərinə və məsuliyyət daşıyan qüvvələrə açıq siyasi münasibət bildirildi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın gələcək taleyi ilə bağlı mövqeyi 1991-ci ilin əvvəlində də özünü göstərdi. Fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında çıxış edən ulu öndər ölkədəki mürəkkəb siyasi vəziyyəti təhlil etdi, keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin yaratdığı təhlükələrə diqqət çəkdi və dövlət rəhbərliyinin buraxdığı səhvlərin aradan qaldırılmasının vacibliyini vurğuladı. Onun çıxışında Azərbaycanın ərazi bütövlüyünün qorunması, milli həmrəyliyin təmin edilməsi və mövcud problemlərə qarşı daha qətiyyətli mövqe nümayiş etdirilməsi əsas istiqamətlər kimi önə çəkildi.
Həmin sessiyada ölkənin rəsmi adı Azərbaycan Respublikası kimi müəyyənləşdirildi və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı statusu qazandı. Bu qərarlar milli dövlətçilik irsinin bərpası istiqamətində mühüm addımlar olmaqla, Azərbaycanın müstəqillik ideyasının ictimai-siyasi müstəvidə daha da möhkəmlənməsinə şərait yaratdı”.
Şura sədri bildirib ki, 1991-ci ilin avqustunda Azərbaycanın müstəqilliyə gedən yolunda daha mühüm hadisələr baş verdi:
“Avqustun 26-dan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və onun strukturları ləğv edildi. Avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında ulu öndər Heydər Əliyev dövlət müstəqilliyinin elan olunması təşəbbüsünü irəli sürdü. Sessiyanın nəticəsi olaraq “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Bu sənəd oktyabrın 18-də qəbul olunan “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” üçün mühüm siyasi-hüquqi əsas yaratdı.
1991-ci il sentyabrın 3-də ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi onun Naxçıvandakı siyasi fəaliyyətinin daha geniş imkanlarla davam etdirilməsinə səbəb oldu. O, qanunvericiliyə əsasən Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini vəzifəsini də daşıyırdı. Bu dövrdə Naxçıvanın təhlükəsizliyinin təmin olunması xüsusi diqqət mərkəzində idi. Muxtar Respublika Dövlət Müdafiə Komitəsinin yaradılması, hərbi texnika və silahların Naxçıvanda saxlanılmasına dair qərarların qəbul edilməsi müdafiə imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıdı.
1991–1993-cü illər Naxçıvanın Azərbaycan dövlətçilik tarixində xüsusi mövqeyə yüksəldiyi dövr kimi xarakterizə oluna bilər. Burada qəbul edilən qərarlar milli dövlətçilik ideyasının praktik müstəvidə həyata keçirilməsinə imkan verdi. Müstəqilliyin əldə olunması ilə yanaşı, onun siyasi, hüquqi və institusional baxımdan qorunması məsələsi də gündəmə gəldi. Bu baxımdan Naxçıvan təcrübəsi Azərbaycanın sonrakı dövlət quruculuğu prosesində mühüm siyasi baza rolunu oynadı”.
Aqil Məmmədov vurğulayıb ki, 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktı Azərbaycan dövlət müstəqilliyinin hüquqi əsasını rəsmiləşdirdi:
“Sənəddə 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlətçilik ənənələrinə hüquqi varislik təsbit edildi. Bununla Azərbaycan müstəqil dövlət kimi öz siyasi və iqtisadi quruluşunun əsaslarını müəyyənləşdirmək imkanı qazandı.
Lakin müstəqilliyin ilk illəri ölkə üçün olduqca ağır sınaqlarla müşayiət olundu. Siyasi hakimiyyət uğrunda mübarizə, idarəçilikdəki ciddi problemlər, iqtisadi çətinliklər, daxili qarşıdurmalar və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dövlət müstəqilliyinin gələcəyini təhlükə altında saxlayırdı. Müstəqilliyin hüquqi baxımdan əldə edilməsi onun real və dayanıqlı dövlətçilik mexanizmləri ilə möhkəmləndirilməsini zəruri edirdi.
Belə bir şəraitdə milli siyasi qüvvələrin vahid məqsəd ətrafında təşkilatlanması məsələsi aktuallaşdı. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi və ümummilli lider Heydər Əliyevin partiyanın sədri seçilməsi bu baxımdan əlamətdar hadisə oldu. Ulu öndərin uzunmüddətli siyasi təcrübəsi, dövlət idarəçiliyi sahəsindəki fəaliyyəti və cəmiyyətin müxtəlif təbəqələrində qazandığı nüfuz yeni siyasi təşkilatın ətrafında geniş ictimai dəstəyin formalaşmasına imkan verdi. Sonrakı illərdə YAP Azərbaycanın aparıcı siyasi qüvvələrindən birinə çevrildi.
1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıtması müstəqil Azərbaycanın tarixində həlledici mərhələ yaratdı. Ölkədə siyasi sabitliyin bərpası, dövlət idarəçiliyinin gücləndirilməsi, iqtisadiyyatın yenidən qurulması və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi qarşıda duran əsas vəzifələr idi. Bu istiqamətlər üzrə həyata keçirilən ardıcıl siyasət dövlət institutlarının fəaliyyətinin sabitləşməsinə və müstəqilliyin daha etibarlı əsaslara söykənməsinə şərait yaratdı.
Dövlət quruculuğu ilə yanaşı, demokratik institutların inkişafına da xüsusi diqqət yetirildi. İnsan hüquq və azadlıqlarının müdafiəsi, hüquqi dövlət prinsiplərinin tətbiqi, vətəndaş cəmiyyətinin inkişafı, söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində mühüm islahatlar həyata keçirildi. Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı cəmiyyətində tarixən formalaşmış tolerantlıq ənənələrinin qorunması da dövlət siyasətinin mühüm istiqamətlərindən biri oldu.
Bu dəyişikliklərin hüquqi və siyasi çərçivəsi 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirildi. Konstitusiya müstəqil Azərbaycanın dövlət quruluşunun əsas prinsiplərini təsbit etməklə yanaşı, hakimiyyət bölgüsünü, vətəndaşların hüquq və azadlıqlarını, dövlət-vətəndaş münasibətlərinin başlıca müddəalarını müəyyən etdi. Bununla ölkədə hüquqi dövlət və demokratik idarəçilik üçün möhkəm konstitusion baza formalaşdırıldı.
Sözsüz ki, ulu öndər Heydər Əliyevin siyasi irsi Azərbaycanın müstəqillik tarixində yalnız müəyyən bir dövrün hadisələri ilə məhdudlaşmır. Onun Naxçıvanda həyata keçirdiyi siyasi təşəbbüslər milli dövlətçilik ideyasının möhkəmlənməsinə, dövlət rəmzlərinin bərpasına və müstəqillik istiqamətində konkret addımların atılmasına mühüm təsir göstərdi. 1993-cü ildən sonra isə bu siyasi xətt dövlət idarəçiliyinin yenidən qurulması, ictimai-siyasi sabitliyin təmin edilməsi və demokratik təsisatların inkişafı ilə davam etdirildi. Beləliklə, 1990–1995-ci illəri əhatə edən tarixi mərhələ Azərbaycanın müstəqil dövlət kimi formalaşmasının əsas siyasi və hüquqi dayaqlarının yaradıldığı dövr oldu. Naxçıvanda başlayan milli dövlətçilik təşəbbüsləri müstəqilliyin bərpası prosesinə mühüm təkan verdi, sonrakı mərhələdə isə dövlət quruculuğu siyasəti həmin nailiyyətlərin qorunmasına və inkişaf etdirilməsinə imkan yaratdı”.
